Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib: «Bütövlükdə özümüzü ərzaq məhsulları ilə təminetmə istiqamətində işlər yaxşı gedir. Hər il regionların sosial-iqtisadi inkişafına dair konfransda mən bu rəqəmləri səsləndirirəm. Deyə bilərəm ki, bizim yeganə zəif yerimiz taxılçılıqdır. Bunu nəzərə alaraq mən göstəriş verdim ki, Prezident Administrasiyasında geniş müşavirə keçirilsin və keçirildi. Bütün tapşırıqlar verildi. Ondan sonra mən taxılçılığın inkişafı və ilk növbədə təhlilin aparılması ilə bağlı müvafiq Sərəncam imzaladım. Burada çox geniş informasiya yığılmalıdır, statistika düzgün təhlil edilməlidir və bir çox suallara cavab verilməlidir. Necə olur ki, biz taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Bu sual sadə səslənsə də onun arxasında bir çox məqamlar var. Ona görə, dəqiq təhlil aparılmalıdır, bizə nə qədər ərzaq buğdası, bütövlükdə taxılçılıq üçün torpaq sahəsi lazımdır ki, özümüzü keyfiyyətli buğda ilə, taxılla təmin edək və əlbəttə, idxaldan asılılığı azaldaq. Çünki mənə verilən məlumata görə, biz hər il idxala təxminən 300 milyon manat pul ayırırıq. Burada əlbəttə ki, uçot, təhlil, elektron nəzarət, peyk nəzarəti olmalıdır. Bizim peykimiz var və qısa müddət ərzində torpaqların münbitliyinin, məhsuldarlığının dəqiq analizi aparılmalıdır». Bu irad fonunda taxılçılıq sahəsində ciddi dönüş gözləmək olarmı?
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti rəhbəri Murtuzəli Hacıyev bildirdi ki, ekstensiv yolla deyil, intensiv yolla taxılçılıq, o cümlədən buğda istehsalının artımı istiqamətində ciddi irəliləyişlərə nail ola biləcəyik: “Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda qarşıya qoyulan məsələlərlə bağlı olaraq nazirlikdə kollegiya iclası, məsul şəxslərin iştirakı ilə toplantı keçirildi. Burada taxılçılıqla bağlı mütəxəssislərin iştirakı ilə müzakirələr aparıldı.
Bildirmək istəyirəm ki, cari ildə 967 min hektar sahədə taxıl əkilib. Onun da 623 min hektarını buğda, 327 min hektarını da arpa səpini təşkil edir. Ümumiyyətlə, keçən illə müqayisədə taxıl əkini sahəsində 2,4, buğda əkinində isə 7 faizə qədər artım var. Burada əsas məsələ taxılçılığın ekstensiv yoll deyil, intensiv yolla inkişafına nail olmaqdan ibarətdir. Azərbaycanda bu gün buğda istehsalında məhsuldarlıq 31 sentner, taxılçılıq isə ümumi ölkə üzrə 30 sentnerdir.
Hektardan 5-6 tona qədər məhsul almağa potensial imkanlarımız var. Hazırda bölgələrdə məsələ ilə bağlı fermerlərə informasiya məsləhət xidməti göstərməklə bağlı zona müşavirələri keçiririk. Taxılçılıq sahəsində hardasa 50-yə yaxın aqrotexniki tədbirlərin görülməsi vacibdir. Fermerlər həmin aqrotexniki tədbirləri vaxtında yerinə yetirsələr, əsas hədəfə nail ola bilərik. Yəni, hektardan 4-5 ton məhsul almaq gücündəyik. İri taxılçılıq təsərrüfatları hektardan 50 sentner, yəni 5 tona qədər məhsul ala bilirlər. Hətta bəzi fermerlər 7 tona qədər məhsul alırlar. Yəni taxılçılığı ekstensiv deyil, intensiv yolla inkişaf etdirməklə bu sahədə ciddi dönüşə nail ola bilərik. Bu kimi addımların atılması ilə taxılçılıq və buğda istehsalı sahəsində əsas hədəfə nail olacağıq. Fermerlər zərrəvericilərə qarşı petiidləri vaxtında vurmalıdır, suvarmanı vaxtında təşkil etməlidirlər. Bunların vaxtında edilməməsi taxılçılıqda hardasa 15 faizə qədər itkinin olmasına gətirib çıxarır. Aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsinə nail olmaq üçün də nazirlik mütəxəssisləri hazırda bölgələrə gedərək fermerləri müəyyən bilgilərlə tanış edirlər”.
Rüfət NADİROĞLU