Əlaqə Arxiv
news Image
2019.06.21
06:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Kənd təsərrüfatındakı innovativ yeniliklər fermerlərin işini asanlaşdırır

Qeyri-neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin davamlı şəkildə artırılmasına çalışan Azərbaycan hökuməti bu məqsədlə aqrar sektorun inkişafını xüsusi diqqət mərkəzində saxlayır. Rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etməklə daxili bazarı qorumaq, ekoloji təmiz məhsullarla xarici bazarlara çıxış imkanları əldə etmək, kənd yerlərinin tarazlaşdırılmış inkişafına nail olmaq bu sahədə yürüdülən siyasətin əsas hədəfləridir.

Bu hədəflərə çatmaq məqsədilə islahatların davam etdirilməsi respublikanın uzunmüddətli inkişafının strateji istiqamətlərini özündə ehtiva edən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında da dolğun əksini tapıb. Konsepsiyada 2020-ci ilədək qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun orta illik artım tempinin 7 faizdən çox olması qarşıya məqsəd qoyulub və bu da əsasən aqrar sektorun inkişafı hesabına təmin edilməlidir. Sənəddə qeyri-neft sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edən sahələr kimi kənd təsərrüfatı məhsullarının emalına xüsusi diqqət yetirilməsi; mövcud aqroemal müəssisələrinin müasir texnologiyaların tətbiqi nəticəsində istehsal güclərinin artırılması və yeni müəssisələrin yaradılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi; aqrar sektora kreditlərin verilməsi mexanizmlərinin sadələşdirilməsi; özəl aqroservis xidmətləri şəbəkəsinin genişləndirilməsi; kənd təsərrüfatının sığortalanması mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur. Kənd təsərrüfatının dinamik inkişaf etdirilməsi yolu ilə əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının gerçəkləşdirilməsi təkcə iqtisadi deyil, həm də milli təhlükəsizliklə bağlı strateji məsələdir.

Prezident cənab İlham Əliyev kənd təsərrüfatında müasir innovasiyaların tətbiqi zərurəti ilə bağlı demişdir: "Elektron kənd təsərrüfatı sistemi, yeni texnikanın, damazlıq mal-qaranın alınması - bütün bunlar bir məqsədi güdür ki, biz fermerlərin həyatını yüngülləşdirək, onlar üçün əlavə gəlir mənbəyi təmin edək. Əlbəttə ki, bu, məsələnin bir tərəfidir, sosial məsələdir, çünki əhalimizin təxminən yarısı kənd təsərrüfatı ilə məşğuldur, aqrar zonalarda yaşayır. Biz bu məsələyə sosial məsələ kimi baxırıq, eyni zamanda, bu, böyük iqtisadi potensiala malik olan məsələdir. Hələ ki, biz ondan tam şəkildə istifadə etmirik və birinci mərhələdə özümüzü əsas kənd təsərrüfatı məhsulları ilə 100 faiz səviyyəsində təmin etməliyik. Biz buna yaxınlaşırıq. Hər il regional inkişaf proqramının müzakirəsi zamanı biz bu məsələyə toxunuruq. Ondan sonra da kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılması bununla paralel olaraq təmin edilməlidir".

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq bu ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1952,3 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bunun 1574 milyon manatı heyvandarlıq, 378,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Son 1 ildə aqrar sektor 6,7 faiz, o cümlədən heyvandarlıq sahəsi 2,9 faiz, bitkiçilik sahəsi isə 24,9 faiz böyüyüb.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş fermerlərin sayı isə hazırda 300 min nəfəri ötüb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatından bildirilib ki, iyunun 19-na olan məlumata görə, 300359

fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil edib. Fermerlərdən 218 147 nəfəri EKTİS-də öz aqrar fəaliyyətlərini torpaq mülkiyyəti haqqında Dövlət Aktı/Şəhadətnamə əsasında rəsmiləşdirib. 61044 nəfər fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 6349 fermer icarə sənədi, 3126 fermer etibarnamə, 638 fermer vərəsəlik şəhadətnaməsi, 320 fermer arayış, qalan fermerlər isə digər müvafiq sənədlər əsasında EKTİS-də qeydiyyatdan keçiblər.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata düşən fermerlərin sayına görə Sabirabad rayonu ilk yeri tutur. Bu rayon üzrə subsidiya alan fermerlərin 95 faizi, yaxud 15560 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər.

Ümumiyyətlə, 2013-2019-cu illərdə regionlarda aqrar sektorun inkişafının stimullaşdırılmasına xidmət edən tədbirlər daha da intensivləşib. Ölkə başçısının qanunvericilik təşəbbüsü əsasında kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin müddətinin 2014-cü il yanvarın 1-dən daha beş il müddətində uzadılması bu sahədə yeni imkanlar açıb. Xatırladaq ki, 2001-ci il yanvar ayının 1-dən qüvvədə olan qanuna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən, fiziki şəxslər isə əlavə dəyər vergisini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar.

Ümumilikdə, son illər ölkədə uğurla reallaşdırılan dövlət dəstəyi tədbirləri kənd təsərrüfatı məhsulları istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olub. 2003-2018-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalı 3,5 dəfə, o cümlədən meyvə-tərəvəzin emal məhsullarının ixracı 2,5 dəfə artıb.

2014-cü ildə "Sənaye ili" ilə bağlı təsdiq edilmiş Strateji Plana müvafiq olaraq ölkədə aqrar-sənaye komplekslərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilib. Xüsusən də regionlarda aqrar sənayenin inkişaf etdirilməsi məqsədilə potensial imkanlardan daha səmərəli istifadə edilməsi, yerli xammala əsaslanan kənd təsərrüfatı məhsulları emalı məsələləri xüsusi diqqət mərkəzində olub. "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamında göstərildiyi kimi, kənd təsərrüfatında yüksək məhsuldarlığın təmini, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili, ərzaq təhlükəsizliyinə nail olunması hazırda aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətlərini təşkil edir. Sərəncamla kənd təsərrüfatı məhsulları ixracının artırılması, istehsalçı və istehlakçıların maraqlarının qorunması, ərzaq bazasının səmərəli fəaliyyətinin təmini məqsədi ilə əlavə tədbirlər müəyyənləşdirilib. Bu tədbirlərin həyata keçirilməsi üçün Nazirlər Kabinetinə Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və digər əlaqədar dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Sərəncam əsasında kənd təsərrüfatının inkişafında strateji hədəfləri və prioritet istiqamətləri özündə əks etdirən "Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası"nın layihəsi hazırlanaraq hökumətə təqdim edilib.

Strategiyaya əsasən, kənd təsərrüfatı məhsullarının tədarükü və emalı ilə bağlı özəl tədarük-satış bazalarının, ticarət şirkətlərinin və avtorefrijerator parkının yaradılması, Bakının rayonlarında və iri şəhərlərdə daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış "fermer mağazaları" və "yaşıl marketlər" şəbəkəsinin yaradılması, kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması və daxili bazarın qorunmasının gücləndirilməsi nəzərdə tutulur. Yeni strategiyada məhsulun istehsalçıdan istehlakçıya çatdırılması mərhələsində mövcud maneələrin aradan qaldırılması, ərzaq bazarında süni qiymət artımının qarşısının alınması, kənd təsərrüfatı və ərzaq məhsullarının qəbulu üzrə ixtisaslaşmış terminalların və onların saxlanılması üçün anbarların yaradılması, həmin məhsulların daşınmasına xidmət edən nəqliyyat infrastrukturunun təşkili, xüsusi ərzaq mağazaları şəbəkəsinin genişləndirilməsi ilə bağlı layihələr də mühüm yer tutur. Həmçinin, Azərbaycanda taxılçılığın inkişafı üçün iri aqrar komplekslərin yaradılması da diqqət mərkəzindədir.

Ümumiyyətlə, sənayeləşmə strategiyasına uyğun olaraq sənaye sektorunda olduğu kimi, aqrar bölmədə də texnoparkların yaradılması nəzərdə tutulur. Aqrar parkların yaradılması ilə kənd təsərrüfatı məhsullarının emalına xüsusi diqqət yetiriləcək, mövcud aqroemal müəssisələrinin müasir texnologiyaların tətbiqi nəticəsində istehsal güclərinin artırılması və yeni müəssisələrin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçiriləcək.

Bundan əlavə, bölgələrdə müasir texnologiyalar əsasında anbar komplekslərinin yaradılması kənd təsərrüfatının intensiv inkişafı, mövsümi qiymətlərin tənzimlənməsi, məhsul itkisinin qarşısının alınması, daxili bazarın qorunması və ixrac potensialının artırılması üçün həyata keçirilən ardıcıl tədbirlər davam etdirilir. Bu sahədə beynəlxalq təcrübə, xarici ölkələrin iri fermer təsərrüfatları ilə qarşılıqlı əməkdaşlıq, eləcə də modelləşdirmə seqmentləri nəzərə alınır, Avropa İttifaqı ölkələrinin qabaqcıl təcrübəsinə, Dünya Bankının tövsiyələrinə istinad olunur.

Samir

Sizin Reklam Yeriniz