Əlaqə Arxiv
news Image
2013.01.25
10:12
| A A A
Meyvə-tərəvəzin şüalandırılması ideyası birmənalı qarşılanmadı
Vahid Məhərrəmov: “Əgər yeni metod səmərəli olmasa, məhsulun tərkibindəki vitamin də qalmayacaq” Eyyub Hüseynov: “İstehlakçıların qamma şüaları ilə kənd təsərrüfatı məhsulu qəbul etməsinin əleyhinəyik”

Bəhmən Hüseynov: "Zəif, mikroorqanizmləri öldürə biləcək dozada radiasiya veriləcək"


Yaxın perspetivdə Azərbaycanda taxıl, kartof və digər ərzaq, kənd təsərrüfatı məhsullarının istifadə müddətini artırmaq və bununla da onların tez xarab olmasının qarşısını almaq mümkün olacaq. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Direktorun sözlərinə görə, bu, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə birlikdə icra edilən "Azərbaycanda sterilizasiya məqsədilə güclü qamma mənbəli qurğunun işə salınması" layihəsi çərçivəsində sterilizasiya qurğusu istifadəyə verildikdən sonra mümkün olacaq. Bildirilir ki, qurğuda qamma şüaları ilə müxtəlif obyektlər şüalandırılacaq və məhsulların istifadə müddəti artırılacaq. Adil Qəribovun sözlərinə görə, beynəlxalq sistemdə şüalanmaya məruz qala bilən məhsulların siyahısı və bunun üçün zərərsiz doza hədləri də məlumdur: "Bu doza zərərli olmadığından həmin məhsul insanlar üçün də zərərli olmayacaq. Sterilizasiya olunmuş meyvə bir il istifadə oluna bilər. Bu halda o nə xarab olacaq, nə də ona mikrob düşəcək. Ancaq bunun üçün sterilizasiyadan sonra bu məhsulların xüsusi kompakt qablaşdırılması aparılmalı və bu qayda ilə də saxlanmalıdır. Məhsulların istifadə müddətini artırmaq üçün fermerlər özləri müraciət etməli və müəyyən qədər maliyyə vəsaiti ödəməlidirlər".

Bu layihə ekspertlər tərəfindən birmənalı qiymətləndirilmir. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun bildirir ki, bu, yeni metoddur: "Hələ ki, nə Azərbaycan, nə də Rusiyada tətbiq olunmayıb. Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının uzun müddət saxlanılması üçün ona münbit şərait yaradılmalıdır. Yəni, saxlama kameralarında normaya uyğun tələb olunan temperatur rejimi olmalıdır. İkincisi də bir çox hallarda kimyəvi maddələrdən istifadə olunur. Hətta elə kimyəvi maddələr var ki, onun 20 dəfə tətbiqi nəticəsində məhsulu 5 ay saxlamaq mümkün olur. Amma bu yeni metod əvvəlcədən öyrənmək, harada sınaqdan keçirilibsə, nəticələrini bilmək lazımdır. Bunun üçün hansı texniki avadanlıqların, əldə edilən məhsulun maya dəyərinə necə təsir edəcəyini öyrənməliyik. Çünki, bu gün əsas məqsəd istehsal etdiyimiz məhsulun keyfiyyətinin yüksək olması ilə yanaşı, onun maya dəyəri də aşağı salınmasıdır. Bu günün problemi ilk növbədə istehsalda, sonra isə onun saxlanması, daşınması və ucuz başa gəlməsindədir. Hələlik kənd təsərrüfatı sahəsində bu problemlər qalmaqdadır. Bu barədə də bizim fermerlərin məlumatı yoxdur".

Ekspert bildirir ki, son 100 ilin metodu ilə istehsal etdiyimiz məhsul artıq bizim düşmənimizə çevrilib: "Biz o qədər pestisidlərdən istifadə edirik ki, bir çox hallarda zəhərlənmə baş verir. Bitkini mühafizə etmək üçün tətbiq edilən pestisid meyvədə qalır. Bu da sonradan zəhərlənmə halına qədər çatır. Bizdə maarifləndirmə o istiqamətdə gedir ki, yeni texnologiyalarla istehsal, GMO nəticəsində əldə olunan məhsullarla qidalanmaq yaxşı deyil. Əslində, çaşqınlıq yaradılır. Ona görə də daha çox ənənəvi qaydada istehsal olunan məhsuldan qidalanırıq. Həmin məhsulların tərkibində isə həm pestisidlər çoxdur, həm də orada azot gübrəsindən çox istifadə edildiyindən nitrat çoxdur. Nitratın çox olması da orqanizmdə nitritin yaranmasına səbəb olur ki, bu da zəhərli maddədir. Ona görə də yeni metodlar tətbiq olunmamışdan əvvəl mütləq araşdırılmalıdır. Əgər yeni metod səmərəli olmasa, məhsulun tərkibindəki vitamin də qalmayacaq".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun bu metoda münasibəti müsbət olmadı: "Biz istəyirik ki, istehlakçı hər zaman hər bir məhsula əl yetərliyi təmin olunsun. Bu, BMT-nin istehlakçıların hüquqlarını rəhbər tutan prinsiplər sənədin də göstərilib. Bu əlyetərliyi təmin etmək üçün dünya praktikasında müxtəlif yollar – qaz kameralarında saxlanılması, zəhərli mühitdən qorunması ilə bərabər qamma şüalarından istifadə olunması texnologiyaları var. Lakin istehlakçıların hüququnu qoruyan təşkilat olaraq bütün bu kimi halları inkar edirik. İstehlakçıların qamma şüaları ilə kənd təsərrüfatı məhsulu qəbul etməsinin əleyhinəyik. Ən əsas problem Azərbaycan meyvələrinin özündədir. Bu gün meyvə yetişdirilən zaman ona dəfələrlə kimyəvi maddə vurulur. Bu da nəticə vermir. Yəni, dərmanlarda da böyük problemlər yaşanmaqdadır. Onlar ziyanvericilərə təsir etmir və ya ziyanvericilər həmin maddələrə adaptasiya olunublar. Dəfələrlə maddə vurulmasına baxmayaraq, məhsuldarlıq əldə edilmirsə, deməli, artıq həmin məhsul böyük toksik maddələrlə zəhərlənib. Əlavə olaraq da qamma şüası ilə məhsullar saxlanılsa, nəticəsi o qədər də yaxşı olmayacaq. Bu, zəruri bir addımdır, lakin kafi deyil".

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibi Bəhmən Hüseynov "Mövqe"yə açıqlamasında bildirdi ki, bu metod dünyanın qabaqcıl ölkələrində çoxdan tətbiq olunur: "Bizdə də bu metod tətbiq olunacaq. Xüsusi ilə bu, Avropa Birliyinin tələbləridir. Radiasiyadan keçəndən sonra tərkibindəki ziyanlı mikroorqanizmlər, xəstəliklər hamısı məhv ediləcək. Amma həmin qamma şüalarının əks təsiri yoxdur. Çünki, xarici praktikaya da diqqət etsək, əks təsiri olduğunu müşahidə edə bilmərik. Orada güclü dozada radiasiya verilməyəcək ki, insan sağlamlığı üçün əks təsir yaransın və ya məhsulun keyfiyyəti dəyişsin. Zəif, mikroorqanizmləri öldürə biləcək dozada radiasiya veriləcək".

Sizin Reklam Yeriniz