Əlaqə Arxiv
news Image
2019.05.20
12:31
| A A A
7 uşaq istərəm, Rusiyada dövlət mafiyaya qalib gələ bilsə…

Bu həyat hekayəsində 7 uşağın faciəsindən danışacağıq. Hekayətimiz də məhz 7 epizoddan ibarətdir. 
Əhvalat vaqe olur dünyanın hərbi qüdrətinə, təbii sərvətlərinə, şanlı tarixinə, ərazisinə görə ən böyük və ən zəngin ölkəsində- Rusiyada. O ölkədə ki, bir zamanlar dövlət məmurları xalqa xidmət edirdilər, indi  bəzi məmurlar vətəndaşlara mənəvi və fiziki terrorla məşğuldurlar.

Epizod 1

Bir azərbaycanlı ilə bir rusun sevgi hekayəsi necə başladı?

Tovuz şəhəri

Sovet İttifaqı, Azərbaycan SSR, Tovuz şəhəri. 1965-ci il.

Sadə zəhmətkeş Cəfərovlar ailəsində bir oğlan uşağı dünyaya gəir. Ata el arasında böyük hörmətə malik adi zəhmətkeş insandır. Uşağa Mətləb adını verirlər. Puşkin adına Tovuz şəhər orta məktəbində təhsil alır. 1981-ci ildə Nizami Gəncəvinin 840 illik yubileyi münasibətilə dahi şair-mütəfəkkirin portretinin çəkilməsi haqqında məktəblilər arasında keçirilən respublika müsabiqəsinin qalibi olur.

Məktəbi bitirəndən sonra, Sovet ordusunda xidmət edir. Rəssam olmaq arzusunda idi. Lakin Sovet İttifaqının dağılması, çoxsaylı iqtisadi və sosial problemlərin yaranması onun arzusunu ürəyində qoyur. Ev təmiri ustası kimi əmək fəaliyyətinə başlayır. Həmin dövrdə Azərbaycanda işsizlik hökm sürdüyündən  ailəyə kömək etmək üçün Mətləb Rusiyaya üz tutur. 1998-ci ildə Soçi şəhərində bir mağazada işləməyə başlayır. Günlərin bir günü həmin mağazada gözəl, mədəni və sadə bir rus qızı işə başlayır…

Epizod 2

Həqiqətə çevriən zarafat: İki gəncin Soçidə kəsişən taleləri

Soçi şəhəri

Sovet İttifaqı, RSFSR, Soçi şəhəri. 1984-cü il.

Dünyanın ən gözəl şəhərlərindən olan Soçidə milis zabiti ailəsi olan Kuçeryavıyların bir qız uşağı anadan olur. Adını Olqa qoyurlar. O, bir qardaşı ilə birgə bu intizamlı və mühafizəkar ailədə tərbiyə alır. Böyük Vətən Müharibəsi qəhrəmanı olan babası Valerinin və Sosialist Əməyi Qəhrəmanı olan nənəsi Polinanın nümunəvi ailəsində böyüyüb tərbiyə almış atası Vladimir Kuçeryaviy isə SSRİ məkanında və bütün dünyada məşhur olan, “Devuşki bıvayut raznıe, çernie, belie, krasnie” mahnısının sözlərinin müəlifidir.

Olqa da Mətləb kimi, məktəb illərində rəssam olmaq istəyir, onun şəkdiyi şəkillərə müəllimlər, dost-tanışlar heyrətlə baxırdılar. Lakin məktəbi bitirəndən sonra bu arzi sanki suya düşdü, çünki artıq ağır 90-ci ilər idi və rəssamlıq təhsili almaq barədə düşünmək çətin idi. Olqa da ailsinə kömək etmək üçün harda iş tapsa işləməlidir. Mətləbin mağazasında boş iş yeri onun ilk əmək təcrübəsini buradan başlamağa qərar verməsinə səbəb olur.

İlk baxışdan onlar bir-birinin xoşuna gəlir, xasiyyətləri, zövqləri, həyata baxışları üst-üstə düşür. Soçi çox gözəl, ağıllı qızlarla zəngin bir yer olmasına baxmayaraq ürəyinə yatan bu sadə qız onun yuxusunu qaçırır. İki xəyali rəssam həyata da eyni rənglərlə, eyni tonlarda baxırdılar.

2000-ci il. Günlərin bir günü Mətləb iş yerində paltarını çirkləndirir. Olqa zarafatla deyir ki, əgər mən sənin təkcə iş yoldaşın yox, həm də həyat yoldaşın olsaydım, paltarını yuyub təmizləyərdim. Mətləb gülümsünüb deyir: “Onsuz da, elə belə də olacaq”. Bu zarafat çox keçmədən həqiqətə çevrilir- elə həmin il.

Epizod  3

Sərhəd tanımayan sevginin ağır və uzun bir yolu

Soçidə çıxan, bu problemi işıqlandıran həftəlik qəzet

Ötən əsrin 90-ci illəri. Dağılmış nəhəng və möhtəşəm fövqəldövlətin xarabalıqları üzərində yeni gənc respublikaların əhalisi yaşamaq uğrunda mübarizə aparır. Belə bir ağır şəraitə baxmayaraq, Olqa və Mətləb hər ikisi çoxlu övlad arzusunda idi, dünyaya ən azı 7 ağıllı, tərbiyəli, savadlı övlad böyüdüb təhvil vermək istəyirdilər. İlk uşaqları anadan olanda onlar başa düşürlər ki, bir-birlərinə sirli bir tale ipi ilə əbədi bağlanıblar.

Beləliklə, bu iki gəncin mübarizə dolu birgə həyatı başlayır. Bu mübarizə 20 ilə yaxın müddətdə onların heç bir problem yaratmadığı naməlum qüvvədən özlərini və çoxsaylı uşaqlarını müdafiə etməkdən ibarət olur. Belə ki, bir çoxu dövlət idarələrində işləyən gizli bir müətəşəkkil qrup bu ailəni hədəfə götürür, onları ayırmaq, həyatlarını zəhərə döndərmək üçün var-gücləri ilə çalışır. Lakin Mətləb və Olqa təslim olmaq fikrində deyildilər. Bu ailə əbədi qurulmuşdu və heç bir qüvvə onları ayıra bilməzdi.

Bu təzyiqlər ailəni daha da gücləndirir, onlar artıq təkcə öz ailələrini deyil, həm də xalqlarını, öz dövlətlərini bu mafiyadan qorumağa çalışırlar. Lakin qüvvələr bərabər deyil. Dövlətin imkanlarını vətəndaşlara qarşı cinayət silahı kimi istifadə edən bu mafiya çox güclüdür. Bunlar Soçi şəhərində faktiki olaraq yarımmüstəqil dövlət yaradıblar və RF qanunlarını veclərinə belə almırlar. Hüquq mühafizə orqanlarında, şəhər meriyasında belə yerləşiblər. Belə bir güclü qrupa qarşı dayanmaq çətin deyil. Lakin, ailə hələ də ayaqdadır.

Epizod 4

Prukorluq əməkdaşı həkimə- “Bu uşağı öldürün”

Beləliklə, 2000-ci ildə Soçidə qurulan bu ailə, lakin bundan sonra şəhərdəki naməlum qüvvə tərəfindən qara siyahıya salınıblar, ailəyə təzyiqlər başlayır, qanuni hüquqlarını əllərindən alır, Rusiya qanunvericiliyinə əsasən, çoxuşaqlı olduğuna görə, ailəyə veriləcək sosial müavinətlər, hətta mənzil verilmir. Hətta, uzun illərdir dəfələrlə müraciət etmələrinə baxmayaraq  ZAQS idarəsi həmin mafiyanın təzyiqi ilə heç bir əsas olmadan onların nigahını təsdiq etmir, cütlük məcbur qalıb öz nigahlarını Azərbaycanda rəsmiləşdirə bilir.  Hətta, sonradan uşaqların onların olmadığı belə iddia olunur, lakin ailə məhkəmədə uşaqların ata və anası olduqlarını ekspertiza ilə sübut edirlər. 

Ailənin 4 qız, 3 oğlan olmaqla 7 uşağı var. Soçi şəhərinin Naqornaya küçəsindəki 21 kvadratlıq 1 otaqlı evdə Olqanın atası Vladimir də daxil olmaqla 10 nəfərlik ailə çətin şəraitdə yaşayır. Lakin 7 uşağa görə dövlətin ailəyə verməli olduğu geniş mənzili verməməkləri bir yana qalsın, bu darısqal evi də onlara çox görüb əllərindən almağa çalışırlar. Halbuki, Rusiya qanunları belə çoxuşaqlı ailələrə mənzil, torpaq sahəsi və avtomobil verməyi tələb edir. Ailənin bu haqqını tələb etməsini sahə müvəkkili eşidəndə gəlib onlarla profilaktiv söhbət aparmağa və deyib: “Poymite, Sovetskoqo Soyuza uje netu, uje davno netu”…

İkinci uşaq Sabina doğulanda  Mətləb doğum evinə gəlir, yoldaşını ağlayan vəziyyətdə görür. Nə olduğunu soruşanda aldığı cavabdan heyrətə gəlir- “Prokurorluqdan müstəntiq gəlmişdi, məni yatmış bilirdilər, həkimlə danışıqlarını eşitdim, dedi ki, “bu uşağı müalicə eləməyin, qoyun ölsün, bunun atası da, babası da, anası da, nənəsi də hamısı dəlidirlər”. Uşağı da götürüb oranı tərk edirlər…

5-ci və 6-ci uşaqları- əkizlər Nərgiz və Savad anadan olanda yenə Mətləb doğum evinə gedərkən Olqanı təsirlənmiş görür. Nə olduğunu soruşanda əkiz uşağı olmuş və bunlarla birlikdə artıq 6 uşaq anası olan Olqa deyir ki, burada bir körpə var, anası atıb gedib, icazə versən, onu da övladlığa götürüb baxardıq. Mətləb razılaşır, lakin uşağın götürülməsi üçün qanuni prosedurları keçmək mümkün olmur.

Olqa bax belə bir insan, belə bir qadın, belə bir anadır.

Epizod 5

Dövlət içində dövlət: məmur mafiyası Rusiyaya qarşı

Ailənin problemi haqda Soçi qəzetində çıxan məqalə

Beləliklə, 20 ilə yaxındır ki, bu ailə müxtəlif dövlət instansiyaları ilə, onların təzyiqləri ilə mübarizə aparır. Hətta, bir neçə dəfə Mətləbi müxtəlif bəhanələrlə əsassız olaraq həbs edib, təcridxanada saxlayırlar, lakin heç bir əsas tapmadıqlarından azad etməyə məcbur olurlar. Mətləb həbsdə olduğu müddətdə Olqa mübarizəni fədakarcasına davam etdirir, həm işləyir, həm uşaqlarına baxır, həm tez-tez ona baş çəkir, həm də dövlət idarələrində əyləşən məmurların onlara qarşı təzyiqlərinə sinə gərir.

Bir neçə il bu 7 qardaş-bacı bir-birinin üzünü görməyib- yarısı Tovuzda nənələrinin yanında, yarısı Soçidə babalarının yanında yaşayıb. Çünki, 1 otaqlı mənzildə 10 nəfərlik ailə yaşaya bilməz, sanitar qovşağı filanı çıxanda hərəsinə 1 kvm yer düşərdi ki, bu da tərpənmədən ayaqüstdə dayanmağa güclə çatardı…

Ailə dünyanın ən böyük dövlətinin qanunlarının bir neçə məmur tərəfindən ayaq altına alınmasına, bu ailəyə qarşı belə bir cinayətkar davranış və təzyiqlərinə inana bilməsə də, faktlarla barışmalı olublar. Hətta, uşaqlara görə ayrılan sosial müavinət də, onların  təzyiqlərdən bezərək tərk etdiyi və bir müddət yaşamadığı Soçidəki mənzilin kommunal xidmətlərə görə haqq bəhanəsi ilə bank hesablarından silinib, halbuki qanun bunu qadağan edir. Söhbət 800 min rubldan (təxminən 20 min manat) məbləğdən gedir!

Hazırda ailə bu qorxunc mafiyanın uşaqlara zərər verməsindən çəkinərək müvəqqəti olaraq Soçini tərk edib Tovuza gəlib və burada kirayə yaşamağa məcburdur. Uşaqlar atalarının doğma şəhərini sevsə də, hər dəfə kirayə pulunu almağa gələn adamı gördükdə valideynlərindən niyə özlərinin Soçidə evləri ola-ola bu kirayə evdə qaldıqlarını soruşurlar. Valideynlər cavab verə bilmir, xüsusilə də anaları hər dəfə bu sualdan sonra öz dövlətinin məmurlarının onlara qarşı belə düşmənçiliyinin səbəblərini düşünür, lakin o da bu suala cavab verə bilmir.

Rusiyanın Soçi kimi dünyada məşhur bir şəhərində Rusiya qanunlarını, prezidentin sərəncamlarını ayaq altına atan və öz vətəndaşlarına, xüsusən 7 körpəyə qarşı belə amansız mübarizə aparan bu mafioz qrupla mübarizədə ailə Rusiya dövlətinə və Rusiya prezidentinə arxalanır. Lakin hələ ki, bu dövlət həmin mafiya ilə bacarmır. Ən azı belə nəticə çıxır. Çünki, dəfələrlə bu ailəyə çəkdirilən məşəqqətlər Rusiya mətbuatında yazılıb, federal orqanlara çoxsaylı müraciətlər olunub (fotoya bax), lakin hələ də heç bir dəyişiklik yoxdur.

Epizod 6

Uşaqlar: “Bizi öz vətənimizdən niyə qovursunuz?”

Xanım Kuçeryavaya öz ölkəsində istədiyi şəxslə nigaha girməsinə əngəl törədənlərin məqsədini tam başa düşmədiyini deyir. O, savadlı qadındır, güman edir ki, dövlətin bu 7 uşaqlı ailəyə ayırdığı müavinət, ev, maşın kimi şeyləri bu məmurlar mənimsəyiblər, indi ailə dövlətdən bu qanuni haqqını tələb edəndə onlar əməllərinin üstü açılmasın deyə ailəni Rusiyadan qovmaq, Azərbaycana göndərmək istəyirlər: “Mən rusam, Rusiya vətəndaşıyam, məni öz ölkəmdən, öz şəhərimdən heç kim qova bilməz. Babam vətən uğrunda faşistlərlə döyüşüb, Soçinin kurort şəhərinə çevrilməsində böyük əziyyət çəkib, burada bu cənnəti yaratmaq üçün uzaq ərazilərdən torpaq daşıyıb. Atam, anam, mən və qardaşım da bu vətən üçün çalışmışıq. İndi bir neçə rüşvətxor məmur məni öz ölkəmdən didərgin salmaq istəyir, lakin mənim dövlətim var, ona arxalanıram”.

Mətləb isə deyir ki, onun həyatının yarıdan çoxu bu şəhərlə bağlıdır, uşaqlarının hamısı burada doğulub burada çox sayda dostları, qohumları var. Ən əsası, sevdiyi qadının öz doğma şəhərindən didərgin düşməyə məcbur olmasını məqbul saymır: “Burada aylarla həbsdə də qalmışam günahsız olaraq. Lakin bununla belə, bu şəhər mənə doğmadır. Mən onun inkişafı üçün gəlirimdən vergi ödəmişəm. Bu ölkə üçün çox çətin şəraitdə 7 uşaq böyüdürəm. Bizdən nə istəyirlər, başa düşmürəm”.
Uşaqlar da baş verənləri heç cür başa düşə bilmirlər. Valideynlərindən soruşurlar ki, biz neyləmişik ki, bizi öz doğma şəhərimizdən qovmaq istəyirlər. Ailənin 4-cü uşağı Nicat hətta valideynlərindən gizlin bu barədə Rusiya dövlət orqanlarına və insan hüquqları təşkilatlarına məktub yazıb ki, bizi öz vətənimizdən niyə qovmaq istədiyinizi valideynlərimiz izah edə bimir, bəlkə siz izah edəsiniz. Məktuba hələ cavab yoxdur, yəqin ki, onlar da heyrət  içindədirlər.

Epizod 7

“Putin kimdir? Biz bu yaxında ayrıca dövlət olacağıq”

Rusiya Federasiyasının demoqrafik siyasətinin əsası ölkədə yaşanan ciddi əhali azalmasının qarşısını almaq üçün çoxuşaqlı ailələri dəstəkləməkdən, onlara yardımlar etməkdən ibarətdir. Rusiyada isə cəmi bir neçə 7 uşaqlı bir ailə ola bilər. Bu halda 10 nəfərlik bir ailənin, dövlətin adından, möhüründən istifadə edən bəzi məmurların mütəşəkkil qrupu tərəfindən məhv edilməsinə çalışılması Rusiya dövləti üçün dəhşətli bir rüsvayçılıqdır.

İş o yerə gəlib ki, ailə Soçinin Xostinsk rayon polis şöbəsinin rəis müaivini podpolkovnik Mahir Bayramova Rusiya Prezidenti Vladimir Putinin çıxışından, sərəncamlarından sitat gətirdikdə və hüquqlarını tələb etdikdə, onlara “Putin kimdir, bizim heç kim vecimizə deyil, bu yaxında özümüz ayrıca dövlət olacağıq”-deyə sərt cavab verilib.

Xanim Kuçaryevaya deyir ki, yüksək rütbəli dövlət məmurundan bu sözləri eşidəndə qulaqlarına inanmayıb. Bu barədə yoldaşına zəng edib deyəndən (telefonları dinlənilir) yarım saat sonra ailənin sonuncu uşağı- danışıq qabiliyyəti inkişaf etməmiş Həmidi kimsə körpüdən itəliyib aşağı yuvarlayır, lakin xoşbəxtlikdən uşaq möcüzə sayəsində sağ qalır.

Olqa xanım hesab edir ki, əgər Rusiyanın ucqar şəhərində dövlət vəzifəsində oturan bir dövlət məmuru dövlətə qarşı belə gizli planlar hazırlayırsa, onda Rusiya dövləti özünün hələ məhv olmadığını onlara göstərməlidir: “Öz vətəndaşlarını bir qrup azğın məmurdan qoruya biməyən bir dövlət dünyada biabır olar. Ona görə də inanıram ki, yuxarı orqanlar bu mafiya barədə müvafiq qanuni tədbir görəcəklər. Əminəm ki, Rusiya Federasiyası öz şərəf və layaqəyini belə adamlardan qoruyacaq, ölkənin hər yerində dövlətin qanunlarının aliliyini təmin edəcək, dövlətə söykənən, ona layiqli övladlar yetişdirən, ölkəsinə xidmət edən vətəndaşlara qarşı onların mənəvi terroruna son qoyacaq”.

Sizin Reklam Yeriniz