Əlaqə Arxiv
news Image
2016.10.30
17:48
| A A A
1120 manata 40 qram heroin aldı, “isti-isti” tutuldu

Bakı Ağır Cinayətlər Məhkəməsində 1984-cü il təvəllüdlü Cəlilabad rayon sakini Abuzər Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edir.

İstintaqla müəyyən edilib ki, Abuzər Niftəliyev 9 mart 2016-cı ildə Cəlilabad rayonunda yerləşən İran bazarından istintaqa məlum olmayan şəxsdən 1120 manata 40 qram heroin alıb. Həmin narkotik vasitəni özü ilə Bakıya gətirib. Üç gün sonra – 11 mart 2016-cı ildə Nəsimi rayonu, 20 Yanvar küçəsində “Dobromed” klinikasının yaxınlığında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzrənə baxış keçirilərkən bir ədəd bükülüdə olan 40 qram heroin aşkar edilərək götürülüb.

Törətdiyi cinayət əməlinə görə, A.Niftəliyevə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Məhkəmə zamanı A.Niftəliyev istintaqın düzgün aparılmamasından şikayət edib. O, narkotik vasitələrdən istifadə etməsini etiraf etsə də, üzərindən heroin aşkarlanması ilə bağlı yazılanların həqiqəti əks etdirmədiyini bildirib. A.Niftəliyev “işim düzgün aparılmayıb, xahiş edirəm, bu yanlışlığı aradan qaldırasınız” deyib.

İlkin ifadəsində isə A.Niftəliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib, etirafedici ifadələr verib. İfadəsində heroin istifadəçisi olduğunu göstərib: “9 mart 2016-cı ildə axşam saatlarında Cəlilabad rayonundakı “İranbazarı”nda tanımadığım İran vətəndaşından özüm istifadə etmək üçün bir qramı 28 manat olmaqla 1120 manata 40 qram heroin almışam. Həbs olunan gün “Dobromed” klinikasının yaxınlığında mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşı olduqlarını, narkotik alverində şübhəli bilindiyimi dedilər. Polis əməkdaşlarına üstümdə heroin olduğunu dedim. Hal şahidlərinin iştirakı ilə üzərimə baxış keçirildi. Gödəkçəmin cibindən aşkar olunan heroini elektron tərəzidə çəkdilər, 40 qram idi. Protokol tərtib olundu, imzaladım”.

Hal şahidi qismində dindirilən Şaiq Mustafayev ifadəsində göstərib ki, 20 Yanvar küçəsində hərəkət edərkən polis əməkdaşları ona yaxınlaşıb hal şahidi kimi iştirak etməyə dəvət ediblər:”Abuzər adlı şəxsin gödəkçəsinin cibindən aşkar edilən narkotik vasitə elektron tərəzidə çəkildi. Özü dedi ki, 1120 manata“İran bazarı”ndan alıb. Polislər heroini zərfə qoyub möhürlədilər. Daha sonra Abuzərin şalvarının cibindən 5 manat pul aşkar olundu. Həmin pul onun özünə qaytarıldı”.

Əvvəllər məhkumluq həyatı yaşayan A.Niftəliyev eyni maddə ilə həbsdə yatıb. Belə ki, Cəlilabad rayon məhkəməsinin 2 sentyabr 2011-ci il tarixli hökmü ilə 3 il azadlıqdan məhrum edilib. 2013-cü mayında amnistiya ilə azadlığa çıxıb.

Məhkəmə prosesi davam edir.

Sizin Reklam Yeriniz