Əlaqə Arxiv
news Image
2015.03.06
16:10
| A A A
“ən-Nusra”nın Suriyadakı komandanı öldürüldü

Suriyada hökumətə qarşı vuruşan "ən-Nusra" qruplaşmasının lideri Əbu Hummam əş-Şami öldürülüb. BBC-nin xəbərində deyilir ki, Suriya hərbi hava qüvvələrinin həyata keçirdiyi hava hücumu nəticəsində əl-Şami ilə yanaşı daha 3 səhra komandirləri Əbu Musab əl-Fələstini, Əbu Ömər əl-Kürdi və Əbu Bəra əl-Ənsari də öldürülüb. Hava zərbələri Suriya-Türkiyə sərhədinə yaxın, İdlib vilayətinin Salkın kəndində baş verib.

Suriyanın rəsmi xəbər agentliyi SANA hava hücumunun "ən-Nusra" komandirlərinin toplantısı zamanı baş verdiyini bildirib. Suriyada ən güclü silahlı qruplaşmalardan biri olan "ən-Nusra" cənub ərazilərdə, o cümlədən Hələbdə çox güclüdür. Sonuncu dəfə qruplaşma Hələbdə Suriya hərbi hava qüvvələrinin kəşfiyyat idarəsinə hücum edib.

Qeyd edək ki, "ən-Nusra" daha əvvəl əl-Qaidənin yerli qolu hesab olunurdu və hətta bununla bağlı əl-Qaidə lideri Əyman əz-Zəvahirinin açıqlaması olmuşdu. Lakin hazırda qruplaşma bu iddiaları qəbul etmir, mülayim müxalifət xətti tutduğunu nümayiş etdirməyə çalışır.

Öldürülən "ən-Nusra" komandanı Əbu Hummam əş-Şami Əfqanıstanda əl-Qaidənin "əl-Quraba" adlı əcnəbilərdən ibarət silahlı birləşməsində döyüşüb. Daha sonra isə Suriyaya gedib və qruplaşmanın lideri təyin olunub.


Sizin Reklam Yeriniz