Əlaqə Arxiv
news Image
2019.05.01
07:14
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Azərbaycan ən az xarici borcu olan dövlətlər sırasındadır

Son illərdə Azərbaycan iqtisadiyyatı kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid mərhələsinə qədəm qoymuş, 2015-ci ildən etibarən neftin dominant rol oynadığı iqtisadi inkişaf tranzitindən məzmun etibarilə qeyri-neft iqtisadiyyatının dinamik və aparıcı hərəkətverici əhəmiyyət kəsb edən postneft erası dövrünə daxil olmuşdur.

Gələcəyə baxış strategiyasına əsaslanan milli inkişaf modeli ölkənin bütün iqtisadi potensialından səmərəli və optimal istifadəni zəruri edir. Ölkədə post-neft iqtisadiyyatının formalaşdırılması üçün kompleks, sistemli, dinamik iqtisadi islahatların həyata keçirilməsi labüddür. İqtisadi proqnozlara əsaslanmaqla iqtisadi ideyanın praqmatik gerçəkləşməsini təmin etmək və güclü inkişaf arxitekturasını möhkəmləndirmək Azərbaycan dövlətinin strateji məqsədlərindəndir. Həmin məqsədlərə və hədəflərə nail olmaq üçün strateji yol xəritələrinin hazırlanması və icrası məqsədəuyğun hesab edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında" 2016-cı il 16 mart tarixli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır. Ölkəmizin iqtisadi qurumları və iqtisadi komanda ilə yanaşı, yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, habelə ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində hazırlanmış strateji yol xəritələri qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planından, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışdan və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev "İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri" adlı məqaləsində qeyd edir ki, Azərbaycanda iqtisadi inkişafın yeni mərhələsi qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, yoxsulluq səviyyəsinin azaldılması, çoxsaylı iş yerlərinin açılması ilə xarakterizə olunur. Eyni zamanda, regionlarımız inkişaf etdirilir və bu da əyalətlərdə iqtisadi fəallığın yüksəlməsi ilə müşayiət olunur: "Yeniləşmənin bütün istiqamətlər üzrə uğurla reallaşdırılması ölkənin inkişafı ilə bağlı konkret hədəflərin müəyyənləşdirilməsindən bilavasitə asılıdır. Azərbaycan özünün perspektiv inkişaf xəttini artıq müəyyən etmişdir. Bu, qəbul edilmiş dövlət proqramlarında, strateji yol xəritələrində bir daha öz əksini tapır. Həmin sənədlər ölkəmizdə proqramlı idarəetməni səciyyələndirməklə yanaşı, həm də Prezident İlham Əliyevin siyasi, sosial-iqtisadi və institusional inkişafla bağlı hədəflərini özündə ehtiva edir".

Strateji Yol Xəritəsi geniş və çoxşaxəli hədəfləri özündə birləşdirən konseptual dövlət sənədi olmaqla, iqtisadiyyatın hərtərəfli diaqnostikası əsasında gələcəyə baxış bucaqlarının trayektoriyalarını əks etdirir. Sənəddə davamlı inkişafın məqsəd və prinsiplərinə uyğun olaraq, iqtisadi artımla sosial inkişafın və sosial bərabərliyin həmrəyliyinə əsaslanan güclü, şəffaf və açıq iqtisadiyyatın yaradılması nəzərdə tutulmuşdur. Sənəddə 2020-ci ilədək milli iqtisadiyyatın inkişafına xarici-neqativ

təsirləri azaltmaq, beynəlxalq inteqrasiya proseslərindən səmərəli faydalanmaq, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyini yüksəltmək, dövlət büdcəsinin və valyuta məzənnəsinin neftdən asılılığını kəskin azaltmaq mühüm vəzifələr kimi qarşıya qoyulmuşdur.

Ümumiyyətlə, yol xəritələrinin elmi-konseptual məzmunu qlobal mənfi tendensiyalara qarşı iqtisadi immuntitetin gücləndirilməsi, maliyyə sabitliyi arxitekturasının möhkəmləndirilməsi, iqtisadiyyatın qeyri-neft sektorunun şaxələndirilməsi, rəqabətqabiliyyətli milli məhsul istehsalı və ixracı üzrə dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsi, yeni iqtisadi mühitin tələblərinə uyğun sosial, humanitar, elmi-mədəni sahələrin mövcud vəziyyətinin tamamilə müasirləşdirilməsi və digər makroiqtisadi hədəflərə nail olunmasından ibarətdir. İqtisadi intibahın əsas fundamental dayağı olan makroiqtisadi sabitliyin qorunması və maliyyə-fiskal siyasətin yeni real iqtisadi mənzərəyə uyğunlaşdırılması ilə bağlı təşviqedici siyasətin yürüdülməsi də gələcəyə nikbin baxış ssenarisinin əsas tərkib hissəsidir.

"Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi" dayanıqlı və etibarlı markoiqtisadi sabitliyinin təmin olunması baxımından fundamental əhəmiyyət daşıyır. Hazırda maliyyə sistemində mühüm inkişaf hədəflərindən biri dövlət xərclərinin səmərəliliyinin artırılması, dövlət borcunun idarə edilməsində müasir iqtisadi yanaşmanın tətbiq olunmasıdır. Dövlət borcunun səviyyəsi beynəlxalq təcrübədə müəyyən olunan göstəricilərə əsasən sabit olsa da, borcun vəziyyətinə nəzarətin mütəmadi təmin edilməsi bu sahədə xüsusi strategiyanın işlənib hazırlanması zərurətini aktuallaşdırmışdır. Bu siyasətin tərkib hissəsi kimi dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli Strategiyanın hazırlanması qarşıya məqsəd qoyulmuşdur.

Son 3 ildə Azərbaycanda iqtisadi aktivliyin bərpası məqsədilə iqtisadi siyasətin daha da təkmilləşdirilməsi, institusional islahatların sürətləndirilməsi istiqamətində fəaliyyət də dərinləşdirilmişdir. İqtisadiyyatın inkişafı, investisiya və biznes mühitinin yaxşılaşdırılması, sahibkarlar üçün əlverişli imkanların yaradılması və dövlət dəstəyinin gücləndirilməsi, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi istiqamətində mühüm tədbirlər reallaşdırılmışdır. Biznes mühitinin yaxşılaşdırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə, sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayının isə təqribən 4 dəfə azaldılaraq 330-dan 87-ə endirilməsi ilə bağlı mühüm qərarlar qəbul olunmuşdur.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 24 avqust 2018-ci il tarixli "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamı həmin məqsədlərə çatmaq üçün hərtərəfli tədbirlərin konturlarını özündə əks etdirir. Strategiyanın başlıca məqsədi qlobal iqtisadiyyatda və maliyyə bazarında baş verən proseslər fonunda ölkənin maliyyə dayanıqlığının daha da gücləndirilməsi, dövlət borcalmalarında səmərəliliyin artırılması, qarşıda duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla bu sahədə risklərin effektiv idarə edilməsi, nəzarət mexanizminin təkmilləşdirilməsi, habelə, dövlətin maliyyə ehtiyaclarının ən az xərclə təmin edilməsi üçün tələb olunan tədbirləri müəyyən etmək, bu tədbirlərə müvafiq siyasət çərçivəsini formalaşdırmaq, bütün aidiyyəti tərəfləri müvafiq qaydada məlumatlandırmaqdır.

Sənəd ortamüddətli və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək dövlət borcalmaları sahəsində yeni strategiya və tədbirlər planından, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışdan ibarətdir. Strategiyada müəyyən edilmiş hədəflərə nail olmaq üçün 3 strateji məqsədin və 5 prioritet tədbirin həyata keçirilməsi planlaşdırılır. Birinci strateji məqsəd kimi həm ortamüddətli, həm də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının ehtiyaclarını nəzərə almaqla dövlət borcunun dayanıqlığını təmin etmək nəzərdə tutulur. Bu məqsədlə 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəfi gözləniləcəkdir. Eyni zamanda, ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 15 faizdən aşağı olması hədəflənir.

Digər strateji məqsəd dövlətin digər mənbələrdən təmin oluna bilməyən maliyyə ehtiyaclarını ən az xərclə və aşağı risklərlə qarşılamaqdır. Bu istiqamətdə 2025-ci ilədək xarici valyuta riskinin idarə olunan səviyyədə saxlanılması məqsədilə xarici valyuta nominallı borc öhdəliklərinin 87 faizə qədər azaldılması nəzərdə tutulur. Eyni zamanda, faiz dərəcəsi riskinin məqbul həddə saxlanılması üçün dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payının 56 faizi keçməməsi digər hədəf kimi müəyyən olunmuşdur.

İqtisadçı ekspertlərin fikrincə, əgər dünya dövlətləri əvvəllər sadəcə müxtəlif layihələri həyata keçirmək üçün məcburən xarici borclanmaya gedirdilərsə, müasir dövrdə belə vəsaitlər iqtisadi inkişafın maliyyələşdirilməsində əsas mənbələrdən sayılır. Lakin sırf büdcə kəsirinin örtülməsi məqsədilə xarici mənbələrdən müntəzəm şəkildə kreditlərin cəlbi, eyni zamanda xarici borcların müəyyən limiti keçməsi təhlükəli hal kimi qarşılanır. Xarici borcun həcminin ixracda 200 faizdən, ÜDM-də 40 faizdən çox olması böhranlı vəziyyət kimi səciyyələnir.

Samir Mustafayev

Sizin Reklam Yeriniz