Son illər Azərbaycanda iqtisadi inkişafı sürətləndirən mühüm amillərdən biri də xarici iqtisadi əlaqələrin, dövlətlərarası mal dövriyyəsinin genişləndirilməsi, eləcə də qeyri-neft sektorunun tərəqqisinə xidmət edən çevik idxal-ixrac əməliyyatlarının həyata keçirilməsidir. Özəl sektorun inkişafı üçün yaradılan münbit şərait və ixracın stimullaşdırılmasına yönəlmiş kompleks tədbirlər respublikamızın xarici ticarət dövriyyəsinin həcminin genişlənməsinə səbəb olub.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Sərəncamda qeyd olunur ki, "Gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində dövlət sərhədinin buraxılış məntəqələrinin buraxılış qabiliyyətini artırmaq və vətəndaşların rahatlığını təmin etmək üçün malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin daha da təkmilləşdirilməsi, ticarət-iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ hüquqi bazanın yaradılması, ticarətin asanlaşdırılması, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi, ölkədə sahibkarlığın inkişafında və biznes mühitinin formalaşmasında, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində gömrük sisteminin rolunun daha da artırılması üçün bir sıra məqsədyönlü işlər görülmüşdür".
Sərəncamda Azərbaycan Respublikasının Gömrük Komitəsinə bir sıra mühüm məsələlərlə yanaşı, məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədi ilə bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulunu iki ay müddətində təmin etmək tapşırılmışdır. Komitə, həmçinin elektron xidmətlər göstərilməsi ilə əlaqədar olaraq, müvafiq sahələrdə ayrı-ayrı dövlət orqanları ilə qarşılıqlı elektron informasiya mübadiləsinin həyata keçirilməsini təmin etməli; gömrük nəzarətinin səmərəliliyini artırmaq məqsədi ilə gömrük sistemində mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sistemini təkmilləşdirməlidir. Bundan başqa, gömrük sərhədindən mal dövriyyəsini sürətləndirmək məqsədi ilə beynəlxalq təcrübədə qəbul olunmuş və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlar (şəhadətnamələr), sənədlər əsasında malların gömrük sərhədindən keçirilməsinə şərait yaradılması və aidiyyəti dövlət orqanlarının bu barədə elektron formada məlumatdırılması təmin edilməlidir.
Məqsəd həm də Azərbaycan məhsullarının beynəlxalq bazarda rəqabətqabiliyyətlilik imkanları geniş araşdırılması və bu xüsusda yeni istehsal müəssisələrinin açılmasının stimullaşdırılması, ölkənin milli brendi altında məhsulların xarici bazarlara idxal olunmasıdır. Xarici ticarətdə inhisarçılığın tamamilə aradan qaldırılması, idxalda azad rəqabətin təmin edilməsi də böhran şəraitində vacib addımlar sırasındadır. Bundan başqa, fermerlər də daxil olmaqla, müxtəlif həssas sahibkarlıq subyektlərinə güzəştli maliyyə yardımlarının verilməsi mexanizmi təkmilləşdirilir.
Tətbiq olunan yeni xidmət “vətəndaş-məmur” təmasının minimuma endirilməsini, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsini, həmçinin gömrük sərhəd buraxılış məntəqələrində vətəndaşlar tərəfindən vaxt itkisinin qarşısının alınmasını təmin edəcək. Eyni zamanda, idxal-ixrac əməliyyatları zamanı qadağan olunmuş və dövriyyəsi məhdudlaşdırılmış malların siyahısı da sərhəd gömrük-keçid məntəqələrində xüsusi ayrılmış guşələrdə və məlumat köşklərində yerləşdirilib.
Ümumilikdə, son illər Azərbaycanda iqtisadi inkişafı sürətləndirən mühüm amillərdən biri də xarici iqtisadi əlaqələrin, dövlətlərarası mal dövriyyəsinin genişləndirilməsi, eləcə də qeyri-neft sektorunun tərəqqisinə xidmət edən çevik idxal-ixrac əməliyyatlarının həyata keçirilməsidir. Özəl sektorun inkişafı üçün yaradılan münbit şərait və ixracın stimullaşdırılmasına yönəlmiş kompleks tədbirlər respublikamızın xarici ticarət dövriyyəsinin həcminin genişlənməsinə səbəb olub.
Ölkə sahibkarlarının xarici bazarlara çıxış imkanlarının genişlənməsi həm də qanunvericiliyin təkmilləşdirilməsi və gömrük prosedurlarının sadələşdirilməsi tədbirləri ilə izah olunur. Ölkə başçısının 1 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı»nın əhəmiyyəti bu baxımdan xüsusi qeyd olunmalıdır. Proqram dövlətin gömrük siyasətinin müasirləşdirilməsinə imkan yaradıb və xarici iqtisadi əlaqələrini genişləndirib. Sənəd əsasında gömrük sərhədində mal dövriyyəsinin sürətləndirilməsi və sahibkarlıq subyektlərinə əlverişli şəraitin yaradılması; inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və haqsız rəqabətin qarşısının alınması; ixracın təşviqi və genişləndirilməsi; daxili bazarın qorunması sahəsində gömrük tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Ölkə başçısının ixracın stimullaşdırılması və bu sahədə bəzi bürokratik amillərin aradan qaldırılması məqsədilə imzaladığı 11 noyabr 2008-ci il tarixli «Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında» fərman gömrük orqanlarının fəaliyyətinin təkmilləşdirilməsini, bu sahədə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadəni təmin edib. “Bir pəncərə” sisteminin tətbiqindən sonra ölkə sərhədindən mal və nəqliyyat vasitələrinin keçirilməsi zamanı müxtəlif dövlət qurumlarına müraciət etmək zərurəti aradan qalxıb. Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları zamanı sənədlərin qəbulunu və yoxlanılması hazırda Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Operativ məlumat mübadiləsi məqsədilə Komitədə Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) yaradılıb.
Malların idxalı və ixracı zamanı gömrük rəsmiləşdirilməsi əməliyyatlarının avtomatlaşdırılmış əsaslarda təşkili gömrük rəsmiləşdirilməsinin səmərəliliyinin artırılmasını, bu işə sərf edilən vaxtın minimuma endirilməsini təmin edərək xarici ticarət iştirakçılarına xidmətin səviyyəsinin yaxşılaşmasına, bütövlükdə gömrük orqanlarında idarəetmənin təkmilləşdirilməsinə imkan verib. İqtisadi operatorların və sahibkarlıq subyektlərinin qanunvericiliyin tələblərinə daha ciddi riayət etmələri, sərhəd nəzarəti prosedurlarında şəffaflığın artırılması da təmin edilib. Ümumilikdə, bu və digər tədbirlərin reallaşdırılmasında əsas məqsəd bir tərəfdən ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək, digər tərəfdən gömrük rəsmiləşdirilməsi prosedurları sadələşdirmək, gömrüklə bağlı vaxt itkisinə yol verməməkdir.
Son illər dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, gömrük orqanlarının fəaliyyətində elektron xidmətlərin geniş tətbiqi də diqqət mərkəzindədir. Hazırda Gömrük Komitəsi tərəfindən 15-ə yaxın elektron xidmət göstərilir. «E-gömrük» bəyannaməsinin verilməsi; elektron qaydada ilkin məlumatlandırma; xarici iqtisadi fəaliyyət iştirakçılarına həyata keçirdikləri idxal-ixrac əməliyyatları haqqında statistik məlumatların verilməsi; rüsumsuz ticarət mağazasının təsis edilməsinə dair icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu; gömrük brokeri və gömrük daşıyıcısı fəaliyyətinə lisenziyanın verilməsi, onun fəaliyyətinin dayandırılması və ləğv edilməsi üçün müraciətin və sənədlərin qəbulu; gömrük və müvəqqəti saxlanc anbarlarının təsis edilməsinə lisenziyanın verilməsi; vətəndaşlardan Dövlət Gömrük Komitəsinə daxil olan sorğu və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi; yüngül minik nəqliyyat vasitələrinin idxalı ilə bağlı gömrük ödənişlərinin hesablanması məsələləri aiddir.
Bütün gömrük ödənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə həyata keçirilməsi də korrupsiyaya qarşı mübarizə tədbirləri sırasında mühüm yer tutur. Hər hansı malı idxal və ixrac etmək üçün müraciət edən şəxslərin qəbulu ardıcıllığının müəyyənləşdirilməsi məqsədilə elektron idarəetmə sisteminin («elektron növbə») tətbiqi də uğurlu yeniliklərdən biridir. Həyata keçirilən islahatların mütərəqqi xarakteri beynəlxalq səviyyədə də etiraf olunur. Davos Forumunun hesabatına əsasən, Azərbaycan gömrük sahəsində şəffaflığın təminatına görə 138 ölkə arasında 39-cu yerdə qərarlaşıb.
Son illər reallaşdırılmış mühüm yeniliklərdən biri də gömrük xidmətlərinin «ASAN Xidmət» mərkəzləri vasitəsilə həyata keçirilməsidir. Gömrük yüklərinin ASAN Xidmət vasitəsilə bəyan edilməsi sahibkarların işini xeyli dərəcədə asanlaşdırır və neqativ halların qarşısını alır.
S.Mustafayev
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə vəsaiti çərçivəsində çap olunub