Əlaqə Arxiv
news Image
2017.03.29
07:45
| A A A
Əmək bazarının qorunması miqrasiya proseslərinin tənzimlənməsini tələb edir

Son 13 ildə Azərbaycanın sürətli iqtisadi inkişafı, əmək bazarının canlanması, habelə turizm infrastrukturunun müasirləşdirilməsi respublikada miqrasiya proseslərinin idarə olunmasında çevik üsul və vasitələrin tətbiqini, habelə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini obyektiv zərurətə çevirmişdir. Xatırlatmaq yerinə düşər ki, regionların sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramlarında hazırkı iqtisadi inkişaf mərhələsi üçün aktual bir mühüm məsələyə – miqrasiya proseslərinin tənzimlənməsinə, sosial-iqtisadi amillərlə bağlı daxili miqrasiyanın fəsadlarının aradan qaldırılmasına da geniş yer ayrılmışdır. 

Son illər Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın təmin edilməsi, enerji-nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda ölkəmizin geosiyasi mövqeyi Azərbaycan Respublikasında miqrasiya proseslərinin intensivləşməsinə gətirib çıxarmışdır. Eyni zamanda ölkəmizin bir sıra dövlətlərlə vizasız gediş-gəliş rejiminin mövcud olması nəticəsində respublikamızın ərazisindən tranzit qaydasında keçən və ya qısa müddətə gələn, üçüncü dövlətlərə getməyə cəhd edən, yaxud qanuni əsaslar olmadan daimi yaşamağa cəhd göstərən əcnəbilərin sayı getdikcə artır. Bütün bunlar ölkənin inkişafı və təhlükəsizliyinin təmini baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, habelə bu sahədə beynəlxalq əməkdaşlığı obyektiv zərurətə çevirmişdir. 
Prezident İlham Əliyev iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycanda miqrasiya sahəsində kompleks tədbirlər sisteminin həyata keçirilməsini; miqrasiya proseslərinin daha səmərəli üsul və vasitələrlə, vahid dövlət orqanı tərəfindən tənzimlənməsini; qeydiyyat üçün tələb olunan prosedurların sadələşdirilməsini; qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsini; əmək ehtiyatlarından, miqrantların intellektual və əmək potensialından səmərəli istifadə edilməsini; tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılmasını; insan alveri də daxil olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınmasını son dərəcə vacib sayır. 
Dövlət başçısı bu istiqamətlə ilk mühüm addımlarından biri kimi hələ 2006-cı il 25 iyul tarixdə «Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının (2006-2008-ci illər) təsdiq edilməsı haqqında» sərəncam imzalamışdır. Kompleks tədbirlər sistemini əks etdirən Dövlət Proqramında miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, miqrantlarla bağlı sosial müdafiə tədbirlərinin həyata keçirilməsi və digər mühüm məsələlər yer almışdır. 
Son illər Miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından Azərbaycan Respublikasının əsas tərəfdaşı kimi çıxış edən BMqT ilə Xidmət arasında əməkdaşlıq yüksək səviyyədə qurulmuşdur. Belə əməkdaşlıq çərçivəsində BMqT ilə birgə Azərbaycanda miqrantların hüquqlarının qorunması, insan alverinə qarşı mübarizə, readmissiya idarəçiliyi, potensialların artırılması ilə bağlı bir sıra layihələr həyata keçirilib. Miqrasiya Xidmətinin rəhbəri Firudin Nəbiyev bildiririr ki, hazırda BMT ilə “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi (2014-2017-ci illər) uğurla reallaşdırılır. Bu layihə çərçivəsində görülmüş işlərdən biri Dövlət Miqrasiya Xidmətinin təyin etdiyi cərimələrin “ASANPAY” ödəniş sistemi vasitəsilə ödənilməsi proqramının Xidmət tərəfindən hazırlanması və artıq istifadəyə verilməsi olmuşdur: "Qeyd olunanlarla yanaşı, 2016-cı il dekabrın 8-də Cenevrədə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan Miqrantların Könüllü Qayıdışına Yardım Üzrə Pilot Layihənin həyata keçirilməsinə dair əməkdaşlıq Sazişi”i imzalanıb. Pilot layihənin əsas məqsədi könüllü olaraq öz ölkələrinə dönmək arzusunda olan, sığınacaqla təmin olunmaq istəyinə rədd cavabı almış şəxslərin və həssas miqrantların mənşə ölkələrinə uğurla qayıtmaları üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. Böyük əhəmiyyətə malik bu Sazişin imzalanma mərasimində BMqT-nin baş direktoru Uilyam Leysi Svinq ötən il ölkəmizə səfərini və səfər zamanı dövlətimizin başçısı ilə görüşünü xatırladıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında yaradılmış sabitliyi və mütərəqqi miqrasiya idarəçiliyi modelini, eləcə də ölkədə multikultural dəyərlərə verilən önəmi bir daha vurğulayıb. Həmçinin könüllü qayıdışa yardım çərçivəsində imzalanan saziş qarşılıqlı inam və etimadın nümunəsi kimi səciyyələndirilib".
F.Nəbiyev qeyd edir ki, hazırda dünyada 10 milyona yaxın vətəndaşlığı olmayan şəxs var. Azərbaycan Respublikası vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə 2015-ci ildən BMT QAK-ın “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Kampaniya çərçivəsində ölkənin bütün regionları üzrə müvafiq işlər görülməkdədir. Belə ki, vətəndaşsızlıq hallarının azaldılması, bununla mübarizə sahəsində məlumatlılığın artırılması, uzun müddət ölkə ərazisində yaşayan və hər hansı bir dövlətin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədlərə malik olmayan şəxslərin hüquqi statusunun müəyyən olunması, sənədləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər uğurla davam etdirilir: "Həqiqət budur ki, öz hüquqlarını bilməyən şəxs hər an insan alverinin qurbanına çevrilə bilər. Ona görə də Dövlət Miqrasiya Xidməti ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırması üçün müntəzəm olaraq maarifləndirilmə tədbirləri həyata keçirir. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə təsis edilmiş 18 iyun - İnsan Hüquqları Günü ilə bağlı bu il Göygöldə, Qobustanda, Yevlaxda, Lənkəranda insan hüquq və azadlıqlarından bəhs edən mövzularda tədbirlər keçirilib. İnsan hüquq və azadlıqlarından bəhs edən mövzularda keçirilən genişmiqyaslı tədbirlərdə Xidmətin əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, sahibkarlar, ictimaiyyətin nümayəndələri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər. Tədbirlərdə respublikamıza təşrif buyuran hər bir əcnəbinin hüquq və azadlıqlarının qanunla qorunduğu, Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında miqrasiya proseslərinin idarəedilməsi və tənzimlənməsi ilə bağlı görülən işlər, beynəlxalq təcrübənin öyrənilməsi, qanunvericiliyə edilən yeniliklər barədə məlumat verilib. Vətəndaşsızlığın aradan qaldırılması, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə tədbirlərinin görüldüyü diqqətə çatdırılıb. Eləcə də Dövlət Miqrasiya Xidməti regional miqrasiya idarələrinin xidmət ərazilərinə aid olan Mingəçevir, Ağcabədi, Zərdab, Ağdaş, Ucar və Ağdamda, Zaqatala, Qax, Qəbələ və Balakəndə, Samux, Şəmkir, Naftalan, Daşkəsən, Gədəbəy və Tovuzda, Sabirabad, Saatlı, Beyləqan, Füzuli və İmişlidə, Xaçmaz, Şabran, Qusar, Xudat, Siyəzən və Qubada, Biləsuvar, Cəlilabad və Yardımlıda, Kürdəmir və Ağsuda maarifləndirmə tədbirləri keçirib. Mingəçevir, Zaqatala, Balakən, Qax, Qusar, Ağcabədi, Zərdab, Şəmkir, Balakən, İmişlidə isə həm də səyyar xidmətlər təşkil edib. “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, Salyan və Neftçala şəhərlərində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, ictimaiyyət və mətbuat nümayəndələri üçün “Açıq qapı günü” təşkil olunub".
Xidmətin rəisi həmçinin bildirib ki, Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ətraflı məlumatlandırılması və maarifləndirilməsi üçün mütəmadi olaraq, Xidmətin fəaliyyətini, miqrasiya prosedur qaydalarını özündə əks etdirən yazıların mətbuatda dərc olunmasına, informasiya agentliklərində işıqlandırılmasına, verilişlərin, videomaterialların və filmlərin hazırlanaraq telekanallarda yayımının təşkilinə xüsusi yer ayırıb: "Bunlarla yanaşı, DMX-nin təqdim etdiyi və elektron hökumət portalına inteqrasiya edilmiş elektron xidmətlərlə bağlı 11 videotəlimat hazırlanmış və istifadəçilərə təqdim olunub. Ümumiyyətlə, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruriliyi nəzərə alınaraq DMX tərəfindən elektron xidmətlərin göstərilməsi işi təmin edilib. Bu gün də Xidmətdə informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası və inkişafı, yeni hesabat altsistemi proqram təminatının hazırlanması, informasiya sistemlərinin yaradılması məqsədilə kompleks tədbirlər davam etdirilir. Dövlətimizin başçısının müəyyən etdiyi strategiyaya uyğun olaraq elektron xidmətlərin sferası genişləndirilir".

S.Mustafayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi  İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə vəsaiti çərçivəsində çap olunub

Sizin Reklam Yeriniz