Əlaqə Arxiv
news Image
2016.12.28
09:30
| A A A
İqtisadi yüksəlişin yeni mərhələsi başlanacaq
Natiq Cəfərli: “Növbəti illərdə bu istiqamətlər üzrə nəzərdə tutulmuş vəzifələr, işlər vaxtında və düzgün yerinə yetiriləcəksə, müəyyən artımları gözləmək olar” Yaşar Əsədov: “Cari ildə kənd təsərrüfatı məhsullarının istehsalında müəyyən artımlar baş verib”

2016-ci il sona çatmaq üzrədir. Bu il dünya iqtisadiyyatı üçün ağır il kimi tarixdə qaldı. Çətinlik Azərbaycan iqtisadiyyatında da hiss edilsə də, xüsusən qeyri-neft sektorunda inkişaf qeydə alındı. İqtisadçılar ölkəmizdə bu il gələn illər üçün fundamental iqtisadi əsasların qoyulduğunu deyirlər. 

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, 2016-ci il rəsmi rəqəmlərə görə də, ötən ilə nisbətən ağır il oldu: “Cari ildə makroiqtisadi göstəricilərdə neqativ proseslər yaşandı. İlk dəfə idi ki, rəsmi rəqəmlərə görə, Azərbaycanda ümumi daxili məhsul 4 faizə qədər azaldı. Bundan başqa rəsmi inflyasiya ilk dəfə idi ki, ikirəqəmli həddə - 12 faizə çatdı. Ən əsası isə milli valyutanın məzənnəsində zəifləmə baş verdi. Belə ki, ilin əvvəlindən sonun qədər olan müddət ərzində manatın məzənnəsində təqribən 15 faiz enmə müşahidə edildi. 
Düzdür, 2016-cı ildə bəzi iqtisadi göstəricilərdə geriləmə qeydə alınsa da, bu il müxtəlif istiqamətlər üzrə, həmçinin ümumi iqtisadiyyatın yol xəritələri qəbul olundu. Növbəti illərdə bu istiqamətlər üzrə nəzərdə tutulmuş vəzifələr, işlər vaxtında və düzgün yerinə yetiriləcəksə, müəyyən artımları gözləmək olar”.
Digər iqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, gələn ilin əvvəlində Prezident yanında Nazirlər Kabinetinin 2016-ci ilin sosil-iqtisadi yekunlarına dair toplantısı olacaq: “Həmin iclasda dəqiq dəyərləndirilmə aparılacaq. Ancaq rəsmi statistikaya əsaslanmadan onu deyə bilərik ki, qlobal miqyasda baş verən böhran keçən dəfəki böhrandan fərqli olaraq Azərbaycana təsirsiz ötüşmədi. Avropa Oyunlarına qədər ölkəmizdə sürətli infrastruktur layihələri həyata keçirildi. 
Dünyada yaşanan iqtisadi fəallığın azalması bizdə də hiss edildi. Ancaq nəzərə alaq ki, cari ildə kənd təsərrüfatı məhsullarının istehsalında müəyyən artımlar baş verib. Hansı ki, bu da prosesin başlanğıcıdır. Həmçinin ilin sonuna yaxın dünyada neftin qiyməti yüksəlməyə başladı. Bu da Azərbaycanın büdcə gəlirləri baxımından müsbət haldır. Çünki, 2016-ci il üçün büdcədə neftin qiyməti 25 dollar qəbul edilmişdi. İl ərzində isə dünya bazarında neftin orta qiyməti 40 dollar oldu. Eyni zamanda il, iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə strateji yol xəritələrinin qəbul ilə yadda qaldı. Orada göstərilənlər düzgün icra edilərsə, ciddi nəticələr əldə edə biləcəyik”. 
Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz