Əlaqə Arxiv
news Image
2021.01.11
14:20
| A A A
Əsas hədəf sərnişin təhlükəsizliyi və rahatlığıdır
Bakı metropoliteni 2020-ci ildə - dördüncü məqalə

Metropolitendə 2020-ci il ərzində görülən işlərin əsas hədəfi sərnişin təhlükəsizliyi və rahatlığı olub. Yeni növ koronavirus (“COVID-19”) pandemiyası səbəbi ilə tədbirlərin yerinə yetirilməsində bir sıra dəyişikliklər edilib, dövrün tələblərinə uyğunlaşdırılıb. Bununla belə, mahiyyət etibarı ilə il yeniliklərin davamlı tətbiqi baxımından inqilabi yeniliklərin tətbiqi dövrü kimi də səciyyələndirilə bilər.

İdarəetmə müasir standartlar üzərinə keçirilir

Metropolitendə mürəkkəb sistemlərdən ibarət hərəkətin təşkili və idarəsinin yenilikləri olmadan uğurlar bir o qədər əsaslı sayıla bilməz. Bu mənada 2020-ci il yeni texnologiyaların tətbiqi üzrə geniş miqyaslı işlərin aparılması ilə daha çox fərqlənib. SCADA proqram-alət kompleksinin tətbiqi üzrə işlər il ərzində davam etdirilib. Məlumat üçün qeyd edək ki, SCADA - dispetçer idarəetməsi, məlumatların toplanması və hərəkət prosesinin vizual izlənməsini təmin edən kompleks sistemdir. İkinci vacib məqam rəqəmsal mobil rabitənin qlobal standartı texnologiyalarına (GSM) əsaslanan TETRA sisteminin tətbiqidir və bu istiqamətdə də ciddi addımlar atılıb. Üçüncü istiqamət Yaşıl və Qırmızı xətlərdə də gələcəkdə qatarların hərəkətində SAT-ALİ sistemini əvəz edəcək CBTC sistemləridir və bu işin təməli 2020-ci ildə qoyulub.

Ümumən, CBTC sistemlərinin tətbiqi mərhələli prosesdir. Onun ilk işləri, təbii olaraq, "Nərimanov” elektrik deposunda aparılıb. Depoda İMB avadanlıqları rekonstruksiya olunub, yeni mikroprosessorlu mərkəzləşmə (MPM) sistemi tətbiq edilib. Bunun üçün park yollarında köhnə birxətli rels dövrələrini ox sayğacları əvəz edib.

Hərəkətin təşkili və idarə olunması məqsədilə depo ərazisində yeni unikal layihə əsasında mərkəzləşmə məntəqəsi inşa olunub. 5 mərtəbədən ibarət binada həm hərəkətin təşkili, həm də depo ərazisi üçün nəzərdə tutulan videomüşahidə mərkəzi yerləşir. Məntəqə növbətçisi bu funksiyaları ən müasir sistemlərlə təchiz edilmiş idarəetmə pultu ilə həyata keçirir, park yollarını vizual şəkildə müşahidə edir. Bu xüsusda “Nəriman Nərimanov” stansiyası ilə depo arasında uzlaşma sxemində müvafiq montaj işləri aparılıb, marşrutlar yoxlanılıb. Rele otaqlarında giriş və düzləndirici qida panellərindən məlumatların dispetçer mərkəzləşməsi sahəsinin monitoruna ötürülməsi tətbiq edilib.

Hərəkətin təşkili və sərnişinə xidmətdə optimal səmərəyə doğru

Sadalanan işlərlə yanaşı, 2020-ci il ərzində müxtəlif sahələrdə qurğularının montaj və prinsipial sxemlərində dəyişikliklərin aparılması hərəkətin təşkilində, təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli rol oynayıb. Bu işlər çərçivəsində “Xətai-Cəfər Cabbarlı” mənzilinin ikinci yolunda sağlamlaşdırma işləri xüsusi yer tutub, həm işarəvermə, həm rabitə sahələri üzrə avadanlıqlar və kabel xətləri rekonstruksiya olunub. Rəqəmlərə müraciət etsək, yollarda 172 cemper atqısı yenilənib, 6 elektromexaniki avtostopun elektrik intiqalları dəyişdirilib, 24 drossel-transformator yenisi ilə əvəz olunub, 14 yeni kross dolabı tətbiq edilib, 33 svetofor və transformator şkafları demontaj olunub. Yol davamiyyəti olan iki stansiyada yoldəyişdiricilərdə kontaktsız elektrik intiqal tətbiq olunub, qurğuların prinsipial və montaj sxemlərində müvafiq dəyişikliklər edilib. Bütün bunlar qurğu və avadanlıqlara xidmətin keyfiyyətini artırmağa, hərəkətin təşkilində maksimal səmərə əldə olunmasına xidmət edir. Digər istiqamətlərdə 21 mexaniki saatın elektron dispetçer saatları ilə əvəz olunması, mənzillərdə 35 köhnə telefon aparatının yenilənməsi, 380 m dalğaötürücünün dəyişdirilməsi, avomat-nəzarət məntəqələrinin elektrik qida lövhələrinin yenilənməsi və s. işlərin mahiyyəti

keyfiyyət və səmərə ilə yanaşı, sərnişinə xidmət səviyyəsinin yeni standartlar səviyyəsinə qalırılmasına xidmət edib.

Dizel generatorlar xidmətə hazırdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin metropolitenin enerji təminatı, fövqəladə hallarda yeraltı nəqliyyatın ehtiyat elektrik təchizatı ilə bağlı tapşırığına uyğun olaraq fövqəladə hallarda bu ehtiyacın ödənilməsi üçün dizel elektrik stansiyalarının istifadəyə tam hazır vəziyyətə gətirilməsi başa çatdırılıb. "Azərişıq" ASC-nin 10 yarımstansiyasında "Rolls-Royse Power Systems AG MTU" GmbH şirkətinin müxtəlif gücə malik 17 generatoru yerləşdirilib. İlkin sınaqlardan sonra bütün xətlərdə əsas yoxlama, baş məşqlər aparılıb. Ölkənin enerji təchizatçılarının bütün mənbələrindən metropoliteni tam təcrid etməklə bir neçə saat ərzində “Bakıda işıq yoxdur” devizi altında keçirilən məşqlərdə minimal tələblər səviyyəsində olmaqla qatarların hərəkəti, stansiyaların və tunellərin işıqlandırılması, kommunikasiya vasitələrinin – drenaj qurğularının, eskalatorların, ventilyatorların, rabitə vasitələrinin qidalanması generator stansiyalarından təmin olunub. Bu isə layihənin tam fəaliyyətdə olması deməkdir.

Lakin əsas bir məqam xüsusi qeyd olunmalıdır. Metropolitenin iş rejimi və sərnişinlərin metrodan istifadəsinin tələblərinə uyğun olaraq, belə hallarda qatarlar stansiyalara çıxarılmalı və bütün sərnişinlər təxliyə edilməlidir. Həmin tələblərə görə, metropoliten yeni iş rejiminə keçdiyi üçün sərnişin təhlükəsizliyinin tam təmin edilməsi məqsədilə xətlər, tunellər, dəmir yolları, qatarlar, hərəkətin təşkili ilə bağlı avadanlıq və sistemlərin fəaliyyəti yoxlanılmalıdır. Yalnız tam hazırlıq əmri verildikdən sonra yenidən qatarların hərəkəti minimal tələblər səviyyəsində bərpa olunur və xətlər bir daha yoxlandıqdan sonra sərnişinlər metropolitenə daxil olmalıdırlar.

Metropoliten energetiklərinin 2020-ci ildə yerinə yetirdikləri işlər sırasında “Nərimanov” elektrik deposunda qatarların təmir-baxış qanovlarında işıqlandırma

sisteminin yenilənməsi ilə yanaşı, metropoliten tarixi üçün əhəmiyyətli yenilik olan qanovlarda köhnə tipli ayırıcıların müasir tipli çevik avtomat açarla əvəz edilməsi və bununla qatarların xəttə yola salınmasında istehsalat yeniliyinin tətbiqidir. Digər əhəmiyyətli iş “Cəfər Cabbarlı” stansiyasının yenidən qurulması ilə əlaqədar Qırmızı xəttin “İçərişəhər-Gənclik” sahəsini dartı gücü ilə təmin edən kabellərin yenilənməsidir. Sərnişindaşıma təhlükəsizliyi, metropolitenin daha etibarlı fəaliyyətinin təmin edilməsi baxımından bu, ən mühüm səmərələşdirici yeniləşmələrdən biri olub.

Yol və tunel infrastrukturu müntəzəm sağlamlaşdırılır

Tunellərin və yolların sağlam vəziyyətdə olması ən mühüm vəzifələrdəndir. Sərnişinsiz günlərdə bu işlər daha sürətli həyata keçirilib. 2015-ci ildə istifadəyə verilmiş diaqnostika kompleksi və modernləşdirilmiş metroloji təminat sahəsinin fəaliyyəti xətlərdə və tunellərdə yoxlama baxış və təmirin keyfiyyətinə əhəmiyyətli təsir edib. Təkcə onu demək kifayətdir ki, diaqnostika kompleksi il ərzində metropoliten infrastrukturunun, ümumilikdə, 1032.743 kilometrini yoxlayıb, 1784.1 km yola, yoldəyişdirici qurğuya defektoskopiya nəzarəti 1615 dəfə edilib.

Yol infrastrukturunun yenilənməsi planı çərçivəsində depoda yenidən qurulan qatarların təmir-baxış qanovlarında dəmir-beton karkas üzərində 795 p.m. uzunölçülü relslər, 141 dəmir-beton şpal qoyulub, R50 tipli yoldəyişdirici qurğu quraşdırılıb.

"Bakmil-Portal” sahəsində, park və dalan yollarında 2020-ci il ərzində 1060 taxta şpal dəmir-beton şpallarla əvəz edilib. Bu işlər tunellərdə də uğurla davam etdirilib və 3190 yararsız taxta şpal, stansiya yollarında 432 gödək şpal yenilənib. Üzərindən normadan artıq yük buraxılmış 2230 p.m rels uzunölçülü analoqları ilə əvəz edilib. Həmçinin 3 dəst yoldəyişdirici qurğu yenilənib. Təmas relslərində 1117 qaynaq qovuşuğu yanlıqlara alınaraq bərkidilib, 750 qovuşuq metal tamasa

ilə qaynaq olunub. Tunellərdə, park yollarında təmas relslərinə 523 yeni kronşteyn qoyulub.

Tunellərdə sağlamlaşdırma tədbirləri də uğurla aparılıb. 2020-ci il ərzində 77 mindən artıq kv.m sahədə tunel geyimi korroziyadan təmizlənib, 104 min 521 kv.m sahə korroziyaya qarşı boya ilə rənglənib. Bu məqsədlə diaqnostika və metroloji təminat sahəsi 953 yerdə ölçmələr aparıb və keyfiyyət göstəricilərinə nəzarət edib. İl ərzində 3 müxtəlif tərkibdə hidroizolyasiya maddəsinin, 7 yerdə isə təklif edilən yeni xüsusi boyaların sınaqları aparılıb və texniki rəylər hazırlanıb. Tunellərin arxasına 223.5 ton sement məhlulu vurulub. Stansiya və keçidlərdə 26,68 tonluq məhlulvurma işləri aparılıb, 1860 suaxar dağıdılıb, 3307-si bərpa edilib. 5533 p.m. drenaj arxı duz qatı və lildən təmizlənib.

Dörd stansiyada sərnişin platformalarının döşəmələrinə 984 p.m brayl- hüdud zolağı qoyulub. İş şəraitinin yaxşılaşdırılması məqsədilə 77 xidməti otaqda, şaxtalarda, yerli və əsas suvurma qurğularında təmir işləri aparılıb.

Ümumiyyətlə, təkcə bu rəqəmlər Bakı metropolitenində sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üçün pandemiya dövründən səmərəli şəkildə istifadə olunduğunu bir daha əyani nümayiş etdirir.

Sizin Reklam Yeriniz