Ağdam rayonunda Səfərli kənd orta məktəbinin direktor müavini
Şirazi Ağayevi döyməsi barədə məlumatlar yayılan rayonun Baharlı
kənd orta məktəbinin direktoru Fəqan Səfərov Trend-ə açıqlama
verib. Məktəb direktoru bildirib ki, məsələdən məlumatı olmayıb:
"Problem artıq həllini tapıb. Bu işdə mənim adım qəsdən
hallandırılmışdı və həmin şəxsin kimliyi də məlumdur. Həmin şəxsi
məhkəməyə vermək üçün sənədlər hazırlayıram. Hadisə başqa cür olub.
Şirazi müəllimlə mənim qardaşım arasında torpaq sahəsində mübahisə
yaranıb və onlar dalaşıblar. Şirazi müəllim də həmin vaxt əsəbi
olduğu üçün şikayət edib. Bəzi şəxslər isə bunu bilərəkdən ölkə
telekanallarından birinin Ağdamdakı bölgə müxbirinə məlumat verib
və bildiriblər ki, guya Şirazi müəllimi mən döymüşəm. İş
araşdırıldı və məlum oldu ki, hadisədə mənim heç bir günahım
yoxdur, Şirazi müəllimlə qardaşım dalaşıb. Artıq polis tərəfləri
barışdırıb və məsələ həll olunub".
Xatırladaq ki, Səfərli kənd orta məktəbinin direktor müavini
Ş.Ağayevin məktəbin müəlliməsi Şahnaz Əliyevanın dərsi icazəsiz
tərk edib evə getməsi barədə məktəb direktoruna və müəllimənin
həyat yoldaşı, Baharlı kənd orta məktəbinin direktoru F.Səfərova
məlumat verməsi, məktəb direktorunun da buna görə Ş.Ağayevi döyməsi
barədə məlumat yayılmışdı.