Əlaqə Arxiv
news Image
2015.02.24
18:40
| A A A
Nazirlik: Qanunsuz ovla məşğul olan 7 nəfər saxlanılıb

Üç gün reyd keçirilib.

"Nazirlik üç gün müddətində (fevralın 21-24 tarixlərində) "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə ölkə ərazisində növbəti reydlər keçirib.

Movqe.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Keçirilmiş reyd zamanı Qaradağ rayonu ərazisində ov edən Bakı şəhər sakinləri Ehtiram Məcidov, Rövşən Əliyev və Vaqif Quliyev saxlanılıb. Onlardan 3 ov tüfəngi, 34 patron götürülərək qanunamüvafiq qaydada akt, protokol tərtib edilib və qanun pozucularının hər biri 1000 manat məbləğində cərimə olunub.

Qaradağ rayonu ərazisində keçirilmiş növbəti reyd zamanı isə ov edən 2 nəfər naməlum şəxs saxlanılaraq onlardan 2 ov tüfəngi, 249 patron götürülüb və qanunamüvafiq qaydada akt tərtib olunub. Sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Qaradağ Rayon Polis Şöbəsinə müraciət edilib.

Masallı rayon Qızılağac kəndi ərazisində keçirilmiş reyd zamanı qanunsuz ovla məşğul olan naməlum şəxs saxlanılıb. Ondan 1 ov tüfəngi, 28 patron, 3 qanunsuz ovlanmış quş götürülərək qanunamüvafiq qaydada akt tərtib olunub.

Sənəd təqdim etməyən qanun pozucusunun şəxsiyyətinin müəyyən edilməsi və qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti rayon Polis Şöbəsinə müraciət olunub.

İlisu Dövlət Təbiət Qoruğunun ərazisində keçirilmiş reyd zamanı isə ov edən Qax şəhər sakini Xeyirbəy Ramazanov saxlanılaraq ondan 2 ov tüfəngi götürülüb. Faktla bağlı akt və protokol tərtib olunaraq qanun pozucusu 1000 manat məbləğində cərimə edilib.

Xatırladaq ki, nazirlik bu istiqamətdə reydlərini davam etdirir.

Sizin Reklam Yeriniz