Əlaqə Arxiv
news Image
2019.06.14
06:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Nağdsız ödənişlərin genişləndirilməsi təmin edilir

Ölkənin sosial-iqtisadi cəhətdən sürətlə modernləşməsi Azərbaycanda da sahibkarlıq subyektlərinin fəaliyyətində şəffaf maliyyə mexanizmlərinin tətbiqini zərurətə çevirib. Şəffaflıq və hesabatlılığın təmin edilməsi hazırkı dönəmdə özəl sektorun inkişafının vacib meyarı kimi çıxış edir. Bu baxımdan ölkədə nağdsız ödəniş sisteminin müsirləşdirilməsi maliyyə-bank sisteminin inkişafı ilə yanaşı, cəmiyyətdə şəffaf maliyyə mexanizmlərinin tətbiqi, vergi bazasının genişlənməsi baxımından vacibdir.

Son illər Azərbaycanda qeyri-nağd ödənişlərin artması aidiyyəti dövlət strukturlarının, ilk növbədə, Mərkəzi Bankın, Vergilər Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin bu sahədə həyata keçirdiyi tədbirlərin, maarifləndirmə-təşviqat işinin uğurlu nəticəsidir. Ticarət, xidmət və ictimai iaşə obyektlərində POS-terminalların quraşdırılmasının təmin edilməsi ilə ölkədə fəaliyyət göstərən banklarla birlikdə texniki, eyni zamanda, məlumatlandırma və maarifləndirmə işləri həyata keçirilir. Qarşıda duran əsas vəzifələrdən biri nağdsiz ödənişlərin stimullaşdırılması, həmçinin vergi, rüsum, icarə haqqı və digər ödənişlərin dövlət qurumlarına birbaşa ödənilməsi yolu ilə bankdan kənar nəğd qaydada aparılmasının minumuma endirilməsi istiqamətində işlərin genişləndirilməsidir.

Nazirlər Kabinetinin 2012-ci il oktyabrın 4-də təsdiq etdiyi «Azərbaycan ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları»nda ölkədə POS-terminalların quraşdırılması prosesi 2015-ci ilin sonunadək əsasən başa çatdırılıb. Qaydalara edilmiş əlavələrə görə, Bakıda, Gəncədə və Sumqayıtda bu proses 2012-ci ildə, Abşeron, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan, Sabirabad rayonlarında və şəhərlərində (kənd və qəsəbələr istisna olmaqla) - 2013-cü ildə, digər rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) 2014-cü ildə başa çatdırılıb. Sənədə əsasən, ölkənin bütün kənd və qəsəbələrində 90 minə yaxın POS-terminallar quraşdırılıb.

Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində qeyri-nəğd ödəniş sisteminin iqtisadi həyatın bütün sahələrində tətbiqi ciddi zərurət kimi meydana çıxıb. Hökumət səviyyəsində həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər yaxın illərdə bu sahədə əhəmiyyətli dönüşün baş verəcəyini əminliklə söyləməyə ciddi əsaslar yaradır. Hökumət müasir mexanizmlərin tətbiqi yolu ilə cəmiyyətdə özünü göstərən neqativ hallara, o cümlədən vergidən yayınma və korrupsiyaya qarşı mübarizə tədbirlərini genişləndirmək niyyətindədir.

Nağdsız ödəniş sistemlərinin inkişafı məhz informasiya kommunikasiya texnologiyalarının (İKT) müasir inkişaf səviyyəsinə çatmasından sonra mümkün olmuşdur. "Azərbaycan Respublikasının inkişafı naminə informasiya kommunikasiya texnologiyaları üzrə Milli Strategiya"da müəyyənləşdirilən hədəflərdən biri də məhz nağdsız ödənişlər sisteminin inkişaf etdirilməsidir. Hazırda ölkədə nağdsız ödənişlərin həyata keçirilməsi məsələsi istər fərdi cihazlarla, istərsə də xüsusi ödəniş terminalları vasitəsilə həllini tapıb.

Bu baxımdan son illərdə bir sıra mühüm sənədlər qəbul olunmuşdur. Xüsusən də dövlət başçısı tərəfindən "Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin (MÖS) İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı" təsdiqlənməsi yaradılan milli ödəniş sisteminin imkanlarından daha aktiv istifadə olunmasını, bütün ölkə üzrə vahid elektron ödəniş məkanının yaradılmasını, hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılmasını mümkün edib. Adı çəkilən proqram ödəniş sistemləri sahəsində aparılan islahatların əhatə dairəsinin genişləndirilməsini və regionlara istiqamətləndirilməsini təmin edib.

Dövlət Proqramının əsas hədəflərində biri də kommunal xidməti müəssisələrinin daxili informasiya sistemlərinin inkşaf etdirilərək Milli Ödəniş Sistemi infrastrukturuna texnoloji inteqrasiyanın həyata keçirilməsi, kommunal xidmətlər üzrə ödənişlərin yığım səviyyəsinin və şəffaflığın daha da artırılması və bu sahədə maliyyə dövriyyəsinin bank sisteminə cəlb edilməsi idi.  Bununla bağlı, Milli Ödəniş Sisiteminin yeni bir komponentinin - Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) konsepsiyası təsdiq edildi.

MÖS infrastrukturunun növbəti inkişaf mərhələsində dövlət büdcəsinə ödənişlərin bankdan kənar nağd qaydada aparılmasının aradan qaldırılması, modern və çevik idarəetmənin təmin edilməsi üçün dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə rüsumların və digər ödənişlərin real vaxt rejimində, elektron formada ödənilməsinin təmin edilməsi məqsədi ilə Mərkəzi Bank tərəfindən xüsusi bir layihə həyata keçirildi. Belə ki, KÖMİS-in bazasında “Hökumət Ödəniş Portalı” (HÖP) yaradıldı.

Ölkədə müxtəlif nağdsız ödəniş sistemlərinin yaradılmasının əsas mahiyyəti irili-xırdalı bütün ödənişlərin abonent bazasını yaratmaqla, ödəniş prosesinin səmərəliliyini və şəffaflığını təmin etmək, vətəndaşlara ən müasir ödəniş mexanizmləri vasitəsilə ödəmələrin aparılmasına şərait yaratmaqdandır. Nağdsız ödənişlərin həcminin artırılması nəticəsində dövriyyədə olan nağd pul kütləsinin əksər hissəsi banklara cəlb edilir ki, bu da da pul siyasətinin effektiv həyata keçirilməsinə, investisiya potensialının yüksəldilməsinə gətirib çıxarır.

Mövcud imkanlardan daha səmərəli istifadə edilməsi, bank xidmətlərinə çıxış imkanının artırılması, nağdsız ödənişlərdən istifadənin genişləndirilməsi məqsədilə "Elektron Hökumət" portalının operatoru Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Mərkəzi Bank arasında əməkdaşlıq sayəsində "Hökumət Ödəniş" portalı yenilənərək "Elektron Hökumət" portalına inteqrasiya edilib. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin HÖP infrastrukturuna inteqrasiyası üçün "Hökumət Ödəniş Portalı ilə əməliyyatların aparılmasına dair" Kollektiv saziş imzalanıb. HÖP-ə inteqrasiya üçün ən müasir texnoloji həllərə əsaslanan informasiya mübadiləsi servisləri tətbiq olunub.

"Elektron Hökumət" portalına inteqrasiya edilmiş "Hökumət Ödəniş Portalı" müxtəlif ödənişləri "Kommunal", "Rabitə", "İpoteka", "Büdcə" kimi qruplarda birləşdirir. Vətəndaşlar, o cümlədən sahibkarlar istənilən qrup üzrə ödəniş etmək üçün xidmətin adını və ödəniş üçün tələb olunan informasiyaları daxil edərək yaratdığı xidməti yadda saxlaya və ödənişi reallaşdıra bilərlər. Sistem üzrə bütün sahələr üzrə ödənişlər ödəmə tarixçəsində saxlanılır və istənilən vaxt baxılması mümkündür. Həmçinin, yeni sistem vasitəsilə vətəndaş bir neçə xidmət üçün birlikdə ödəniş etmək imkanına malikdir. Portalda əks olunan "Kommunal" bölməsi vasitəsilə "Azəriqaz", "Azərsu", "Azəristilik", "Azərişıq" üzrə ödənişləri çevik və operativ şəkildə icra etmək mümkündür.

Portalın "Rabitə" bölməsi isə "Azərcell", "Nar Mobile", "Bakcell", Stasionar Telefon Xidmətləri üzrə ödənişləri bir arada toplayır. Artıq vətəndaşlar rabitə borcunu vahid məkandan faydalanaraq ödəyə bilirlər. "İpoteka" bölməsi üzrə kreditin kodu daxil olunmaqla çevik ödəniş təmin edilir.

"Büdcə" bölməsi Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin ödəniş xidmətləri inteqrasiya olunub. Artıq vətəndaşlar cərimə, dövlət rüsumu kimi ödənişləri portal üzərindən reallaşdırırlar.

"Məlumatları yenilə" üstünlüyü ilə istifadəçi bəzi fərdi məlumatları sistem tərəfindən dərhal əldə edə bilir. Yadda saxla və imtina düymələri vasitəsilə vətəndaşa çıxan məlumatdan faydalanmaq imkanı verilir. Axtarış servisi vasitəsilə xidmətlər üzrə axtarış etmək sadələşdirilib.

Ən əsası, vətəndaşlar, hüquqi və fiziki şəxslər bir məkandan, yəni "Elektron Hökumət" portalından bütün ödənişlərini reallaşdırdığı vaxtda portal üzərindən digər xidmətlərə də müraciət edə bilirlər. Beləliklə, "Elektron Hökumət"in mühüm prinsipi olan "bir pəncərə" üzrə xidmət təminatı ödənilmiş olur.

 

Samir Mustafayev

Sizin Reklam Yeriniz