Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 102-ci kilometrliyində Qax rayonunun Tasmalı kəndi ərazisində şənbə günü yol qəza hadisəsi qeydə alınıb.
Hadisə zamanı 1965-ci il təvəllüdlü Laçın rayonunun Ərikli
kəndindən məcburi köçkün olan və Qax rayonu Şıxlar kəndində yaşayan
Abdullayev Nazim Azay oğlu idarə etdiyi 10-ZR-558 dövlət nömrə
nişanlı Toyota Prado markalı avtomobillə Zaqatala istiqamətində
hərəkətdə olarkən, hələlik şəxsiyyəti bəlli olmayan 40-45
yaşlarında bir piyada qadını vurub.
Zərbənin gücündən xəsarət alan şəxs elə hadisə yerindəcə dünyasını
dəyişib.
Hadisəni törədən şəxs daha sonra öz avtomobili ilə dünyasını
dəyişmiş şəxsi Zaqatala Rayon mərkəzi xəstəxanasına
aparıb.
Sürücünün sözlərinə əsasən vurulan şəxs avtomobil yolu ilə hərəkət
edib və qarşıdan gələn avtomobilin işıqları onun gözlərinin
qamaşdırdığından o qadını görməyib. Həmçinin sürücünün sözlərinə
əsasən o orta sürətlə hərəkət edib.
Qəzanın dəqiq olaraq hansı səbəblərdən baş verdiyi hələlik bəlli
deyil. Faktla əlaqədar Baş Dövlət yol polisi idarəsinin təhqiqat
bölməsi tərəfindən araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri
aparılacaq araşdırmalardan sonra bəlli olacaq.