Əlaqə Arxiv
news Image
2016.12.22
08:00
| A A A
Terrorun Qərbə uzanan izləri
ABŞ-dan Fətullah Gülənin ekstradisiya edilməsi məsələsi yenidən gündəmi zəbt edir

Türkiyədə rus səfirinin terrorla qətlə yetirilməsi elə bir beynəlxalq ictimai-siyasi şəraitdə baş verib ki, sanki hər şey bütün təfərrüatı ilə göz qabağındadır. Ən sadə təhlilçi də anlayır ki, bu terrorun əsas səbəbi Türkiyə-Rusiya münasibətlərinin inkişafıdır. Məqsəd bu inkişafı dayandırmaq və münasibətləri korlamaqdır. Hər hansı bir əlavə tədqiqat aparmadan qatilin türk və gənc olması ilk növbədə onun Fətullah Gülənin rəhbəri olduğu dəstənin tərkibində olduğu düşüncəsini ortaya atır. Türkiyə tərəfindən qətlin istintaqının ilkin variantı da məhz bu istiqamətdə aparılır. Artıq rəsmi Ankara terrorçunun şəxsiyyətini açıqlayıb, onun Gülən tərəfdarı olması bəyan edilib. Qatilin bir neçə gün əvvəl sərgi ekspozisiyasına baş çəkib şəraiti öyrənməsi, törədəcəyi qətlin təfərrüatlarını dəqiqləşdirməsi müşahidə kameralarının yaddaşı vasitəsilə müəyyənləşdirilib. İsti izlər Qərbə tərəf uzanır. Bu, ümumi mənzərədir. Detalları istintaq müəyyənləşdirəcək.Bir neçə ay əvvəl, Fətullah Gülənin Türkiyədəki dövlət çevrilişi cəhdi boşa çıxandan sonra prezident Rəcəb Tayyip Ərdoğan Qərbin bu terrora münasibətini kəskin tənqid etmişdi. Həmin vaxt ABŞ prezidentliyinə namizəd olan və özünü Ağ Evdəki kreslonun yeni sahibi kimi aparan Hillari Klinton belə bir fikir səsləndirmişdi ki, Rusiya Qərbə təhdidlərində bir az sözlərini cilovlasa, yaxşıdır, əgər o, bu tempdə davam edərsə, bir neçə aydan sonra bunun nəticəsini görəcək. Təbii ki, fikrimiz rus səfirinin qətlini birbaşa bu sözlərlə əlaqələndirməkdən uzaqdır. Amma bu, düşünmək üçün müəyyən əsaslar yaradır və ümumi istiqamətin Qərbə yönəldilməsində vasitə rolunu oynayır. Beynəlxalq vəziyyətin hazırkı fonunda səfirin qətli primitiv məna daşıyır və bu mənada ABŞ xüsusi xidmət orqanlarının bu işdə xüsusi can-fəşanlıq etməsi yersiz görünür. Bəlkə də bu yalnız xəbərdarlıq siqnalıdır, ola bilər ki, arxasınca daha güclü zərbə vurulsun. Digər tərəfdən onsuz da Türkiyəyə 50 ildir zərbə-zərbə ardınca vurulur və bunların arxasında həmişə Qərbin izi aydın duyulur. PKK terror təşkilatının maddi və mənəvi cəhətdən həmişə dəstəklənməsi dediklərimizi qətiyyətlə sübut edir. 

Qətlin sifarişçiləri məqsədlərinə çatdılarmı? Bu görünmür. Rusiya tərəfi hadisənin ağırlığını qəbul etsə də, beynəlxalq situasiyanı hesabdan silməyərək səbirli və anlaşıqlı münasibət sərgilədi. Son söz istintaqın çıxaracağı qərardan asılıdır. Əgər maddi dəlillərlə qatilin fətullahçı olması sübuta yetirilsə, onda ABŞ-dan Gülənin ekstradisiya edilməsi məsələsi yenidən gündəmi zəbt edəcək və bu dəfə bu işdə Rusiyanın nüfuzunu da qiymətləndirmək lazım gələcək. Amerika hökumətinin baş terrorçunu Türkiyəyə verib-verməyəcəyi ilə ittihamlar arasında birbaşa əlaqə yaranacaq. Donald Trampın bu işdə səmərəli qərar verəcəyi ehtimalı güclüdür, təbii ki, əgər Güləni onun idrəçiliyi dövrünə sağ-salamat təhvil versələr. Əks halda Qərb bu işlə əlaqəli olduğunu biruzə verəcək ki, bu da onun özünü ifşa anlamına gələ bilər. 
Türkiyə-Rusiya münasibətlərinin inkişafını dayandırmaq bu saat mümkün deyil. Hər iki dövlət güclüdür və zəngin təcrübəyə malikdir. İndiki zamanda xarakterindən asılı olmayaraq, hər hansı kənar təsir nəticəsində onların münasibətlərinin korlaması imiclərinə böyük zərbə olar və beynəlxalq aləmdə nüfuzlarını xeyli dərəcədə itirərlər. Diplomatların öldürülməsi və bu kimi digər cəhdlər isə iki ölkənin daha da yaxınlaşmasına yalnız kömək edəcək. 
Bu arada Türkiyənin xarici işlər nazirli Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon söhbətində Andrey Karlovun Ankarada qətli üçün məsuliyyəti Fəthullah Gülənin təşkilatının üzərinə qoyub. Fəthullah Gülənə ABŞ-da hələ də göstərilən himayə isə həm də Vaşinqtonu burada hədəfə çevirir. Amma ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi ittihamları əsassız sayır: “Birləşmiş Ştatların Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə heç bir əlaqəsi yoxdur. Dövlət katibi Jon Kerri Türkiyənin  xarici işlər naziri ilə söhbət zamanı Gülənin ABŞ-da olması səbəbindən Amerikanın bu çirkin qətlə yardım etməsi və onda iştirakına dair Türkiyədə səsləndirilən bəyanatlardan narahatçılığını ifadə edib... Bu ittihamlar tamamilə yalandır və həqiqətlə heç bir əlaqəsi yoxdur".
N.NOVRUZ     

 

 

Sizin Reklam Yeriniz