Əlaqə Arxiv
news Image
2019.06.03
13:00
| A A A
Əcnəbilərin əmək fəaliyyətinin bir sıra aspektləri müzakirə edilib

Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər regional miqrasiya idarəsində Xidmət yanında İctimai Şuranın təşəbbüsü və “Y-Lex Consulting” şirkətinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Burada əsas məqsəd əmək fəaliyyətinə əcnəbiləri cəlb edən sahibkarlıq subyektlərinin bu sahədə məlumatlılığının artırılması, onların bu kimi fəaliyyətlərinin düzgün məcraya istiqamətləndirilməsi, əmək miqrasiyası ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi üzrə dəyişikliklər və biznes mühitinin uğurlu inkişafının təmin edilməsinə dair irəli sürülən təkliflər ətrafında müzakirələrin aparılması olub. Tədbirdə iştirak edən Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, miqrasiya və hüquq məsələləri üzrə mütəxəssislər əmək miqrasiyası ilə bağlı təcrübələrini bölüşərək qayğılandıran məsələləri müzakirəyə çıxarıblar. 
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov təmsil etdiyi qurumun əmək miqrasiyası sahəsində həyata keçirdiyi fəaliyyətlər və perspektiv planlar barədə məlumat verib, miqrasiya qanunvericiliyi sahəsində baş verən dəyişikliklərin aktual aspektlərinə toxunub. Milli Məclisdə Miqrasiya Məcəlləsinə qəbul olunan dəyişiklik barədə danışan A. Allahverənov Məcəllənin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğdə pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsinin verilməsini müsbət qiymətləndirib. Eyni zamanda, bu məsələnin bəzi nüansları və yol veriləcək mümkün sui-istifadə hallarına da diqqəti çəkib. 
“Y-Lex Consulting” şirkətinin rəhbəri və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədr müavini Kəmalə Məmmədova Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin əmək miqrasiyası ilə bağlı müddəaları barədə geniş məlumat verib. 
Dəyirmi masada iştirak edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin baş inspektoru Vaqif Mansurov banklara əcnəbilər tərəfindən yatırılan pul vəsaiti ilə əlaqədar yarana biləcək sui-istifadə hallarının qarşısının alınması yolları barədə məlumat verib. Bildirib ki, banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə alan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilən şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat verir.  O həmçinin qeyd edib ki, dəyişikliklə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadıldığı halların sayı artırılıb. Belə ki, Məcəllənin 40-cı (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı hallar) maddəsinə edilən əlavəyə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının) övladının, qardaşının, bacısının Azərbaycanda müvəqqəti müddəti uzadıldıqda həmin şəxsin də müvəqqəti olma müddəti uzadılır. 

Sonda tədbir iştirakçıları bu kimi maarifləndirmə xarakterli tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

 

 

 

Sizin Reklam Yeriniz