Əlaqə Arxiv
news Image
2015.08.19
08:00
| A A A
Azərbaycanlı iş adamları Ukraynada böyük təhlükə altındadırlar
Son hadisələr bizneslə məşğul olan soydaşlırımızın cinayətkarlar üçün əsas hədəf olduğunu göstərir

Ukraynada hələ da təmin olunmayan sabitlik bu ölkədə fəaliyyət göstərən soydaşlırımız üçün də ciddi problemlər yaradıb. Xüsusən də separtçıların nəzarətində olan ərazilərdə qalmaq, hansısa fəaliyyətlə məşğul olmaq müşkülə çevrilib. Amma digər ərazilərdə də vəziyyətin qənaətbəxş olduğunu söyləmək mümkün deyil.

Hər halda mülkü qəsb edilən, qətlə yterilən soydaşlarımızla bağlı məlumatların çoxalması da qeyd olunanları təsdiq edir. Öüz də diqqətçəkən məqam Ukraynada daha çox sahibkarlıq və ya hansısa bizneslə məşğul olan soydaşlarımızın daha çox təcavüzə məruz qalması, cinayətkarların hədəfində olmasıdır.

Elə bu günlərdə Ukrayna ərazisində daha iki azərbaycanlı iş adamının qətlə yetirildiyi bəlli olub. Öldürülən azərbaycanlılardan biri 1987-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Rahil Mehdiyevdir. Bu barədə APA-ya onun atası Əbdürrəhman Mehdiyev məlumat verib. O, ailəsi ilə birlikdə Ukraynanın Xerson vilayətində yaşamış oğlunun ötən həftə hazırda Rusiyanın nəzarətində olan Krımın Yalta şəhərində qətlə yetirildiyini bildirib. Ata oğlunu ermənilərin öldürdüyünü söyləyib.

Oğlunun Xersondan Krıma artıq bir neçə ildir ticarət məqsədilə getdiyini deyən Ə. Mehdiyev hadisənin təfərrüatını danışıb: "Yaltada onun ticarət obyekti vardı. Yaxınlıqda daha bir azərbaycanlının da ticarət obyekti olub. Onların qonşuluğunda isə ermənilərə məxsus obyektlər var imiş. Həmin gün iki erməni oğlumun qonşuluğundakı azərbaycanlı gəncə sataşıblar. Oğlum dərhal buna etiraz edib. Ermənilər gözlənilmədən oğluma hücum ediblər. Bu zaman daha bir neçə erməni onlara köməyə gəlib və oğlumu təkləyiblər. Onun boynunun arxasına çoxsaylı bıçaq zərbələri endiriblər və oğlum yerindəcə keçinib. Yalta şəhər polis idarəsinin işi aparan müstəntiqi mənə dedi ki, oğlum ona hücum edən iki ermənini tərksilah edərək əllərindəki bıçağı alıb, onu vuranlar isə sonradan köməyə gələnlər olub". Ə. Mehdiyevin sözlərinə görə, milis ermənilərdən ikisini dərhal saxlasa da, sonradan azad edib: "Səbəbini mənə izah etmədilər, ona görə də mən Krımın baş prokuroruna və daxili işlər nazirinə müraciət etmişəm, qəbullarında olacağam".

Digər azərbaycanlı - əslən Azərbaycanın Beyləqan rayonundan olan iş adamı, 1976-cı il təvəllüdlü Nuruşov Vüqar Qiyas oğlu isə Xersonda qətlə yetirilib V. Nuruşovun qardaşı İlqar Nuruşov sayta açıqlamasında qardaşının şəhərdəki bazarın erməni sahibi, keçmiş milis generalı Luqasyanın dəstəsi tərəfindən öldürüldüyünü bildirib: "Mənim qardaşımın obyektləri o bazara yaxındır. Əvvəldən qardaşımın patriotik mövqeyi həmin bazarı idarə edən Luqasyanın qohumlarının xoşuna gəlmirdi. Bir neçə dəfə qardaşımı təhdid də etmişdilər. Bazarın inzibatçılarından birinin telefonu ilə qardaşımı görüşə çağırıb, onu qorxutmaq istəyiblər. Sonradan milis tərəfindən saxlanılan şahidlərdən biri etiraf etdi ki, həmin vaxt qardaşım bunun səbəbi ilə maraqlanmaq istəyəndə üstünə tökülüb, onu döyərək əvvəlcə onurğa sütununu sındırıblar, sonra da boğazını kəsərək öldürüblər. Onlar bunu Luqasyanın sifarişi ilə etdiklərini etiraf ediblər. Luqasyan burada çox tanınmış adamdır və digər biznesmen qardaşı ilə birgə azərbaycanlılara, türklərə nifrəti ilə seçilir".

İ. Nuruşov qeyd edib ki, istintaq məhz erməni generala və onun respublika Daxili İşlər Nazirliyindəki əlaqələrinə görə işin açılmasını ləngidir: "Biz ölkə rəhbərliyinə, Baş Prokurorluğa azərbaycanlılar adından müraciət hazırlayırıq". Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədri Əlimardan Kərimov isə sayta bildirib ki, qətllərlə əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyi ilə birlikdə yerli hüquq-mühafizə orqanlarına ciddi etirazlarını bildiriblər: "Xüsusilə Xersondakı cinayətin ört-basdır edilməsinə görə rəsmi qurumlara iradlarımızı çatdırmışıq, lazım gəlsə, kütləvi etiraza da qalxacağıq".

Xatırladaq ki, bu günlərdə Xersonda daha bir azərbaycanlı adamı olan İlham Tağıyev də öldürülüb. Biznesmen öz avtomobilində Berislav şossesində icarəyə götürdüyü qaraja gedib. Orada onu qatillər yaxalayıblar və qətlə yetiriblər. Cinayətkarlarr əvvəlcə İlham Tağıyevin başına küt alətlə üç zərbə endiriblər və onu yerə yıxıblar. Sonra təpikləyiblər və qabırğalarını sındırıblar. Biznesmeni öldürəndən sonra onun cəsədini maşınına qoyublar, cibindən evinin açarını çıxarıblar və ora yollanıblar. Qonşuların bildirdiyinə görə, cinayətkarlar biznesmenin evinə daxil olaraq hər şeyi alt-üst ediblər. Daha əvvəl Dnepropetrovsk vilayətində yaşayan həmyerlimiz Rza İsmayılov şəxsi işi ilə bağlı Krasnoarmeysk şəhərinə gedərkən şəhərin girişində maskalı, hərbi geyimdə olan bir neçə naməlum şəxs onun avtomobilinin qarşısını kəsib. İş adamını ölümlə hədələyən şəxslər onun üzərindəki 30 min dollara yaxın pulu götürərək qaçıblar. Bu siyahını bir qədər də uzatmaq olar.

Bütün bunlar Ukraynanın soydaşlırımız üçün təhlükəli əraziəyə çevrildyini göstərir. Məhz bu səbəbdən Ukraynanı tərk edən azərbaycanlıların sayının artması istisna olunmur.

Sizin Reklam Yeriniz