Əsrarəngiz təbiət gözəlliklərinə malik Azərbaycan regionlarını bu gün fərqləndirən əsas cəhətlərdən biri də sürətli sosial-iqtisadi inkişafdır. Bunu indi istənilən Azərbaycan regionn timsalında görmək olar. Ölkəmizin dinamik inkişaf yolunda olan belə regionlarından biri də Şəkidir. Bunu cari ilin ilk rübünün sosial-iqtisadi yekunları da təsdiq edir.
2013-cü ilin birinci rübündə Şəki rayonunda faktiki qiymətlərlə 70 milyon 859 min manatlıq məhsul buraxılıb. Bu, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 36,5 faiz çoxdur. Birinci rübdə istehsal və qeyri-istehsal sahələrinin inkişafına yönəldilmiş investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artaraq 23 milyon 378 min manat olub. Əsas kapitala yönəldilmiş investisiyaların 94 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Rayon əhalisinin aztəminatlı təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib, rüb ərzində 489 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilməklə, yardım alan ailələrin sayı 2073-ə çatıb. Birinci rübdə rayonda 332 yeni, daimi iş yeri açılıb.
İlin birinci rübündə kənd təsərrüfatında məhsul istehsalının artırılması, özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər görülüb. Cari ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 82 min 266 hektar sahəyə aqrotexniki qulluq olunub, sahələrə yemləmə gübrəsi verilib. Rüb ərzində 1685 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilib və bu iş davam etdirilir. Ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə rayon ərazisində yaşıllaşdırma işlərinə başlanılıb, rüb ərzində magistral avtomobil yollarının kənarlarında, boş ərazilərdə, qəsəbə və kəndlərdə 40 minə yaxın ağac əkilib.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 34 kilometr uzunluğu olan Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun tikintisi davam etdirilib, yolun 17 kilometrlik hissəsinə asfalt örtüyü çəkilib. Birinci rübdə Turan qəsəbəsinə və Bideyiz kəndinə təbii qazın verilişi təmin edilib, 223 yeni mənzilə qaz xətti çəkilməklə abonentlərin ümumi sayı 19 min 622-ə çatdırılıb. Şəhərin yeni yaşayış məhəlləsinin və Baş Zəyzid kəndinin qazlaşdırılması işlərinə başlanıb.
İlin birinci rübündə ötən ilin mayında baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş şəhərdəki 12 və 14 saylı məktəblər üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilən yeni binalar istifadəyə verilib 17 saylı məktəbin yeni binasının, habelə dövlət vəsaiti ilə şəhər təhsil şöbəsi üçün yeni inzibati binanın, Əlyar kəndində ümumi orta məktəbi üçün 80 şagird yerlik yeni binanın tikintisi davam etdirilmişdir. Aşağı Layısqı kəndində 360 şagird yerlik yeni məktəb binasının tikintisi, habelə şəhərdəki 8 saylı liseydə aparılan əsaslı təmir işləri başa çatıb. Həmçinin 2013-cü ilin birinci rübündə əhalinin elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlər müsbət nəticələrdən xəbər verir.
Bir neçə gün əvvəl isə Şəki şəhər 10 №-li tam orta məktəbin yeni tikilmiş korpusunun açılış mərasimi olub. 900-ə yaxın şagirdin təhsil aldığı və 150-yə yaxın müəllimin çalışdığı həmin təhsil ocağının yeni korpusunun açılışı təhsilin tərəqqisinə yeni töhfə verəcək. Ümumi sahəsi 360 kvadratmetr olan binanın birinci mərtəbəsində 108 yerlik yeməkxana, ikinci mərtəbəsində 132 yerlik akt zalı, üçüncü mərtəbəsində isə idman zalı yerləşir. Eləcə də mayın 6-da Şəki şəhər fizika-riyaziyyat və humanitar təmaüllü liseyin və şəhər 8 №-li tam orta məktəbin əsaslı təmirdən sonra açılışları olub.
Ötən il də şəki üçün böyük uğurlarla yadda qalıb. Belə ki, həmin ildə rayonda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 111 milyon 480 min manat olub. Bu, əvvəlki illə müqayisədə 11,4 faiz çoxdur. İstifadə edilmiş investisiyanın 93 milyon 223 min manatı və yaxud 83,6 faizi dövlət mülkiyyətinin, 18 milyon 256 min manatı və ya 16,4 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın 90 milyon 323 min manatı və ya 81 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Əsas kapitala yönəldilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dövlət mülkiyyəti üzrə 5,9 faiz, qeyri-dövlət mülkiyyəti üzrə 51, 8 faiz artıb. Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində Şəkidə bir sıra konkret tədbirlər həyata keçirilib. Belə ki, 2012-ci il dekabrın 19-da Şəki Şəhər İcra hakimiyyəti başçısının sahibkarlarla görüşü keçirilib. Görüşdə məqsəd yerli sahibkarların fəaliyyəti ilə yaxından tanış olmaq, qarşıya çıxan problemlərin həllində onlara kömək göstərmək olub. Hazırda Şəki rayonu üzrə 4 minə qədər sahibkarlıq subyekti fəaliyyət göstərir. 2012-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki rayonu üzrə 27 sahibkara 330 min manat güzəştli kredit verilib.
Ötən illərdə olduğu kimi, 2012-ci ildə də məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində rayonda taxıl biçini vaxtında və itkisiz başa çatdırılıb, 256 min ton taxıl istehsal edilib, hər hektardan orta məhsuldarlıq 35,2 sentner təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən Şəki respublikamızda taxıl istehsalının həcminə və hər hektardan orta məhsuldarlığa görə 2012-ci ildə birinci yeri tutub.
Rayonun kənd təsərrüfatının əsas sahələrindən biri də heyvandarlıqdır. Bu sahənin də dinamik inkişafının təmin edilməsi, heyvandarlıq məhsulları istehsalının həcminin artırılması daim diqqət mərkəzində saxlanılıb. 2012-ci ildə Şəki Şəhər İcra Hakimiyyəti Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə Şəki şəhərinin Baş Planını hazırlayıb. Baş Plana əsasən bir sıra infrakstruktur layihələrin həyata keçirilməsi, həmçinin, şəhərin qərbə doğru genişlənməsi, perspektivdə Oxud, İnçə, Kiş, Qoxmuq kəndlərinin də şəhər ərazisinə daxil olması nəzərdə tutulub. 2012-ci ildə şəhərin M. Ə. Rəsulzadə prospektində, Salman Mümtaz və "Oğuz şosesi" küçələrində, eləcə də yeni tikilmiş 100 çarpayılıq xəstəxana kompleksinin qarşısında ümumilikdə, 42210 kvadratmetr ərazidə yollar genişləndirilib asfalt-beton örtük salınmaqla yenidən qurulub, köhnə arxlar əsaslı surətdə bərpa edilib, səkilərə beton plitələr düzülüb. Şəhərin Heydər Əliyev prospekti ilə Salman Mümtaz küçəsinin kəsişməsindəki dairə yenidən qurulub, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib. M.Ə. Rəsulzadə, Heydər Əliyev prospektləri və "Oğuz şosesi" küçəsində müasir tipli 770 ədəd işıq dirəyi və 1100 ədəd lampa quraşdırılmaqla yeni işıqlandırma sistemi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin "Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına uyğun olaraq böyük ədibin adını daşıyan mədəniyyət və istirahət parkında yenidənqurma və əsaslı təmir işləri aparılıb. Şəki Şəhər İcra Hakimiyətinin daxili imkanları hesabına aparılmış yenidənqurma işlərindən sonra ərazinin siması tamamilə dəyişib. Burada şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi 7 hektar olan parkın 35 min kvadratmetr ərazisində yaşıllıq işləri görülüb, müxtəlif dekorativ ağaclar və gül kolları əkilib. Parkda uşaqların da istirahəti üçün lazımi şərait yaradılıb. Burada iki fəvvarə, süni şəlalə və göl yaradılıb. Bu sərəncama uyğun olaraq həmçinin dahi ədibin ev muzeyinə gedən yolda, qala divarları qarşısındakı meydanda və onun ətrafında müasir işıqlandırma sistemi qurulub, yeni yaşıllıq zolağı salınıb.
Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Burada turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilib. Ötən il sentyabr ayının 9-da Şəkiyə səfəri çərçivəsində dövlətimizin başçısı məcburi köçkünlərlə və Şəki şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: "Şəki turizm mərkəzidir. Şəki nəinki Azərbaycanın, bölgənin və dünyanın turizm mərkəzinə çevrilməlidir". Əvvəlki ilin müvafiq dövrünə nisbətən Şəkiyə gələn turistlərin sayı 5 dəfə artıb. 2012-ci ildə şəhərin qonağı olan Qırğızıstanın keçmiş Prezidenti Roza Otunbayeva, ABŞ-ın ölkəmişdəki səfiri Riçard Morninqstar, İkinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları, Diplomatik Akademiyaların Bakıda keçirilən 40-cı Forumunun iştirakçıları və başqaları da Şəkinin geniş turizm potensialına malik olduğunu bildirib və bu şəhərdən xoş təəssüratla ayrılıblar.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən rayonun sosial-iqtisadi inkişafının gücləndirilməsi, ərazinin infrastrukturunun yenidən qurulması üçün bir sıra mühüm layihələrin həyata keçirilməsi istiqamətindlə işlər davam etdirilir. Bu fonda sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi və ərazinin təbii sərvətlərindən səmərəli istifadə olunması istiqamətində də mühüm addımlar atılıb. Bununla yanaşı yol təsərrüfatı və nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi, elektrik enerjisi, istilik və qaz təchizatı, rabitə xidmətinin yaxşılaşdırılması, su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması, meliorasiya və irriqasiya sahəsində mühüm işlərin davam etdirilməsi yeni uğurlardan xəbər verir. Bir sözlə Azərbaycanı bu bölgəsində dinamik inkişaf yaşanır.
Elşən BAYRAMOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.