Əlaqə Arxiv
news Image
2013.01.29
10:11
| A A A
Xırda nominallı qəpiklərin çapından imtina oluna bilər
Ruslan Atakişiyev: “Bu qəpiklərdən imtina edilməsi sonradan özü bir inflyasiyaya və qiymətlərin artımına gətirib çıxara bilər” Xalid Mikayılov: “Kiçik nominallı qəpiklərdən istifadə olunmayanda əsasən sahibkarlar qazanırlar”

Hazırda nağdlı ödənişlərin çoxluq təşkil etdiyi ölkələrdə maliyyə əməliyyatı zamanı yaşanan problemlərdən biri kiçik nominallı sikkələrin işlək olmamasıdır. Bu gün dövriyyəsinin təqribən 3 faizini nağdsız ödənişlərə həyata keçirən ölkəmiz üçün də oxşar vəziyyət xarakterikdir. Yəni, hazırda istər ictimai nəqliyyatda, istərsə də alqı – satqıda kiçik nominallı qəpiklərin mübadiləsi problemi var. Əksər hallarda isə mağazalarda müştərilər qalıq kimi qaytarılan kiçik məbləğləri götürməyə belə lüzum görmürlər. Lakin burada ayrı – ayrı şəxslərdən itirilən həmin qalıqlar əsasən iri sahibkarların büdcəsində cəmlənərək böyük məbləğə çevrilir.

Fakt isə odur ki, ölkəmizdə kiçik nominallaı qəpiklər, yəni 1, 3 və 5 qəpikliklər işlək deyil. Məslənin eyniplə aktual olduğu qonşu Rusiyada artiq kiçik nominallı pulların çapının dayandırılması barədə qərar qəbul edilib.

Ekspertlər isə bu cür maliyyə siyasətinin Azərbaycanda da həyata keçirilməsini dəstəkləmirlər. Onların fikrincə, əgər kiçik nominallı qəpiklər dövriyyədən uzaqlaşdırılarsa, bu, ilk növbədə bahalaşmaya təkan verəcək. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Ruslan Atakişiyev bildirir ki, ümumiyyətlə, bu gün iri mağazalarda 1, 3, 5 qəpiklər istifadə olunsa da, əksər yerlərdə bu pullar qəbul edilmir: "Amma ölkə ərazisində dövriyyədə olan bütün əskinasların qəbul olunmaması və ondan imtinası yolverilməzdir. Çünki, bu, Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir. Onu da qeyd edək ki, hər il Azərbaycanda birrəqəmli inflyasiya olur. Ümumiyyətlə, birrəqəmli inflyasiyanın olması iqtisadi yüksəliş, inkişafla bağlı olan məsələdir. İqtisadi cəhətdən dünyanın ən inkişaf etmiş ölkələrində birrəqəmli inflyasiya həmişə olub. Bu inflyasiyaya uyğun olaraq da pulun dəyərdən düşməsi qəbuledilən haldır. Ancaq 1, 3, 5 qəpiklərin dövriyyədə qəbul olunmaması çox vaxt həmin pullara ehtiyacın, tələbatın olmamasından irəli gəlir. Amma ümumiyyətlə, bu qəpiklərdən imtina edilməsi düzgün olmazdı. Çünki, bu qəpiklərdən imtina edilməsi sonradan özü bir inflyasiyaya və qiymətlərin artımına gətirib çıxara bilər. Yəni, həmin qəpiklərdən imtina olunsa, artıq bütün qiymətlər yuvarlaq götürüləcək. Bu da məhsul qiymətlərində böyük artıma gətirib çıxara bilər. Ona görə də həmin qəpiklərin bu gün istifadə olunması, müəyyən şirkətlərdə mühasibatlığın həyata keçirilməsi üçün mühümdür. Ümumiyyətlə, xırda qəpiklərin dövriyyədə olması mübadilənin səmərəli şəkildə həyata keçirilməsinə çox böyük müsbət təsir göstərir. Amma gələcəkdə 1, 3, 5 nominallı qəpiklərin dövriyyədən çıxarılmasına baxıla bilər".

Ekspert bildirir ki, nağdsız ödənişlərə istənilən maddi pul nişanlarından istifadə olunmadan maliyyə əməliyyatlarını aid etmək olar: "Amma nağdsız ödənişlərin genişlənməsi o demək deyil ki, qəpik əskinasların dövriyyədə artmasına gətirib çıxara bilər. Təbii ki, nağdsız ödənişlərin genişlənməsi dövriyyədə olan maddi əskinazların getdikcə azalmasına gətirib çıxarır. Amma nağdsız ödənişdə də qəpiklə hesablanma qalır".

Digər iqtisadçı ekspert Xalid Mikayılov da "Mövqe"yə açıqlamasında bildirir ki, hansısa qəpiyin dövriyyədən çıxarılması Mərkəzi Bankın səlahiyyətindədir: "Bu, uzunmüddətli araşdırmalar tələb edən mövzulardan biridir. Ancaq kiçik qəpiklərin dövriyyədən çıxarılması məqsədəuyğun deyil. Çünki, bu, müəyyən qədər bahalaşmaya səbəb ola bilər. Yaxşı olar ki, qəpiklərin dövriyyədən çıxarılmasındansa, kartla ödənişlər təşviq edilsin. Kartla ödəniş zaman nə satıcının, nə digərlərinin bu qəpiyi qəbul etməmək kimi şansı qalmır. Məbləğ birbaşa kartdan silindiyi üçün əlavə problemlər yaranmır. Bundan başqa üzərində xırda pul gəzdirməyi xoşlamayanlar da var. Onlar üçün də kartla olan ödənişlər sərf edir".

Ekspert onu da əlavə etdi ki, kiçik nominallı qəpiklərdən istifadə olunmayanda əsasən sahibkarlar qazanırlar: "Çünki, elə topdansatış məntəqələri var ki, onlar birbaşa əhaliyə də xidmət göstərirlər. Onların satışları çox olduğu üçün qaytarılmayan xırda qəpiklərdən müəyyən qədər qazanc əldə edirlər".

Sizin Reklam Yeriniz