Əlaqə Arxiv
news Image
2017.06.21
14:57
| A A A
5 yaşlı qızını zəhərləyən ana danışdı: “Birdən beynimə düşdü” - Yenilənib

Qusarda 5 yaşlı qızın anası tərəfindən zəhərlənərək öldürülməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Lent.az xəbər verir ki, Hil kəndində yerləşən fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luizanı zəhərləyəndən sonra peşman olubmuş. Belə ki, bir neçə gün əvvəl 5 yaşlı Luiza səhər saatlarında yuxudan qalxandan sonra anası ona yemək verib. Bu zaman qadın uşağa verdiyi südün içinə ziyanvericilərə qarşı istifadə edilən kimyəvi məhlul qarışdırıb. Az sonra uşağın halı pisləşib. Bunu görən Gülnarə ferma sahibinin yanına qaçaraq kömək istəyib və onun maşını ilə uşağı Qusar xəstəxanasına çatdırmağa çalışıblar. Lakin artıq gec olub, 5 yaşlı qız yolda keçinib. Xəstəxanadakı müayinədən sonra uşağın öldüyü dəqiqləşib və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Müəyyən şübhələr olduğundan uşağın qanından və digər toxumalardan nümunələr götürülərək ekspertizaya təqdim edilib. Ekspertizanın nəticəsi azyaşlının zəhərlənməsini üzə çıxarıb.
Dünən Luizanın anası Gülnarə Saypullayeva izahat verməsi üçün çağırılıb və bu zaman o, törətdiyi cinayəti etiraf edib. Lakin qadın yeganə övladını niyə öldürməsinə məntiqi izah tapa bilməyib: “Birdən beynimə düşdü, qəfil qərara gəldim ki, uşağı zəhərləyim”.
Qadının psixoloji vəziyyətini qiymətləndirmək üçün müvafiq ekspertiza təyin edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

                                                                             ****

 

 

Qusar rayonunda doğma anası tərəfindən zəhərlənərək öldürülən 5 yaşlı Luizanın fotoları yayılıb. Movqe.az lent.az-a istinadəb xəbər verir ki, azyaşlı qız rayonun Hil kəndindəki fermada orada çoban işləyən atası və anası ilə yaşayırmış. Onun anası tərəfindən hansı səbəbdən öldürülməsi tam aydın olmasa da, qadının həmin vaxt anlaqsız vəziyyətdə olduğu, uşağı zəhərləyəndən sonra onu xəstəxanaya aparması üzə çıxıb.
 
Qeyd edək ki, Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının içdiyi südə zəhərli məhlul qataraq onu öldürüb.
 
5 yaşlı qızcığazın bəzi fotolarını təqdim edirik.

Sizin Reklam Yeriniz