Əlaqə Arxiv
news Image
2017.12.29
17:15
| A A A
Daşınmaz əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi üzrə qurum yaratmaq təklif olunur

Azərbaycanda daşınmaz əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi üzrə qurum yaratmaq təklif olunur.

Movqe.az xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Rəşid Heydərov Trend-ə bildirib ki, daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsi sahəsində son dövrlərdə ölkədə aparılan uğurlu siyasətin davamı olaraq Azərbaycanda daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsini və aparılmasını təmin etmək məqsədilə Azərbaycan Prezidentinin 27 iyul 2010-cu il tarixli 308 nömrəli fərmanı ilə "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları" təsdiq edilib:

"Bu Qaydalar imkan yaradır ki, Azərbaycan ərazisində mülkiyyət formasından asılı olmayaraq bütün növ daşınmaz əmlakların texniki inventarizasiya işləri aparılaraq onların kəmiyyət və keyfiyyət göstəriciləri müəyyənləşdirilsin və olkə üzrə daşınmaz əmlakların vahid elektron kadastr məlumat bankı yaradılsın. Hazırda belə bir məlumat bankına ölkədə böyük ehtiyac var. Məlumat bankından müxtəlif dövlət qurumları, bələdiyyələr, hüquqi və fiziki şəxslər pullu və ya pulsuz şəkildə yararlana bilərlər. Bu məlumat bankı ölkədə yaradılıb inkişaf etdirilməsi nəzərdə tutulmuş "Milli Məkan Məlumatları İnfrastrukturu"nun bazası rolunu oynaya bilər".

Ekspert qeyd edib ki, qeyd olunan işlərin xüsusi dövlət əhəmiyyətli və rentabelli bir iş olduğunu nəzərə alaraq ayrıca bir tam təsərrüfat hesabı prinsipi ilə fəaliyyət göstərən, müstəqil balanslı "Texniki İnventarlaşdırma və Qiymətləndirmə Mərkəzi" (TİQM) yaradılması daha məqsədəuyğun olardı: "Bu qurum "Aztexinventarlaşdırma" da adlandırıla bilər. Qonşu Rusiyada daşınmaz əmlakın dövlət retestrini aparan "Rosreestr"lə yanaşı belə bir qurum, səhmləri 100% dövlətə məxsus olan "Rostexinventarizasiya" Səhmdar Cəmiyyəti adı ilə fəaliyyət göstərir. Bu təşkilat, həm də günümüzün aktuallığı olan daşınmaz əmlak idarəçiliyi sahəsində Türk Dövlətlərinin Ortaq Qurumunun yaradılması üçün benefisiar təşkilat rolunu oynaya bilər".

R.Heydərov deyib ki, tikili və qurğuların texniki inventarlaşma işləri onların faktiki vəziyyətinin kəmiyyət və keyfiyyət göstəriçilərinin müəyyənləşdirilməsi və ya dürüstləşdirilməsi kimi xarakterizə edildiyindən ölkənin bütün daşınmaz əmlaklarının kütləvi texniki inventarizasiyası və qiymətləndirilməsini həyata keçirməklə mülkiyyət formasından asılı olmayaraq bütün daşınmaz əmlaklar barədə real məlumatlar əldə etməklə iqtisadiyyatın bir çox sahələrinin inkişafı sahəsində mühüm addımlar atıla bilər: "Misal üçün, ölkədə daşınmaz əmlakların kütləvi qiymətləndirilməsini təşkil etmək və daşınmaz əmlakları dünyanın əksər inkişaf etmiş ölkələrində olduğu kimi real bazar qiyməti ilə əmlak vergisinə cəlb etməklə hər il 500 milyon manatdan çox vəsait toplamaq olar, yeni tikintilərə icazələrin verilməsi üçün Milli Məkan Məlumatları İnfrastrukturu bazasından yararlanmaqla bir sıra bürokratik əngəllər aradan qaldırılar və s".

 

Onun fikrincə, hazırda ölkədə kadastr məlumat bankının bir atributu kimi daşınmaz əmlakların bazar məlumatlarına da böyük ehtiyac var: "Bu ehtiyacın ödənilməsi üçün qabaqcıl Avropa ölkələrində olduğu kimi, Bazar Məlumatları Reyestrini yaratmaqla yuxarıda qeyd edilən qurum tərəfindən yeni pullu xidmət növü təşkil edilə bilər və bu sahədə yaranmış boşluğun doldurulması mümkün olar. Bu Reyestr Məlumatlarından istifadə etməklə, həmçinin ölkənin daşınmaz əmlaklarının böyük əksəriyyətinin bazar qiymətini milli və beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun şəkildə "Satışların müqayisəsi" metodu ilə qiymətləndirmək mümkün olacaqdır. Bu sahədə Litva və Finlandiyanın qabaqcıl təcrübəsindən yararlanmaq olar".

Eskpert bildirib ki, qeyd edilən bazar məlumatları bankından yararlanmaqla müvafiq proqram təminatı vasitəsilə ölkənin bütün ərazisini əhatə edən və beynəlxalq praktikada inkişaf etmiş ölkələr tərəfindən geniş tətbiq edilən Zona Dəyər Xəritələrini yaratmaq olar ki, buna da ölkədə böyük ehtiyac var:

"Qabaqcıl beynəlxalq praktikada daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi, əsasən, əmlak vergisinin tətbiqi zamanı istifadə edilir. İnkişaf etmiş dünya ölkələrinin qabaqcıl təcrübəsi göstərir ki, ölkə büdcəsinin təxminən 3%-ə qədəri əmlakdan gələn gəlir hesabına formalaşdırılır. Bu baxımdan, Azərbaycanda daşınmaz əmlakların, qabaqcıl beynəlxalq praktikada olduğu kimi, bazar qiymətinə uyğun əmlak vergisinə cəlb edilməsi hər il təxminən 500 milyon AZN-dən artıq vəsaitin əldə edilməsi deməkdir. Bu isə olkə büdcəsinin formalaşmasına və bələdiyyələrin maliyyə vəziyyətinin dayanıqlı hala gətirilməsinə böyük köməkdir".

Sizin Reklam Yeriniz