Əlaqə Arxiv
news Image
2017.04.12
09:00
| A A A
Qeyri-neft sektoru ölkəyə daha çox valyuta gətirməyə başlayır
Cümşüd Nuriyev: “Azərbaycanın son bir neçə ildə həyata keçirdiyi xarici iqtisadi siyasət müsbət bəhrəsini verməyə başlayıb” Əli Əlirzayev: “Qeyri-neft sektorunun artımı və idxalın azalması ölkə daxilində iqtisadi aktivliyini artıracaq, yeni iş yerləri açılacaq, bazar genişlənəcək”

“Bu ilin üç ayında Azərbaycanın ticarət dövriyyəsi 15 faiz artıb. Bu da çox yaxşı göstəricidir. İxrac təxminən 50 faiz artıb. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft ixracımız təqribən 10 faiz ətrafında artıb, idxal isə 17 faiz azalıb. Bu da bizim siyasətimizin təzahürüdür”. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məlumat verib. Qeyri-neft ixracının kəskin artımı və idxalın azalması ölkə iqtisadiyyatına, eləcə əd maliyyə bazarlarına, manatın kursuna nə vəd edir?

İqtisadçı-ekspert Cümşüd Nuriyev bildirdi ki, mövcud proses ölkə iqtisadiyyatı üçün müsbət nəticələr verəcək: “Bildiyimiz kimi, Azərbaycan dövləti ixracyönümlü xarici ticarət siyasəti yürütməyi gündəmə gətirib. Bu addım Prezident tərəfindəbn tapşırıq olaraq verilib və artıq həyata keçməyə başlanılıb. Yəni, Azərbaycanın son bir neçə ildə həyata keçirdiyi xarici iqtisadi siyasət müsbət bəhrəsini verməyə başlayıb. 
İkinci bir tərəfdən hər bir dövlətin öz funksiyası var. Bunlar toplayıcı, tarazlayıcı və dəyişdirici funksiyalardan ibarətdir.  Azərbaycan öz resurslarını toplamaqla dəyişdirici funksiyanı artıq həyata keçirir. O mənada ki, Azərbaycan qeyri-neft sektorunu gündəmə gətirməklə neft sektorundan tədricən uzaqlaşma, daha doğrusu, xarici ticarət dövriyyəsində neft və neft məhsullarının payını azaltmaq tendensiyasını həyata keçirir. Nəzərə alaq ki, qeyri-neft sektorunun artması, xüsusilə aqrar sahənin güclənməsi yeni iş yerlərinin açıqlams deməkdir. Cənab Prezident də qeyd etdi ki, son dövrlərdə 70 min daimi olmaqla 85 minə qədər müvəqqəti iş yerləri açılıb. Bütün bu addımların Azərbaycan üçün əhəmiyyəti böyükdür. 
İdxalın azalması ilk növbədə ölkədən valyuta çıxarılmasının qarşısını alır. İkincisi, tədiyyə balansında müsbət tendensiyanın yaranmasına səbəb olur. Çünki tədiyyə balansı mənfi olanda istər-istəməz  dövlətin iqtisadi inkişaf tempi aşağı düşür. Bu zaman ümumiyyətlə, inkişafdan söhbət gedə bilməz. Bütün bunların fonunda Azərbaycan həmin istiqamət üzrə də müsbət nəticələrə nail ola bilib. Hazırda ölkədə kiçik və orta sahibkarlığın inkişafına xüsusi diqqəti artırmaq gərəkdir. Bu sahələri inkişaf etdirmək üçün də kommersiya banklarının yürütdüyü kredit siyasəti kökündən dəyişdirilməlidir. Kommersiya bankları indiki halda kiçik və orta sahibkarlıq subyektlərinə əngəl olmaqları bir yana, yürütdükləri pul-kredit fəaliyyətlərilə onların məhv olması siyasətini yürüdürlər. Gömrük siyasətində müsbətə doğru kifayət qədər dəyişiklik baş verdi. Ona görə də gömrükdə lazımsız idxal məhsullarının qarşısı alındı. Bu fonda da idxalın azalması ölkəmizin maraqları baxımından müsbət addımdır. Yaxşı olar ki, vergi məsələsində də bu yolu tutsunlar. Bütün hallarda kredit siyasətində dəyişikliklərin olması daha vacibdir. Bu baş verərsə, ixracatda müsbət saldo daha da arta bilər”.  
İqtisadçı Əli Əlirzayevin fikrincə, ixracın artması və idxalın azalması fonunda ölkənin iqtisadi aktivliyi də artacaq: “Xarici ticarətdə müsbət saldonun olması hər bir ölkə üçün mühüm məqsəd və hədəfdir. Belə olan halda ölkə xarici iqtisadiyyatından asılı olmur və qazandığı uğurları da daxili imkanlar hesabına əldə edir. 
Ticarət balansında ixracatın çəkisinin artması ölkəyə valyuta gətirilməsi baxımından da olduqca vacibdir. Həmçinin dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə xidmət edən bir amildir. Ölkə Prezidenti də müşavirədə qeyd etdi ki, qarşıya qoyulan konseptual məqsədlərə nail olurlar. İdxalın azalması o anlama gəlmir ki, ondan tamamilə imtina ediləcək. Elə məhsullar var ki, onun idxalı daha sərfəlidir, nəinki daxildə istehsalını həyata keçirmək. Azərbaycanda taxta-şalban, metallurgiya yoxdursa, onun idxalı daha məqbuldur. Qeyri-neft sektorunun artımı və idxalın azalması ölkə daxilində iqtisadi aktivliyi artıracaq. Yeni-yeni iş yerləri açılacaq. Bazar genişlənəcək. Həmçinin bu addım imkan verəcək ki, Azərbaycan xarici bazarlara da geniş şəkildə çıxış imkanı əldə etsin”. 
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz