Bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində - Zığ şosesində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb. Movqe.az-ın lent.az-a istinadən verdiyi məlumaya görə, qəzaya düşən “KİA Cerato” markalı, 90 VT 097 nömrə nişanlı avtomobili 1984-cü il təvəllüdlü Ədilov Sadiq Mətləb oğlu, “VAZ 2104” markalı, 10 AX 002 dövlət qeydiyyat nişanlı avtomobili isə 1973-cü il təvəllüdlü Quliyev Gülağa Məhərrəm oğlu sürürmüş.
“KİA Cerato”nu idarə edən S.Ədilov yüngül xəsarət alıb və hadisə yerinə gəlmiş polislərə deyib ki, digər nəqliyyat vasitəsi hərəkətdə olarkən yanmağa başlayıb və onun üzərinə yana-yana gəlirmiş. O deyib ki, hadisədən sonra düşərək kömək etməyə çalışıb və ilk olaraq 101-ə zəng edib.
Qeyd edək ki, məlum hadisədə “VAZ 2104”dəki 3 nəfərin hamısı yanaraq ölüb.
*****
10:27
Bu gün səhər saatlarında Bakı şəhərinin Suraxanı rayonu ərazisində - Zığ şosesində baş vermiş dəhşətli qəzada ölən şəxslərin kimliyi müəyyənləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, "KİA Cerato" markalı avtomobilin "VAZ 2104" markalı avtomobilə arxadan çırpılması nəticəsində ikinci nəqliyyat vasitəsi partlayaraq yanıb və avtomobildə olan 3 nəfər: Quliyev Gülağa Məhərrəm oğlu, Namiq və Elçin adlı şəxslər vəfat edib.
Şəxsiyyətləri hələlik tam müəyyənləşməmiş Namiq və Elçinin qardaş olduğu bildirilir.
Araşdırma aparılır.