Əlaqə Arxiv
news Image
2017.03.07
09:00
| A A A
Mənzillər qiymətdən düşür
Natiq Cəfərli: “Mənzillərin qiymətində baş verən ucuzlaşma iki amillə bağlıdır” Rövşən Talıbzadə: “Təklifin azalması fonunda qiymət azalması da qaçılmaz oldu”

Ötən illə müqayisədə cari il ərzində evlərin qiyməti xeyli ucuzlaşıb. Bu hal özünü həm manat, həm də dollar ifadəsində göstərir. 2014-cü illə müqayisədə mənzillərin qiyməti təxminən yarıbayarı azalıb. 2016-cı ildə, 2015-ci ilə nisbətən isə bu azalma 20 faiz civarında olub. Bu ilin əvvəlindən bəri də az da olsa qiymətlərdə enmələri müşahidə edirik. Buna səbəb nədir? 

İqtisadçı-ekspert Natiq Cəfərlinin  fikrincə, mənzillərin qiymətində baş verən ucuzlaşma iki amillə bağlıdır: “Mənzillərin qiymətində cari ildə baş verən ucuzlaşma iki səbəblə əlaqədardır. İpoteka və bank kreditlərinin verilməsi bildiyiniz kimi, azalıb. İkinci bir tərəfdən, insanların alıcılıq qabiliyyəti aşağı düşüb. Bu da həm daxildə gedən iqtisadi proseslərlə, həm də Rusiyada yaşayan soydaşlarımızın buradakı ailələrinə göndərdikləri vəsaitlərin kəskin şəkildə azalması ilə bağlıdır. 
Neftin qiymətinin baha və Rusiyada iqtisadi aktivliyin yüksək olduğu dönəmlərdə hər il bu şimal ölkəsindən təxminən 4 milyard dollara yaxın vəsait gəlirdisə,  son iki ildə bu rəqəm 7 dəfəyə qədər azalıb. Bu azalmalar, ardınca Azərbaycan daxilində də iqtisadi aktivliyin zəifləməsi alıcılıq qabiliyyətinji aşağı saldı. Həmçinin kredit verilmədiyindən bazarda ciddi durğunluq yarandı. Hələ də bu durğunluq davam edir və mənzil bazarında ciddi irəliləyiş yoxdur”. 
Əmlak Ekspert Mərkəzinin eksperti Rövşən Talıbzadə son dövrlər evlərin qiymətində baş verən ucuzlaşmanı təklifin azalması ilə əlaqələndirdi: “Mənzillərin qiymətində son bahalaşma tendensiyası əsasən 2012-ci ildə özünü göstərməyə başladı. 2012-ci ilin yanvarından başlayaraq, daşınmaz əmlak bazarının bütün seqmentləri, torpaq, tikinti, təkrar mənzil bazarları üzrə artımlar özünü göstərməyə başladı. Bu tendensiya 2014-cü ilin ortalarına qədər davam etdi. Həmin dövrdən isə mənzillərin qiymətləri stabilləşməyə və ardınca da ucuzlaşmaya doğru istiqamət götürdü. 
Əslində, həmin dövrə qədər də mənzillər real qiymətindən baha təklif olunurdu. Buradan da belə nəticəyə gəlmək olar ki, mənzillər əsl qiymətinə düşməyə başladı. 2015-ci ildə dünyada baş verən iqtisadi böhran, ipoteka bazarının durğunluğu mənzil bazarında mövcud olan layihələrin də dayanmasına gətirib çıxartdı. Ipoteka bazarında da anoloji situasiya baş verdi. Bu səbəbdən daşınmaz əmlak bazarında təklif artdı. Tələb isə azalmağa başladı. Təklifin azalması fonunda isə qiymət azalması qaşılmaz oldu və mənzillər öz real qiymətlərinə doğru düşməyə başladı. Belədə 2015-2016-cı illərdə mənzillərin qiymətlərində aşağı düşmə müşahidə edildi”. 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz