Bu gün Qəbələ rayonunun Kürd kəndində 1991-ci il təvəllüdlü 3
uşaq anası Verdiyeva Səbinə Məzahir qızının qətlə yetirilməsinin
bəzi təfərrüatları məlum olub.
Movqe.az xəbər verir ki, S. Verdiyevanın atası Məzahir Cabbarov
açıqlamasında deyib ki, qızı boğulmayıb, xüsusi amansızlıqla, küt
alətlərdən və bıçaqdan istifadə edilərək qətlə yetirilib.
Bunu S. Verdiyevanın bədənindəki kəsilmiş-deşilmiş yaralar sübut
edir. M. Cabbarov iddia edir ki, qızını tək kürəkəni Xəyal Verdiyev
deyil, oğlanın atası Xaliq Verdiyev və anası Dürdanə Verdiyeva
birgə qətlə yetiriblər: “Son 1 il ərzində qızım həyat yoldaşı,
qaynanası və qayınatası tərəfindən 5 dəfə döyülüb, xüsusi
işgəncələrə məruz qalıb. Onu evə gətirsək də, həyat yoldaşı ilə
bir-birlərini sevərək ailə qurmuşdular, qızım ailəsinin dağılmasını
istəmirdi. Biz də valideynləri olaraq həm 3 uşaq anası olduğu, həm
də hamilə olduğu üçün qızımızın qayıtmasına razılıq vermişik. Biz
də ailəsinin dağılmasını istəmirdik. Sonuncu dəfə isə kənd icra
nümayəndəsi Eyyub Alıyevin zəmanət verməsi ilə qızımızın əri evinə
qayıtmasına razılaşdıq”.
M. Cabbarov qeyd edib ki, qızının həyat yoldaşının atası X.
Verdiyev və anası D. Verdiyeva gənc ailənin dağılmasını
istədiklərini heç vaxt gizlətməyiblər: “Bir həftə əvvəl Xaliq
Verdiyev küçədə qarşımı kəsdi, dedi ki, Səbinə yenidən əri evinə
qayıtsa, onu öldürəcəklər. Ancaq biz sonuncu dəfə də 3 uşaq anası,
hamilə olduğunu və həyat yoldaşı ilə bir-birinə sevdiyi, həm də
kənd icra nümayəndəsinin zəmanət verməsi səbəbindən onun geri
qayıtmasına razılıq verdik. Ancaq onlar ailəsinin dağılmamasını
istəyən qızımı xüsusi amansızlıqla öldürdülər. Tək Xəyal deyil,
atası Xaliq və anası Dürdanə də həbs edilməlidir”.
M. Cabbarov onu da nəzərə çatdırıb ki. Bu ilin mart ayında
amansızlıqla döyülmüş, burnu qırılmış qızının həmin vəziyyətdə
çəkilmiş fotoşəkilini polisə təqdim edib, tədbir görülməsini
istəyiblər: Ancaq polis hər hansı tədbir görmədi”.
M. Cabbarov bildirib ki, qızı sakit, ailəcanlı olub və kənddə də
hər kəs bunu təsdiq edə bilər: “Ancaq qayınatası və qaynanası onun
ailəsinin dağılmasını istəyirdilər”. /apa/