Özünü yandıran qızın sevgilisi tutuldu
Bakıda üç gün əvvəl 24 yaşlı qızın özünü yandırmasında günahkar bilinən şəxs tutulub.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar
Sultanov məlumat verib. Onun sözlərinə görə, həmin iş üzrə cinayəti
törətməkdə şübhəli bilinən Əli Həbibli artıq saxlanılıb. Hazırda
faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam
etdirilir.. Qeyd edək ki, yanvarın 30-da saat 10:30 radələrində
Lənkəran şəhərində qeydiyyatda olmaqla müvəqqəti Bakı şəhərində
yaşayan Məlakə Bayramlı Səbail rayonu ərazisində üzərinə yandırıcı
maddə tökərək yandırmaqla intihara cəhd edib, intiharın qarşısı
alınaraq yanıq xəsarətləri ilə 5 saylı klinik xəstəxanaya
yerləşdirilib. Həkimlər tərəfindən onun hazırkı vəziyyəti stabil
ağır kimi qiymətləndirilir. Prokurorluq tərəfindən aparılan
araşdırmalarla müəyyən edilib ki, M. Bayramlı 1990-cı ildə Lənkəran
şəhərində anadan olub, 29 oktyabr 2012-ci il tarixdən 5 oktyabr
2013-cü il tarixədək Milli Təhlükəsizlik Nazirliyinin Mühafizə
Taborunda müddətli həqiqi hərbi xidmətdə olmuş Əli Həbibli ilə
sonuncunun xidmət etdiyi Lənkəran şəhərində tanış olmaqla Lənkəran
və Bakı şəhərlərində dəfələrlə görüşərək yaxın ünsiyyətdə olublar.
Bir müddətdən sonra aralarında yaranmış narazılıqla bağlı M.
Bayramlı Ə. Həbiblinin onu zorlaması barədə Respublika Hərbi
Prokurorluğuna ərizə ilə müraciət edib. Həmin xüsusat üzrə
aparılmış araşdırmalar zamanı M. Bayramlı ilkin izahatında qeyd
olunan faktı təsdiq etsə də, sonrakı ərizələrində Ə. Həbibli
tərəfindən zorlanmadığını, onunla könüllü olaraq cinsi əlaqədə
olduğunu, evlənmək məqsədilə artıq nişanlandıqlarını və
şikayətindən imtina etdiyini bildirməklə əlavə izahat verməyib. M.
Bayramlının zorlanması hadisəsi təsdiqini tapmadığından
cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq
toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi
barədə qərar qəbul edilib və qərarın surəti M. Bayramlıya
göndərilməklə həmin qərardan şikayət etmək hüququ ona izah edilib.
Eyni zamanda M. Bayramlının Ə. Həbibli və digər hərbi qulluqçuların
qanunazidd hərəkətlərinə dair şikayət ərizəsi üzrə toplanmış
material xidməti yoxlama aparılması üçün aidiyyəti üzrə Milli
Təhlükəsizlik Nazirliyinə göndərilib. Ə. Həbibli M. Bayramlı ilə
nişanlanaraq bir müddət əlaqələrini davam etdirib, lakin sonradan
aralarında yenidən münasibətlər pozulduğuna və sonuncu ilə ailə
qurmadığına görə M. Bayramlı bundan hiddətlənərək özünü yandırmaqla
intihara cəhd edib. Həmin fakt üzrə Səbail rayon prokurorluğunda
Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanaraq
istintaq aparılır.