Əlaqə Arxiv
news Image
2013.03.28
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Qobustanın tərəqqisi daha dinamik xarakter alır Bu gün dünya miqyasında Azərbaycanı fərqləndirən əsas cəhət ölkənin sosial-iqtisadi inkişaf tempinə görə dünyada liderlər cərgəsində yer almasıdır. Azərbaycan həyata keçirdiyi islahatlarla, qeyd olunan istiqamətdə qazandığı uğurlarla beynəlxalq miqyasda ön sıralarada yer alan dövlətlərdən biri kimi xarakterizə olunur. Ölkənin sürətli inkişafı hər bir vətəndaşın həyatında da öz əksini tapır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz günü-gündən çiçəklənir, qüdrətlənir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi xətt bu gün müasir tələblərlə tam səsləşərək davam etdirilir. Ölkə başçısının qarşıya qoyduğu vəzifələrin vaxtında və dəqiq yerinə yetirilməsi üçün bütün lazımı tədbirlər yüksək səviyyədə həyata keçirilir. Eyni zamanda yaşanan tərəqqi regionlarda da özünü qabarıq büruzə verir. 2009-cu ilin aprel ayının 14-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş " 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın ikinci mərhələsi respublikanın bütün bölgələrində uğurla icra edilir. "2009-2013-cü illər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Qobustan rayonunda da xeyli sayda işlər görlüb. Qədim tarixə, əlverişli coğrafi mövqeyə malik rayonlardan biri olan Qobustan günü-gündən gözəlləşir, abadlaşır. Aparılan məqsədyönlü siyasətin nəticəsində qısa vaxt ərzində Qobustan rayonunda xeyli iş görülüb. Qobustan şəhərində, qəsəbə və kəndlərdə, magistaral yolların kənarlarında, küçə və meydanlarda, parklarda, ictimai yaşayış binalarının həyətlərində təmizlik, abadlıq, səliqə-sahman işləri aparılır, yaşayış və ictimai binaların xarici görünüşü daha da gözələşdirilir, yeni yaşıllıqlar salınır.
Sosial-iqtisadi sahədə də mühüm nəticələrə imza atılır. Qobustan rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunları da bunu təsdiq edir. Məlumat üçün bildirək ki, keçən il rayonda ümumi məhsul buraxılışı 2011-ci ilə nisbətən 2012-ci ildə 36,7 faiz, o cümlədən sənaye məhsullarının həcmi 38,8 faiz, kənd təsərrüfatında isə 18,8 faiz artıb. 2012-ci ildə ümumi məhsul buraxılışının həcmi 2011-ci ilə nisbətən 37 milyon 489 min manat artaraq 101 milyon 805 min manata çatıb. Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında bu göstərici 44 milyon 799,6 min manat, sənayedə 10 milyon 8,5 min manat təşkil edib. Tikintidə iş və xidmətlərin həcmi, nəqliyyat, ticarət və sair sahələrdə də uğurlu nəticələr əldə edilib. Hesabat dövründə 57 min 610 ton və ya adambaşına 1,4 ton taxıl istehsal edilib ki, bu, əvvəlki ildəki göstəricidən 49,9 faiz çoxdur. Ümumiyyətlə, taxılçılıqda keçən il rayon tarixində ən yüksək göstəriciyə nail olunub. Hesabat dövründə inişilkinə nisbətən ət istehsalı 2,9 faiz artaraq 5259,9 tona, süd istehsalı 12,2 faiz artaraq 16885 tona, yumurta istehsalı 2,6 faiz artaraq 7,2 milyon ədədə, yun istehsalı isə 0,9 faiz artaraq 340,4 tona çatıb. Qobustanda son illərdə arıçılıq da surətlə inkişaf etdirilir. Hazırda rayonda 1231 arı ailəsi bəslənilir. Arıçılıqla məşğul olan sahibkarların sayı artır və təbii ki, bu, bölgədə bal istehsalının diqqətəlayiq dərəcədə çoxalmasına səbəb olur. Ötən il Bakıda təşkil olunan bal yarmarkasına qobustanlılar 500 kiloqram məhsul çıxarıblar. Rayonun Xilmilli, Cəyli, Nabır, Təklə və bir sıra digər kəndlərində, habelə Qobustan şəhərində arıçılıqla məşğul olan sahibkarların sayı daha çoxdur.
Rayonda yol infrastrukturunun yaxşılaşdırılması sahəsində də xeyli işlər görülüb. Belə ki, 2011-ci ildə ayrılmış 2 milyon və 2012-ci ildə ayrılmış 5,3 milyon manat vəsait hesabına 13 min nəfər sakinin yaşadığı 6 kəndi rayon mərkəzi ilə birləşdirən, ümumi uzunluğu 23 kilometr olan Qobustan-Xilmilli yolu əsaslı təmir edilib. Habelə, Qobustan-Təklə-Mirzəbaba, Ərəbşalbaş yollarına, şəhərdaxili yollara asfalt örtük çəkilib. Təhsil, səhiyyə sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin normal elektrik enerjisi, təbii qaz və su təchizatı ilə əlaqədar həyata keçirilən layihələr də mühüm uğurlara yol açır. Onu da qeyd edək ki, görülmüş tədbirlər nəticəsində 2012-ci ildə rayonda 2237 yeni iş yeri açılıb ki, bundan 782-si daimidir. Ötən ay isə Qobustan rayonunun ən iri yaşayış məntəqələrindən olan Bədəlli kəndində qazlaşdırma işlərinə başlanılıb. 1150 nəfərin yaşadığı Bədəllidə artıq kənddaxili qaz kəməri Bu il Bədəlli kəndindən başqa daha 5 kənd yaşayış məntəqəsinə təbii qaz veriləcək. Poladlı, Yekəxana, Təsi, Sədəfli və Şıxzahirli kəndlərinin qazlaşdırılması ilə əlaqədar layihə-smeta sənədləri hazırlanıb.
Rayonun qədim yaşayış məskənlərindən biri olması isə onun turizm potensialını daha da artırır. Yeri gəlmişkən qeyd edək ki, -Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Bakıdan cənubda, böyük Qafqaz sıra dağlarının cənub-şərq yamacı ilə Xəzər dənizi arasındakı düzənlik ərazidə yerləşir. 537 hektar ərazini əhatə edən qayaüstü rəsmlərdən ibarət mənzərə bu ərazinin bir hissəsini təşkil edir. Əvvəlcə turistləri keçən ilin martında açılmış yeni muzeylə tanış edirlər. Muzeyin informasiya mərkəzində qonaqlar sensor ekrandan istifadə edərək müxtəlif dillərdə geniş informasiya ala bilərlər. Muzeyin on iki zalı innovasiya texnologiyası, interaktiv stendlər, 3D video və başqa avadanlıqla təchiz olunub. Sensor ekranda minilliklər ərzində Xəzər dənizində baş vermiş dəyişiklikləri əks etdirən animasiya təsvirlərini müşahidə etmək, Qobustanın təbiəti, florası barədə məlumat almaq olar. İnsan qalıqları, daşlar, çini qablar, tarixəqədərki dövrün modabazlarının bəzək əşyaları və arxeoloji qatlardan tapılmış digər eksponatlar maraq doğurur. Buradakı "Zamana səyahət" zalında turistlər ilkin dövrdən başlayaraq Qobustanda baş vermiş böyük təbii dəyişiklikləri, dünyada insan düşərgələrinin coğrafiyasını görə bilərlər.
Qoruğun ərazisində həmçinin 3D formatında virtual video-uçuş da etmək olar. Qobustan abidələri iki qrupa bölünür: qayaüstü təsvirlər, qədim düşərgələr və digər obyektlər. Qobustanın Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şonqardağ və Şıxqaya dağlarındakı qayaüstü təsvirlər, insan düşərgəsi, qəbirüstü abidələr və s. daş dövründə və sonrakı dövrlərdə regionun sakinləri barədə məlumat verir. Burada, həmçinin qədim dövrə aid böyük dairəvi tikililərin qalıqları da vardır. Qayalıq yaylanın üç hissəsində rəsmlər tapılmışdır, burada aşkara çıxarılmış mağaralar, məskən və sərdabə izləri üst paleolit dövrü ilə orta əsrlər arasındakı dövrdə bu ərazidə insanların sıx yaşadıqlarını göstərir.
Qoruğun ərazisində ilk arxeoloji qazıntılar XX əsrin 30-cu illərində başlanıb. 1939-1940-cı illərdə Azərbaycan arxeoloqu İshaq Cəfərzadə burada təqribən 3500 qayaüstü təsvir, rəsm və nişan, habelə qayalarda əl ilə açılmış oyuqlar, dəliklər və s. aşkar edib. Qobustanda mezolit dövründən orta əsrlərədək yaradılmış təqribən 6000 rəsm vardır. Rəsmlərə əsasən mağaralarda və qaya parçalarında rast gəlmək olar. Onların arasında ov, ritual rəqs, əkinçilik səhnələri, müxtəlif heyvanlar, qayıqlar və rəmzi işarələr təsvir edilib. Qobustan üçün həm kişi, həm də qadın təsvirləri səciyyəvidir. Rəsmlərdə kişilər ox-kamanlı ovçu simasında, uca boylu, qamətli, bellərində kəmər, möhkəm əzələli təsvir olunublar. Yallı rəqsini çox xatırladan, iki cərgədə qrup şəklində ifa olunan ritual-mərasim rəqsi diqqəti cəlb edir. Böyükdaşda oyulmuş bu səhnələr eramızdan əvvəl III-II minilliklərə aiddir.
Daşlarda qadınlar matrona, matriarxat dövrünün dayağı, həmçinin döyüşçü qadın kimi təsvir olunublar. Belə ki, "Yeddi gözəl" mağarasında incə belli, güclü ayaqları olan və arxasında kaman daşıyan qadın təsvirləri görmək olar. Qobustanın qayaüstü təsvirlərində son 25 min ildə burada yaşamış heyvanların - ceyran, vəhşi keçi, maral, vəhşi donuz, at, şir və başqa heyvanların rəsmlərini görmək olar. Qayalarda həmçinin quş, balıq, ilan, kərtənkələ və müxtəlif həşərat təsvirləri vardır. Tunc dövründə Azərbaycan ərazisində yaşamış tayfalar arasında günəşə sitayişin geniş yayıldığı təsdiq olunur. Bu, Qobustan petroqliflərində də əks olunub. Buradakı günəş işarələri kənarlarından şüalar çıxan və çarpaz xətləri olan dairə şəklində təsvir edilib. Eramızdan əvvəl II minilliyə aid rəsmləri - ucunda parlayan günəş diski olan qayıq rəsmlərini günəş mifologiyası ilə əlaqələndirirlər. Roma yazısı - İldırım sürətli XII legionun buraya gəlməsi haqqında yazı turistlərin böyük marağına səbəb olur. Qobustanın Qavaldaşı da turistlər üçün çox maraqlıdır. 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi Qobustan nominasiyası üzrə idarəetmə və iş planı hazırlayıb UNESCO-ya təqdim etmişdir. Həmin dövrdə Heydər Əliyev Fondunun dəstəyi və onun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban ƏIiyevanın təşəbbüsü ilə UNESCO-nun baş direktoru Koişiro Matsuura qoruğa dəvət olunub. O, Qobustan abidələri ilə tanış olmuş, UNESCO-nun, Abidələrin və tarixi yerlərin qorunub saxlanması üzrə beynəlxalq şuranın ekspertləri isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin planını bəyənərək qoruğu qiymətləndirmişlər. 2007-ci il iyunun 23-dən iyulun 2-dək UNESCO-nun Dünya İrs Komitəsinin Yeni Zelandiyanın Kraystçerç şəhərində keçirilmiş 31-ci sessiyasında Qobustanın qayaüstü rəsmlərindən ibarət mədəni abidə Ümumdünya irsi obyektləri siyahısına daxil edilib. Rayonda digər sahələr üzrə də dinamik tərəqqi qeydə alınır.
Elşən BAYRAMOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.
Sizin Reklam Yeriniz