Əlaqə Arxiv
news Image
2013.05.07
09:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
İmişli abadlıq-quruculuq ünvanına çevrilib

Müasir Azərbaycanın modern inkişaf yolunda qazandığı nailiyyətlər onun tərəqqi templərini getdikcə daha sürətli hala gətirməkdədir. Bu hal ölkənin hər bir bölgəsində, o cümlədən Azərbaycan regionlarında da özünü qabarıq büruzə verir. Qeyd edilənlərin real təsdiqini İmişli rayonunun timsalında da görmək mümkündür. Cari ilin ilk rübünün uğurlu sosial-iqtisadi nəticələri də sadalananların konkret təsdiqidir.

Məlumat üçün bildirək ki, 2013-cü ilin birinci rübündə İmişli rayonunun sosial-iqtisadi inkişafında bir sıra uğurlu nəticələr əldə olunub. İqtisadiyyatın əsas sahələri üzrə 70 milyon manatlıq məhsul istehsal edilib və ya xidmət göstərilib. Ümumdaxili məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artıb, həmin artım ticarətdə 42,4 faiz, kənd təsərrüfatında 28 faiz, rabitədə 6,9 faiz, nəqliyyatda isə 4,1 faiz təşkil edib. Rüb ərzində ümumdaxili məhsul istehsalı struktur tərkibinə görə, sənaye üzrə 37 faiz, kənd təsərrüfatı üzrə 23,9 faiz, tikinti üzrə 18,6 faiz, ticarət üzrə 18 faiz, nəqliyyat üzrə 2,3 faiz, rabitə üzrə isə 0,2 faiz təşkil edib, rayon iqtisadiyyatında əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutub.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə bağlı 2013-cü ilin birinci rübündə dövlət vəsaiti hesabına inşa olunan 180 şagird yerlik Hacıbabalı kənd ümumi orta məktəbinin yeni binasının tikintisi davam etdirilib, Cavadxanlı, Buludlu kənd tam orta, Cəfərli 1 saylı tam orta məktəblərində bərpa-gücləndirmə, həmçinin, Sarıxanlı 1 saylı kənd tam orta məktəbində bərpa-gücləndirmə və əlavə sinif otaqlarının tikintisinə, 960 şagird yerlik şəhər 5 saylı məktəb-liseyin isə əsaslı təmir olunmasına başlanılıb. İmişli Regional Ədliyyə şöbəsi üçün dörd mərtəbəli inzibati binanın tikintisi davam etdirilib, tikinti işlərinin avqust ayına kimi başa çatdırılması nəzərdə tutulub.

İmişli şəhərində inşa olunan "Gənclər Mərkəzi"nin də tikintisi başa çatıb. Rayon Tarix-diyarşünaslıq muzeyinin əsaslı təmir işləri nəticəsində dam örtüyü dəyişdirilib, bina ağ layla üzlənib. Sahəsi 200 kvadratmetr, 2 zaldan ibarət olan muzeyin daxili tərtibatı yenidən qurulub, eksponatların sayı 4 min ədədə çatdırılıb. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına Rayon Mərkəzi xəstəxanasının əsaslı təmiri başa çatıb, xəstəxana müasir tibbi avadanlıqlarla təchiz olunub. Burada martın 28-dən "Dializ" şöbəsi fəaliyyətə başlayıb.

İmişli şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar "Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci layihə" çərçivəsində tikinti işləri davam etdirilir. Hazırda Beyləqan rayonunun Aşıqlılar kəndi ərazisində qazılması nəzərdə tutulmuş 5 ədəd artezian quyusundan 1 ədəd kəşfiyyat quyusu qazılıb istismara tam hazır vəziyyətdədir, 4 ədəd quyuda isə qazma işləri aparılır. 630 mm-lik polietilen boru ilə 29,5 km-lik Beyləqan-İmişli magistral su xəttinin tikintisi başa çatıb, magistral su xətti üzərində yerləşən Şahverdili, Göbəktala, Məhəmmədli və Rəsullu kəndlərini içməli su ilə təmin etmək üçün 100 mm-lik borular vasitəsilə çıxışlar qoyulub. Magistral xətt üzərində nəzərdə tutulan müxtəlif təyinatlı bütün quyuların və suqəbuledici kameranın tikintisi başa çatdırılıb. Layihədə nəzərdə tutulmuş 1 ədəd 1500 kubmetrlik və 2 ədəd 2500 kubmetrlik su anbarının tikintisi başa çatdırılıb, 630 mm-lik polietilen boru ilə 4039,4 p/m kanalizasiya kollektor xətti çəkilib. Şəhərdaxili 5,6 km kanalizasiya xəttində, 148,5 km içməli su xəttində tikinti işləri başa çatmış, kanalizasiya xətti çəkilərkən 230 ədəd dəmir-beton quyular, su xətti çəkilərkən 428 ədəd yanğın hidrantı və 24 ədəd su kameraları inşa olunub, 2691 evə su xətti birləşdirilib, 595 ədəd "SMARTkart" tipli sayğaclar quraşdırılıb.

Ötən dövr ərzində ərzində heyvandarlıq və quşçuluq sahələri də inkişaf edib, rayon üzrə mal-qaranın sayı 89504 başa, qoyunların sayı 240464 başa, quşların sayı isə 1304662 başa çatıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 1712 baş, qoyunlar 5575 baş, quşlar isə 32741 baş artıb. Ət istehsalı (diri çəkidə) 2739,2 ton, süd istehsalı 11267,5 ton, yumurta istehsalı isə 26563,2 min ədəd olub, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün heyvandarlıq məhsullarının istehsalı artıb. 1 aprel 2013-cü il tarixə kimi 10757 hektar sahədə buğda, 5199 hektar sahədə arpa, 191 hektar sahədə kartof, 11 hektar sahədə bostan, 139 hektar sahədə tərəvəz, 1 hektar sahədə dən qarğıdalı, 420 hektar sahədə isə şəkər çuğunduru əkilib. Bu sahədə işlər davam etdirilir.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi nəzərdə tutulub, bunun üçün torpaq sahəsi ayrılıb. Rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün 550 məcburi köçkün ailəsinə fərdi yaşayış evlərinin tikintisi üçün Bəhrəmtəpə qəsəbəsində 100 hektar torpaq sahəsi ayrılıb, hazırda 325 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evlərinin və 360 şagird yerlik 2 mərtəbəli yeni məktəb binasının tikintisi başa çatıb, 50 yerlik uşaq baxçası, inzibati bina, klub, feldşer-mama məntəqələrində isə tikinti işləri davam edir.

Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülüb, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC-nin Kəllə qənd, Qarışıq Yem, Bitki Yağları, Spirt emalı, Çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən "Araz Damazlıq quşçuluq" MMC istifadəyə verilib. Xatırladaq ki, rayon iqtisadiyyatının əsasını sənaye və kənd təsərrüfatı məhsulları təşkil edir. Ümumi məhsul buraxılışının həcmi isə bu fonda daim artır. Rayonda istehsal olunan sənaye məhsulunun bir hissəsi xarici ölkələrə ixrac olunur. Rayon ərazisində illik istehsal gücü 300-350 min ton olan Şəkər zavodu, Azərbaycan Şəkər İstehsalat Birliyinin Spirt, Bitki yağları, Qarışıq yem zavodları, "Araz" Konservləşdirilmiş Şirələr və Konyak zavodu, Muradxanlı İriləşdirilmiş Neft Mədəni, Xam pambığı emal edən zavod, ət və ya pendir kombinatları, qum-çınqıl karxanaları, quşçuluq-broyler fabriki, damazliq yumurta sexləri və bu kimi digər sənaye obyektləri fəaliyyət göstərir.

2013-cü ilin birinci rübü ərzində Ağsu-Kürdəmir-Bəhrəmtəpə, İmişliyə giriş və Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun bəzi yerlərində təmir işləri aparılıb, 36 saylı yol istismarı idarəsi tərəfindən 110 min manat məbləğində iş həcmi yerinə yetirilib, Hacıqabul-Bəhrəmtəpə və İmişli-Biləsuvar avtomobil yolu, müvafiq olaraq Türkiyənin "Kolin" və Azərbaycanın "AzərStar" şirkətləri tərəfindən əsaslı təmir olunur. Hazırda Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 101-103-cü km-də torpaq yatağının və əsasın tikilməsi işləri aparılır.

Rüb ərzində rayon ərazisindəki magistral avtomobil yollarının ətrafına 19,5 min ədəd müxtəlif növ ağaclar əkilib. Həmçinin, 36 saylı Yol Istismar idarəsi tərəfindən Xəlfəli-Hacalmuradlı avtomobil yolu avtoqreyderlə hamarlanıb. 2013-cü ildə şəhərin 20 Yanvar küçəsi, rayonun Çahar, Bəcirəvan və Cəfərli kəndlərinə giriş yolları üçün 22949 kvadratmetr həcmində, 790 min manat məbləğində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub, birinci rüb ərzində layihə-smeta sənədləri hazırlanıb. Rüb ərzində şəhərin 20 Yanvar, Bayraq meydanı, Mərkəzi rayon xəstəxanasının qabaq hissəsi, Həsənoğlu və A.Ələsgər küçəsində yerləşən məhəllələrdə, M.Əsədov küçəsindəki 13 və 14 saylı binaların ətrafında 260,9 min manat məbləğində abadlıq işləri görülüb. Həmçinin ötən müddət ərzində şəhərin Heydər Əliyev prospekti, 20 Yanvar, M.Əzizbəyov, H.Aslanov və S.Ağamalıoğlu küçələrində yenidənqurma işləri aparılıb, müasir tipli elektrik dirəkləri və işıqforlar quraşdırılıb, park və meydanlar abadlaşdırılıb.

İmişli şəhərində 0,4 kv-luq elektrik veriliş xətlərinin SİP kabeli ilə əvəz olunması, qabaqcadan ödənişli SMART-kart tipli sayğacların və elektrik dirəklərinin quraşdırılması işləri başa çatıb, 2013-cü ilin birinci rübü ərzində rayon ərazisində 2715 metr məsafəyə SİP kabeli, 12110 metr məsafəyə isə naqil xətləri çəkilib, 956 ədəd elektron tipli enerqomer sayğaclar quraşdırılıb. Rüb ərzində 22 ədəd müxtəlif gücdə olan transformatorlar təmir edilib, 28 ədəd istismara yarasız ağac dayaqlar yeniləri ilə əvəz olunub, 35 ədəd dəmir-beton dayaqlar basdırılıb. Həmçinin, 9 ədəd istismara yararsız dayaqlar, 15 ədəd metal dayaqlarla əvəz olunub.

2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarının təhlili göstərir ki, rayonda iqtisadiyyatın bir çox sahələrin inkişafı təmin edilib, İmişli şəhərində abadlıq-quruculuq işləri həyata keçirilib, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində yaxşı nəticələr əldə olunub. Bütün bunlar qarşıdakı dövr ərzində də dinamik inkişafın əldə olunmasını şərtləndirir.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz