Əlaqə Arxiv
news Image
2016.12.29
13:47
| A A A
Azərbaycanda yeni elektrik stansiyalarının inşasına 1 milyard manatdan çox sərmayə lazımdır

Azərbaycanda yeni elektrik stansiyalarının tikintisinə 1 milyard manatdan çox investisiya tələb olunur.

Movqe.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, 2017-ci ildə Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi indiyədək aparılmış mövcud araşdırmalar əsasında və ya zərurət yaranarsa, ekspertlər dəvət etməklə aparılacaq yeni araşdırmalar əsasında ölkənin alternativ və bərpa olunan enerji potensialını qiymətləndirərək investisiya potensialının ən böyük olduğu regionları müəyyən edəcək. Daha sonra bərpa olunan enerji qurğularının ən uyğun formalarının və yerlərinin seçilməsinə dair qərar vermək məqsədilə maliyyə və mənfəət-zərər təhlilləri apararaq, şəbəkəyə birləşməsi üçün ilkin şərtlərin siyahısını tərtib edəcək (məsələn, elektrik enerjisinin keyfiyyəti, transformator məntəqəsi və yarımstansiyasında yol verilən maksimum bərpa olunan enerji payı). Nəhayət, ən böyük istehsal gücünə və ən böyük tələbata malik ərazilərin yaxınlığında investisiya qoyuluşlarını prioritetləşdirməklə, bu işlərin görülməsi üçün vaxt qrafikini və planı müəyyən edəcəkr. Bundan əlavə, bu sahədə fəaliyyət göstərən özəl şirkətlərin müvafiq göstəricilərini nəzərə alaraq, vaxt qrafikinə daxil edilməsini təmin edəcək.

Yol xəritəsində bildirilir ki, 2017-2018-ci illərdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi müvafiq dövlət qurumları ilə birlikdə investisiya qoyuluşu tələb edəcək stansiyaların istismar və maliyyələşmə formasına dair qərar verəcək. Buraya, xüsusən də stansiyaların dövlət təşkilatları və ya özəl investorlar tərəfindən tikilməsinin və istismar edilməsinin məqsədəuyğunluğuna dair qərarın verilməsi daxildir.

Milli istehsal portfelində bərpa olunan enerji istehsalı üzrə prioriteti həyata keçirməklə, 2020-ci ildə real ÜDM-in 50 milyon manat birbaşa və 20 milyon manat dolayı olmaqla, ümumilikdə 70 milyon manat məbləğində artması və 270 yeni iş yerinin yaradılması proqnozlaşdırılır.

Bu prioritet üzrə yeni elektrik stansiyalarının (külək, günəş enerjisi və bioenerji) tikintisinə təqribən 1 milyard 40 milyon manat həcmində investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır.

Sizin Reklam Yeriniz