Azərbaycandan Avropaya uzanan “Cənub Qaz Dəhlizi” layihəsi təkcə Qərbin yox, həm də Orta Şərqin maraq dairəsindədir. «Ceymstaun» fondunun böyük elmi işçisi Vladimir Sokor deyib ki, Azərbaycan hökumətinin sayəsində ərsəyə gələn «Transanadolu» qaz kəməri (TANAP) bütün “Cənub Qaz Dəhlizi” layihəsinin təməli və İtaliyaya gedən qaz kəmərlərinin birləşdirilməsində əsas vəsilədir: “Başqa sözlə, «Transadriatik» qaz kəməri (TAP) «Transanadolu» qaz kəmərinin “balasıdır”, gələcəkdə TAP qaz kəmərindən çəkiləcək birləşdirici qaz kəmərlərinin layihələri isə onun “nəvələri” olacaqdır”.
Mütəxəssislərin fikrincə, bu layihənin həyata keçirilməsi Azərbaycanın yetkinliyini göstərir. İstər bu layihənin təməlinin yaranmasında, istərsə də layihənin inkişaf müddətinin strateji planlaşdırılmasında Azərbaycan Prezidenti İlham Əliyevin rolu bildirilən rəylərdə xüsusi vurğulanır. İş burasındadır ki, layihə Azərbaycanın təkcə özünün gələcəyinə deyil, həmçinin iştirakçı ölkələrin iqtisadi inkişafına sanballı töhfələr verəcək və artıq bu işin ilk işartıları aydın görünür. Məsələn, bu layihənin həyata keçirilməsi ilə əlaqədar təkcə Yunanıstanda iki minə qədər iş yeri açılıb. Bu isə iki il əvvəl iqtisadiyyatı defolt səviyyəsinə enən bir ölkə üçün hava-su qədər əhəmiyyətə malikdir.
TAP qaz kəmərinin təyinat ölkəsi olan İtaliya Avropanın qaz bazarında üçüncü ən iri ölkədir. Azərbaycan qazını İtaliyaya nəql edəcək «Transadriatik» qaz kəməri Avropanın qazla təchizatının şaxələndirilməsinə şərait yaradacaq. Hazırda İtaliya Əlcəzairdən, Liviyadan və Rusiyadan qaz alır. “Cənub Qaz Dəhlizi”nin işə düşməsi ilə 2018-2019-cu illərdə Avropa qitəsində qaz kəmərləri və enerji qovşaqları şəbəkəsi daha da təkmilləşdiriləcək, bu isə həmin resursların İtaliyadan nəqlini sürətləndirməyi təmin edəcək.
Ekspertlərin ehtimalına görə, qarşıdakı 20 il ərzində enerji resurslarına tələbat 40 faiz artacaq. Buna görə də Avropaya Azərbaycan qazı axınının davamlı olmasını sığortalamaq Avropa üçün strateji əhəmiyyətli məsələdir. Beynəlxalq müdafiə Araşdırmaları Mərkəzinin direktoru olan Metyu Brayza “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə dair sazişi Azərbaycanın, Avropanın və ABŞ-ın qələbəsi adlandırıb. Onun fikrincə, belə layihələrin həyata keçirilməsi “Azərbaycanın müstəqilliyi üçün oksigen” kimidir.
Layihənin siyasi və iqtisadi çalarları öz yerində, bu hadisə bütövlükdə Azərbaycanın regional rolunun və dünya orbitindəki mövqeyinin gücləndirilməsi baxımından böyük perspektivlərə malikdir. İlk növbədə böyük ölçüdə ölkələr qrupu üçün Azərbaycanın geosiyasi əhəmiyyəti artır. Cənubi Qafqazın lider dövləti statusu xeyli dərəcədə möhkəmlənir. Yaxın Şərq ölkələri – İraq, İran, İsrail, habelə Orta Asiyadan Türkmənistan və Qazaxıstanla əməkdaşlıq tellərinin güclənməsi ölkənin müsbət imicinin daha geniş ərazidə təsbit olunmasını stimullaşdırır. Qarşılıqlı əlaqələr daha geniş sferada əməkdaşlığın qurulması üçün yeni imkanlar açır ki, bu da hər bir dövlətin inkişafı üçün arzulanan istiqamətdir.
Belə görünür ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycan birbaşa iştirakçı olmaqla bərabər, həm də regionun enerji resurslarının bu istiqamətdə yönləndirilməsinin təşkilatçısı rolunda çıxış edir. Bu fəaliyyət isə siyasi və iqtisadi meyarlarla yanaşı Azərbaycanın sülhpərvər mənəvi dəyərlərini üzə çıxarır. İndiki zamanda bu ölçülər ölkənin sanbalını heç vaxt olmadığı dərəcədə artırır.
N.NOVRUZ