Əlaqə Arxiv
news Image
2013.05.16
09:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Cəlilabadın dinamik tərəqqisində yeni yüksəliş mərhələsi

Müasir Azərbaycanın inkişaf dinamikası tam qətiyyətlə deməyə əsas verir ki, ölkəmizin qarşıdakı dövr ərzində də tərəqqi templəri kifayət qədər sürətli xarakter daşıyacaq. Çünki bunun üçün ölkədə zəruri bazis formalaşdırılıb və gələcək dinamik inkişafın möhkəm təməlləri qoyulub. Qeyd olunanların real təsdiqini Cəlilabad rayonunun timsalında da görmək olar. Cari ilin ilk rübünün sosial-iqtisadi nəticələri də qeyd edilənlərin real təsdiqidir.

Xatırladaq ki, Cəlilabad rayonu ölkəmizin ən mühüm kənd təsərrüfatı rayonlarındandır. Rayonun iqtisadiyyatında taxılçılıq, kartofçuluq və üzümçülük əsas yer tutur. Bununla yanaşı təsərrüfatlarda tərəvəz, bostan, günəbaxan, qarğıdalı və meyvə də yetişdirilir. İqtisadiyyatın bütün sahələrinin inkişafı rayonda məhsul istehsalının artmasına şərait yaradıb. Məhz bundan irəli gəlir ki, birinci rübdə kənd əməkçiləri tərəfindən 8931 hektarda yazlıq əkin aparılıb ki, bunun da 4962 hektarını kartof, 2566 hektarını noxud, 865 hektarını mərci, 208 hektarını vələmir,155 hektarını günəbaxan, 135 hektarını tərəvəz, 40 hektarını isə bostan məhsulları təşkil edir. Keçən ilin payızında əkilən 65550 hektar taxıl sahəsinə aqrotexniki qaydada qulluq edilməsi, ziyanvericilərə qarşı vaxtında mübarizə aparılması və loqistik regional gübrə bazası tərəfindən kənd əməkçilərinə güzəştli şərtlərlə satılan mineral gübrələrin sahələrə səpilməsi cari ildə keçənilkindən də artıq məhsul götürüləcəyinə təminat verir. Heyvandarlığın inkişafı və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması da daim diqqət mərkəzində saxlanılır. Rüb ərzində heyvandarlar tərəfindən 3988 ton ət, 11273 ton süd və 2 milyon 793 min ədəd yumurta istehsal olunub ki, bu da keçən ilin müvafiq dövründəkindən xeyli çoxdur. Hazırda rayon üzrə 10310 hektar suvarılan sahə mövcuddur ki, bu da kənd təsərrüfatı təyinatlı torpaqların 9,5 faizini, əkin torpaqlarının isə 13,6 faizini təşkil edir. Birinci rübdə 45 min kubmetr kanal lildən təmizlənib, bəzi bitkilər bir neçə dəfə suvarılmaqla 12878 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilib.

Əvvəlki dövrdə olduğu kimi, birinci rübdə də tikinti-abadlıq və quruculuq işləri uğurla davam etdirilib. 2013-cü ilin mart ayında 640 şagird yerlik Cəlilabad şəhər 2 saylı tam orta məktəbin tikintisi başa çatdırılıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq son altı ildə Cəlilabad rayonunda 30 yeni məktəb binası istifadəyə verilib. Bu il isə rayonda daha beş yeni məktəb binasının inşası davam etdirilir. 640 yerlik 2 nömrəli şəhər tam orta məktəbi üçün inşa olunan üçmərtəbəli bina 39 sinif otağı, fənn kabinetləri, laboratoriyalar, idman və akt zalları, kitabxana və digər yardımçı tikililərdən ibarətdir.

Rayonun Sabirabad kəndində 2 nömrəli orta məktəb üçün tikilən binada da tamamlama işləri gedir. 24 sinif otağı və tədris üçün zəruri olan bütün şərait yaradılan məktəb 480 yerlikdir. Hazırda rayonun Zəhmətabad kəndində 180, Soltankənd kəndində 220, Həziabad kəndində isə 320 yerlik məktəb binalarının tikintisi davam etdirilir.

Bununla yanaşı, 120 çarpayılıq mərkəzi xəstəxana, 120 yerlik uşaq bağçası və 2 min tonluq soyuducu kamera tikilir. Həmin obyektlərin 2013-cü ildə istifadəyə verilməsi nəzərdə tutulub. Onu da bildirək ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq Cəlilabad şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə təmizləyici qurğu tikilib, zəruri materiallar tədarük edilib. Hazırda 4 istiqamətdə iş aparılır. Rayon üçün həyati əhəmiyyət kəsb edən Cəlilabad-Yardımlı, Qarazəncir-Qarakazımlı-Bayxanlı və Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yollarının çəkilişi davam etdirilir. Tikinki-abadlıq işləri ilə yanaşı, yaşıllaşdırma tədbirləri də xüsusi diqqət mərkəzindədir. Yaz mövsümündə rayonun yaşayış məntəqələrində, o cümlədən Ələt-Astara magistral yolunun kənarında 15 min ədədə qədər ağac əkilib və hazırda ağacəkmə kampaniyası davam etdirilir. Əhalinin məşğulluğunun təmin olunması və yeni iş yerlərinin açılması rayon icra hakimiyyətinin fəaliyyətində əsas yerlərdən birini tutur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının və digər tədbirlərin həyata keçirilməsi nəticəsində cari ilin birinci rübündə 224 yeni iş yeri açılıb ki, onun da 53-ü daimidir. Rayonda inşa olunan obyektlərin tikintisində yüzlərlə cəlilabadlı mövsümi işə cəlb olunub. Digər rayonlarda olduğu kimi burada kreditlər verilməsi sahibkarlığın inkişafında mühüm rol oynayır. Bu baxımdan Cəlilabad rayonunda da bir sıra tədbirlər həyata keçirilib. Belə ki, rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları tərəfindən bu ilin birinci rübündə 4396 hüquqi və fiziki şəxsə 9 milyon 451 min manat məbləğində kreditlər verilib. Əsas hissəsi kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar tərəfindən götürülən həmin kreditlər bir sıra yeni istehsal sahələrinin yaradılmasına, bitkiçiliyin və heyvandarlığın inkişafına yönəldilib. Cari ilin martında İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Cəlilabadda keçirib. Tədbirdə 100-dək sahibkar iştirak edib. Tədbirdə müvəkkil kredit təşkilatları vasitəsilə Cəlilabad və ətraf rayonlarda fəaliyyət göstərən 44 sahibkara 615 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 100-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Kreditlər əsasən heyvandarlıq, quşçuluq, üzümçülük, toxumçuluq, tərəvəzçilik, tikinti materialları istehsalı və s. sahələrə yönəldiləcəkdir. Rayonda broyler fabriki, şərab zavodu, asfalt zavodu, müasir tipli dəyirmanlar, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün 2 soyuducu kamera, inqibator sexləri, kraxmal sexi, konserv sexi, xalçaçılıq sexi və mebel fabriki fəaliyyət göstərir. Bakı-Astara dəmir yolunun və Bakı-Astara avtomobil yolunun rayon ərazisindən keçməsi rayonun iqtisadiyyatında mühüm əhəmiyyət kəsb edir.

Birinci rübdə büdcənin yerli gəlirləri 90,5 faiz icra olunub, 7 milyon 337 min manat vəsait xərclənib. 12 tədiyə növündən 6-sı üzrə proqnoz tapşırıqlara artıqlaması ilə əməl edilib. Əhalinin və əlillərin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin vaxtında ödənilməsi, aztəminatlı ailələrə sosial yardımın verilməsi rayon icra hakimiyyətinin fəaliyyətində mühüm yer tutur. "Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illər üzrə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na müvafiq olaraq rayon əhalisinin elektrik enerjisi və təbii qazla təmin etmək üçün birinci rübdə 0,9 kilometr elektrik naqili və 29 elektrik dirəyi yenisi ilə əvəz edilib, Abdullu kəndində 0,4 kv-luq şəbəkə inşa edilmiş, 11 transformator əsaslı təmir olunub. Alar kəndində Smart tipli sayğacların quraşdırılması başa çatıb. Rayon qaz istismarı sahəsi tərəfindən yeni qazpaylayıcı stansiyanın tikintisi başa çatdırılıb, Cəlilabad şəhəri ilə Uzuntəpə kəndi arasındakı orta təzyiqli yeraltı qaz kəmərinin 2 kilometri polietilen borularla əvəz edilib, abonentlərə 1200 paqonmetr qaz xətti çəkilib. Hazırda Təzəkənd, Üçtəpə, Cəfərxanlı, Maşlıq, Muğan, Söyüdlü, Qarazəncir, Ocaqlı, Sabirabad, Hasıllı, Hacıismayıllı, Seyidbazar kəndlərinə təbii qaz verilişinin bərpa edilməsi və Göytəpə şəhərinin yenidən qazlaşdırılması davam etdirilir. Birinci rübdə rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələri tədrisin keyfiyyətini yüksəltmək, əhaliyə göstərilən tibbi və mədəni xidməti yaxşılaşdırmaq üçün məqsədyönlü tədbirlər həyata keçiriblər.

Turizm üçün yaxşı potensial var. Cəlilabad rayonunda 50 tarixi-arxeoloji abidə mövcuddur. Onlardan eneolit dövrünə aid Əlikömtəpə və Mişarçay yaşayış yerləri, eramızdan əvvəl IV minilliyə aid Qurudərə yaşayış yeri, tunc dövrünə aid Yedditəpə kurqanları, eramızdan əvvəl III minilliyə aid Cinlitəpə yaşayış yeri, qədim Muğan və Bəcirəvan şəhərlərinin qalıqları, Qazan köşkü, Bəcirəvan kurqanları, Pirhəsən, Pirəxəncər, Zərdüşt daxmaları kimi tarixi abidələr vardır. Rayonun ərazisində Bolqarçay, Mişarçay, İncəçay və Göytəpəçay çayları axır. Rayon ərazisinin 14,7 min hektarı meşələrdən ibarətdir. Cəlilabad şəhərinin girəcəyində alçaq təpələr diqqəti cəlb edir. Bu ərazidə aparılmış arxeoloji qazıntılar zamanı qranitdən hazırlanmış kirkirə (əl dəyirmanı), gildən düzəldilmiş küplər, eneolit dövrünə aid əmək alətləri və məişət əşyaları tapılıb. Alimlər belə hesab edirlər ki, vaxtilə burada Amaşara adlı şəhər olub. Bu şəhərin sakinləri üzümdən, nardan və efedra bitkisindən xaoma adlı bir içki düzəldirdilər. Guya həmin içki insanı hər cür xəstəlikdən xilas edirmiş.

Şəhərin cənub hissəsində, yerli yarmarkanın yaxınlığında kiçik bir muzey, şəhərin qərb hissəsindəki mənzərəli parkın dövrəsində bir neçə inzibati bina yerləşir.

Bu gün Cəlilabad sözün hər mənasında inkişaf illərini yaşayır. Canlanma, ötən illərlə müqayisədə əhalinin həyat şəraitinin yaxşılaşması nəzərə çarpır. Rayon mərkəzində və kəndlərdə böyük vüsətlə bərpa-quruculuq işləri aparılır. Yeni iş yerləri açılır, əhalinin istirahəti üçün bir-birindən gözəl ünvanlar istifadəyə verilir. Cəlilabad indi geniş və çoxsahəli iqtisadiyyatı ilə gələcəyə addımlayır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz