ABŞ prezindenti Donald Tramp növbəti dəfə dolların ucuzlaşmasının vaciblyini bildirib. Prezindentin sözlərindən sonra Asiya bazarlarındakı valyutalarda ciddi dəyişiklik baş verib və dolların məzənnəsi enməyə başlayıb. Ancaq iqtisadçıların fikrincə, ABŞ-da prezidentin dolların məzənnəsinə təsir imkanları zəifdir. Buna baxmayaraq, FES də növbəti mərhələlərdə ixracatda problem yaranmaması üçün uçot dərəcəsini azalda bilər.
Bank məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirdi ki, təxminən iki ilə yaxındır ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini artıracağı ilə bağlı açıqlamaları olur: “Məhz ondan sonra dollar dəyər qazanmağa başlayıb. Lakin ABŞ-da hakimiyyət dəyişikliyindən sonra dolların məzənnəsi ilə bağlı FES ilə yeni administrasiya arasında fikir ayrılığı görünürdü.
Bugünkü tendensiyada FES-in əvvəldən müəyyənləşdirilmiş siyasəti yürüdəcəyi görünür. Yəni, FES uçot dərəcəsini yavaş-yavaş artıracaq. Bu da dolların dəyər qazanması üçün səbəb yaradır. Lakin digər tərəfdən nəzərə alaq ki, FES pul siyasətində sıxlaşdırma həyata keçirməsi bir müddət sonra ABŞ iqtisadiyatında mənfi görüntü formalaşdıra bilər. Əgər pul siyasətində daralma ABŞ iqtisadiyatında mənfi təsir göstərərsə, dolların dəyər itirməsi baş verə bilər. Amma görünən odur ki, bu gün “top” FES-dədir. FES dolların iqtisadiyyata zərər verdiyini gördüyü halda faiz artımını həyata keçirməzdi. Demək ki, hələ artımına yerin olduğu qənaətindədir. İqtisadiyyata zərər verən anda müəyyən qədər uçot dərəcəsini azaldacaqlar.
İndilikdə bu rəqəm ABŞ iqtisadiyatına ciddi təzyiq yaratmır. Bunlarla yanaşı, ABŞ dollarının bundan artıq güclənəcəyi də real görünmür. Buna FES imkan verəməyəcək. Dolların həddən artıq güclənməsinin ABŞ ixracatına mənfi təsirləri ola bilər”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərli isə bilirdi ki, Donald Trampın indiki və əvvəlki açıqlamaları arasında bir qədər ziddiyyət var: “Çünki Tramp seçkidən öncə FES-in ləng hərəkət etdiyini, uçot dərəcəsinin artırılmasının daha tez həyata keçirilməsinin vacibliyini bildirirdi. FES isə bu il bir dəfə faizi artırmaqla dolların bahalaşmasının əsasını qoydu. İndi də Tramp ixracatçılara ziyan dəyəcək deyə, dolların aşırı dəyər qazandığını deyir. Əslində, bu açıqlama əks effekt də doğura bilər. Çünki Trampın FES-ə birbaşa təsir imkanları yoxdur.
Ümumiyyətlə, ABŞ-da prezidentin maliyyə sisteminə müdaxilə etməsi heç də yaxşı qarşılanmır. Hətta Trampın son açıqlamasında sonra birjalarda dollar ucuzlaşdı, amma sonradan toparlandı. Dollar yenidən cüzi də olsa, dəyər qazanmağa başlayıb. Düzdür, Trampın dolların məzənnəsinə birbaşa müdaxilə etmək imkanı yoxdur. Amma müxtəlif təşviq proqramı ilə məsələn, xərcləmələri artırmaqla dolların məzənnəsinə təsir edə bilər. Xərcləmələr artacaqsa, dollar kütləsinin dövriyyəsi də artacaq. Dövriyyədə dollar kütləsi artdıqca onun dəyərinin digər valyutalara nisbətən düşməsi ehtimalı var.
ABŞ prezidentinin açıqlaması anlaşılandır. Dollar bahalaşdıqca, ABŞ-ın ixrac məhsullarının dünya bazarında rəqabət qabiliyyəti azalır. Ona görə də ancaq təşviq proqramları ilə dolların məzənnəsinin aşağı düşməsinə çalışa bilər. Lakin əsas söz sahibi FES olacaq”.
Mübariz BAYRAMOV