Əlaqə Arxiv
news Image
2019.07.18
07:29
| A A A
Ermənilərin regionu təhdid edən təhlükəli nüvə biznesi
Hökumət səviyyəsində həyata keçirilən bu çirkin biznes milyonlarla insanın həyatına təhlükə yaradır

İyulun 15-də Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti radioaktiv maddələri ölkə ərazisindən Rusiyaya keçirmək istəyən Ermənistan vətəndaşı saxlanılır. Onun haqqında Tiflis məhkəməsində həbs qəti imkan tədbiri seçilib. Bu haqda məlumat yayan TASS-ın xəbərində bildirilir ki, dörd paketdə qablaşdırılan təhlükəli toriy radioaktiv maddəsi Rusiyaya aparılırmış: “Ekspertiza müəyyənləşdirib ki, paketlərin ümumi çəkisi 71,63 kiloqramdır. Bu, təhlükəli nüvə materialları kateqoriyasına aid olan “Toriy-232” maddəsidir”. Təhlükəsizlik xidmətinin bildirdiyinə görə, paketlərin sərhində şüalanma saatda maksimum 0,5 mk3 olmalı idisə, həmin paketlərdə 18 mk3 olub. TX-nin əməkdaşları insan sağlamlığı üçün təhlükəli maddəni saxlanılmış şəxsin avtomobilindən götürüblər.  

Erməniyə qarşı “nüvə materialları yaxud qurğuları, radioaktiv tullantılar, radioaktiv maddələr ilə qeyri-qanuni fəaliyyət” və “Gürcüstanın gömrük sərhəddindən malların keçirilməsi ilə bağlı qaydaların pozulması” maddələri ilə cinayət işi açılıb. İşi GTX-nin baş istintaq idarəsinin əks-kəşfiyyat depatamenti aparır. Cinayətkarı 10 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bu, ermənilərin birinci belə cinayət hadisəsi deyil. Hələ sovet dövründən, “Metsamor” AES işə salındığı vaxtdan Ermənistan nüvə qaçaqmalçılığının mərkəzləri ilə təhlükəli yarışa girib. Sovetlər birliyi dağılandan sonra isə bu biznes çiçəklənmə dövrünə qədəm qoyub. Hələ 1999-cu il mayın 22-də Ukraynanın Bereqovo şəhərində iki erməni 20 kq U-235 az zənginləşdirilmiş uran filizi satmağa cəhd göstərib və bu ölkənin hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Ermənilər uranın 1 kiloqramı üçün 35 000 dollar tələb edirmişlər. 2001-ci il dekabrın 19-da Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsində kəşfiyyat əməliyyatı zamanı 300 qram az zənginləşdirilmiş uran ələ keçirilib. Araşdırma nəticəsində həmin materialın Ermənistandan gətirildiyi müəyyən olunub. 2003-cü il iyunun 26-da Ermənistan vətəndaşları qaçaqmalçılıq yolu ilə 170 qram yüksək zənginləşdirilmiş uran U-235-i Ermənistan-Gürcüstan sərhədindən (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) keçirməyə çalışıblar. Saxlanılan Ermənistan vətəndaşı Qarik Dadadyanın üzərində 170 qram uran aşkarlanaraq götürülüb. Dadadyan Ermənistana təhvil verilib, ona qarşı cinayət işi açılıb və həmin şəxs cəmi 2,5 il müddətinə azadlıqdan məhrum olunub. Bu fakt radioaktiv qaçaqmalçılıqla məşğul olan ermənilərin hakimiyyət dairələri tərəfindən müdafiə olunduğuna işarədir.
2003-cü il dekabrın 29-da Ermənistan-İran sərhədində, Mehri nəzarət-buraxılış məntəqəsində Metsamor AES-dən çıxarılan Stronsium-90 radioaktiv maddənin konteyneri saxlanılıb.Spektral təhlil göstərib ki, obyekt yüksək radioaktivliyə malikdir. 2004-cü il martın 13-də Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Ermənistan vətəndaşı radioaktiv materiallarla saxlanılıb. Lakin məsələ ictimailəşdirilməyib. 2007-ci il oktyabrın 24-də Gürcüstan-Türkiyə sərhədində (Sarpi nəzarət-buraxılış məntəqəsi) xüsusi düzəldilmiş qızıl konteynerdə 2,04 qram Lourensiy-103 maddəsi aşkarlanıb və buna görə 4 Ermənistan vətəndaşı saxlanılıb. 2009-cu il avqustun 26-28-də Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Ermənistanın Qerarkunik vilayətinin Noratus kənd sakininə məxsus olan avtomobildə Sezyum-137 maddəsinin izləri aşkarlanıb. 2010-cu ilin martında Tbilisidə biznesmen Smbat Tonoyan və Yerevan Fizika İnstitutunun əməkdaşı Qrant Ohanyan radioaktiv materialların alverində şübhəli qismində saxlanılıblar. Onların üzərində 89 faiz zənginləşdirilmiş 18 qram uran aşkar olunaraq götürülüb. 2014-cü ilin avqustunda Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Gürcüstan gömrükçüləri tərəfindən Sezyum-137-ni Gürcüstana keçirməyə cəhd göstərən iki erməni həbs edilib. 2016-cı ilin yanvarında Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Gürcüstan gömrükçüləri tərəfindən Sezyum-137-ni sərhəddən keçirməyə cəhd göstərən üç erməni həbs edilib. Həmin ilin aprelində Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən üç Ermənistan vətəndaşı və üç Gürcüstan vətəndaşı 200 qram Uran-238-i satmaq cəhdinə görə həbs edilib. Müəyyən olunub ki, Ermənistandan olan üç nəfər əvvəllər Metsamor AES-də işləyiblər.Bu qrup radioaktiv materialı Yaxın Şərq ölkələrinə satmağı planlaşdırırmış.
Bu qədər cinayət faktlarının olmasına, “Metsamor” AES-in köhnə və etbarsız texnologiya ilə işləməsinə görə hər an dəhşətli qəza törənməsi ehtimalına baxmayaraq, Ermənistanın hakim dairələri bu stansiyanın işini höcətliliklə davam etdirirlər. Çünki, stansiyanın məhsullarının qaçaqmalçılığında dövlətin birbaşa iştirakı var. Hazırda dünyada sanksiyalar müharibəsi aparan dövlətlər və beynəlxalq qurumlar belə bir müharibəni Ermənistana qarşı aparsalar daha səmərəli iş görmüş olarlar.

N.NOVRUZ
 

Sizin Reklam Yeriniz