Toyda girov götürülən qaynana ilə bağlı Şabran polisindən açıqlama
Şabran rayonunda yerləşən "Savalan" restoranında
avqustun 22-də keçirilən kiçik toy məclisində restorana
borclu qalan toy sahibinin qayınanasının girov götürülməsi barədə
bu gün mətbuatda məlumat yayılıb. Avrasiya.net- saytının yaydığı xəbərə görə, restorana
borclu qalan toy sahibinin qayınanası girov götürülüb. Verilən
məlumata görə, toy sahibinin restorana 1000 manata yaxın borcu
olub. Borcu ödəyə bilmədiyindən restoran rəhbərliyi onun
qayınanasını bir günlük girov saxlayıb. Avqustun 23-ü pul
ödəndikdən sonra girov sahiblərinə qaytarılıb.
Movqe.az məsələni araşdırmaq üçün Şabran Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. İdarənin növbətçi hissəsindən Movqe.az-a bildiriblər ki, belə hadisə ilə bağlı Polis İdarəsinə heç bir məlumat daxil olmayıb:"Bizdə belə bir məlumat yoxdur. Girov götürülmə ilə bağlı bizə hər hansı bir müraciət olmayıb. Hadisə barədə mətbuatda yayılan məlumatda qeyri-dəqiqlik var. Nə toy sahibinin, nə də girov götürülən şəxsin adı, soyadı var".