"Nurgün" şirkətlər qrupunun vitse-prezidenti Müşfiq Səfiyevin
üzərində zorakılıq olmayan meyiti bu gün saat 17:00 radələrində
Salyan Olimpiya-İdman Kompleksinin mehmanxanasında
aşkarlanıb. Şirkətin Salyandakı fəaliyyəti ilə əlaqədar rayona
gələrək həmin mehmanxanada qalan vitse-prezident qapının
döyülməsinə və telefon zənglərinə cavab verməyib. Bunu görən otel
işçiləri onun qaldığı otağa pəncərədən daxil olarkən şirkət
rəsmisinin meyitini görüblər. O, artıq çoxdan keçinibmiş.
Mərhumun cəsədinin ətrafına istifadə etdiyi dərmanlar da
səpələnibmiş. 50 yaşlı Müşfiq Səfiyev yüksək qan təzyiqindən
əziyyət çəkdiyi üçün onun beyninə qan sızdığı ehtimal
olunur. Faktla bağlı Salyan Rayon Prokurorluğunda
araşdırmalara başlanılıb.
Qeyd edək ki, mərhum M.Səfiyev tanınmış şair Əli Vəkilin
oğludur.