Əlaqə Arxiv
news Image
2017.03.30
09:40
| A A A
Pambıqçılığın inkişafı yeni iş yerlərinin açılmasını sürətləndirir
Qeyri-neft sektoruna diqqət əhalinin məşğulluq səviyyəsini artırır

Martın 28-də Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilib. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Bunu artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxslər yaxşı bilirlər, görürlər ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər”. 

Hökumətin son illər qeyri-neft sektorunun inkişafına yönəlik məqsədyönlü fəaliyyəti qısa müddətdə öz bəhrəsini verib. Bu istiqamətdə ilkin məqsəd ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi idi. Bu vəzifə böyük ölçüdə yerinə yetirilib. Ət, quş əti, bostan tərəvəz məhsulları və bir çox digər ərzaq növləri ilə əhalinin təminatı xeyli dərəcədə təmin olunub. Artıq kənd təsərrüfatı üzrə texniki bitki sortlarının da inkişafına diqqət yönəltməyin vaxtı çatıb. Məsələnin önəmli cəhəti budur ki, bu sahə də Azərbaycan əməkçisinə yad deyil. Vaxtı ilə ölkədə 1 milyon tona yaxın pambıq istehsal edilib. İnişil bu rəqəm cəmi 35 min ton olub. Hökumətin işə qarışması sayəsində ötən il pambıq istehsalı 90 min tona qədər artıb. Amma bu da azdır, çünki sovet dövründə yığılan məhsulun cəmi 10 faizi həcmindədir. Lakin iş davam edir və kənd təsərrüfatının bu gəlirli sahəsinin inkişafı üçün hər cür kömək göstərilir. Pambıq istiliksevən, eyni zamanda vaxtında suvarılma tələb edən bitkidir. Buna görə də bütün imkanlar səfərbərliyə alınaraq on minlərlə hektar torpağın suvarılma sistemləri ilə təmin olunması həyata keçirilib. Yeni artezianlar qazılıb, ehtiyat su anbarları tikilib, kəhrizlər, kanallar təmizlənib yararlı hala gətirilib. Bütün bunlar vəsait tələb edən işdir. İş varsa, deməli, insanların əmək məşğuliyyəti və məntiqi olaraq qazancı da var. Demək, bir tək pambıqçılığın inkişafı, başqa sözlə, 30-40 il əvvəlki səviyyəsinə çatması kənd əhalisinin məşğulluğuna güclü təkan verə bilər. Məsələn, adi bir fakt: keçən il sahələrdən pambığın yığılmasında 100 kombayn işləyib. Bu, 100 nəfər kombaynçının işləməsi deməkdir. Bu il isə artıq əlavə olaraq 200 yeni kombaynın alınması haqda sifariş verilib. Demək, əlavə 200 kombaynçıya da ehtiyac var. Birdən-birə məşğulluq 3 dəfə artacaq. Hələ əl yığımını da bura əlavə etsək, məşğulluğun və əhalinin gəlirinin bir neçə dəfə artması barədə danışa bilərik. 
Biz pambıqçılığın dirçəldilməsi ilə əlaqədar bir sıra digər sənaye sahələrinin inkişafını da nəzərə almalıyıq. Bu sıraya ilk növbədə toxuculuq sənayesi aiddir. Azərbaycan toxucuları neçə vaxtdır ki, pambıq mahlıcını idxal edirlər. Amma öz məhsulumuz olandan sonra həm bu sahə xeyli genişlənəcək, həm də xammal ucuz başa gəldiyindən hazır məhsulun da qiymətində ucuzlaşma baş verəcək. Bundan başqa, alimlər müəyyənləşdiriblər ki, Azərbaycanın malik olduğu iqlimdə yetişdirilən pambığın lifləri nisbətən uzun olur. Bu isə hərbi sənaye üçün əvəzedilməz xammaldır. Deməli, ölkənin toxuculuq kombinatlarında və hərbi-sənaye kompleksində yeni iş yerlərinin yaranması labüddür. Çünki, istehsalın genişləndirilməsi və artması ehtimalı təmin edilib. 
Biz təkcə pambıq istehsalı məsələsinə toxunduq. Əgər baramaçılığın, heyvandarlığın, tütünçülüyün, meyvəçiliyin, üzümçülüyün və ümumiyyətlə, texniki bitkiçilik sənayesinin bu templə inkişafını nəzərə alsaq, onda lap yaxın zamanlarda iş üçün kəndə qayıdışın yeni axını ilə rastlaşarıq.  
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz