Əlaqə Arxiv
news Image
2019.07.10
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Gömrük islahatları ixrac potensialını gücləndirir

Son illər Azərbaycanda iqtisadi inkişafı sürətləndirən mühüm amillərdən biri də xarici iqtisadi əlaqələrin, dövlətlərarası mal dövriyyəsinin genişləndirilməsi, eləcə də qeyri-neft sektorunun tərəqqisinə xidmət edən çevik idxal-ixrac əməliyyatlarının həyata keçirilməsidir. Özəl sektorun inkişafı üçün yaradılan münbit şərait və ixracın stimullaşdırılmasına yönəlmiş kompleks tədbirlər respublikamızın xarici ticarət dövriyyəsinin həcminin genişlənməsinə səbəb olub.

Azərbaycanda ixracın əsas hissəsi təbii olaraq neft və neft məhsullarının payına düşsə də, xarici bazarlarda rəqabətə davamlı məhsullar istehsal edən sahibkarlıq subyektlərinin sayının tədricən artması qeyri-neft sektoru üzrə ixrac potensialının möhkəmlənməsinə imkan yaradıb. Ölkə sahibkarlarının xarici bazarlara çıxış imkanlarının genişlənməsi həm də qanunvericiliyin təkmilləşdirilməsi və gömrük prosedurlarının sadələşdrilməsi tədbirləri ilə izah olunur. Ölkə başçısının 1 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı»nın əhəmiyyəti bu baxımdan xüsusi qeyd olunmalıdır. Proqram dövlətin gömrük siyasətinin müasirləşdirilməsinə imkan yaradıb və xarici iqtisadi əlaqələrini genişləndirib. Sənəd əsasında gömrük sərhədində mal dövriyyəsinin sürətləndirilməsi və sahibkarlıq subyektlərinə əlverişli şəraitin yaradılması; inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və haqsız rəqabətin qarşısının alınması; ixracın təşviqi və genişləndirilməsi; daxili bazarın qorunması sahəsində gömrük tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Ölkə başçısının ixracın stimullaşdırılması və bu sahədə bəzi bürokratik amillərin aradan qaldırılması məqsədilə imzaladığı 11 noyabr 2008-ci il tarixli «Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında» fərman gömrük orqanlarının fəaliyyətinin təkmilləşdirilməsini, bu sahədə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadəni təmin edib. “Bir pəncərə” sisteminin tətbiqindən sonra ölkə sərhədindən mal və nəqliyyat vasitələrinin keçirilməsi zamanı müxtəlif dövlət qurumlarına müraciət etmək zərurəti aradan qalxıb. Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları zamanı sənədlərin qəbulunu və yoxlanılması hazırda Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Operativ məlumat mübadiləsi məqsədilə Komitədə Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) yaradılıb.

Malların idxalı və ixracı zamanı gömrük rəsmiləşdirilməsi əməliyyatlarının avtomatlaşdırılmış əsaslarda təşkili gömrük rəsmiləşdirilməsinin səmərəliliyinin artırılmasını, bu işə sərf edilən vaxtın minimuma endirilməsini təmin edərək xarici ticarət iştirakçılarına xidmətin səviyyəsinin yaxşılaşmasına, bütövlükdə gömrük orqanlarında idarəetmənin təkmilləşdirilməsinə imkan verib. İqtisadi operatorların və sahibkarlıq subyektlərinin qanunvericiliyin tələblərinə daha ciddi riayət etmələri, sərhəd nəzarəti prosedurlarında şəffaflığın artırılması da təmin edilib. Ümumilikdə, bu və digər tədbirlərin reallaşdırılmasında əsas məqsəd bir tərəfdən ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək,

digər tərəfdən gömrük rəsmiləşdirilməsi prosedurları sadələşdirmək, gömrüklə bağlı vaxt itkisinə yol verməməkdir.

Son illər dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, gömrük orqanlarının fəaliyyətində elektron xidmətlərin geniş tətbiqi də diqqət mərkəzindədir. Hazırda Gömrük Komitəsi tərəfindən 15-ə yaxın elektron xidmət göstərilir. «E-gömrük» bəyannaməsinin verilməsi; elektron qaydada ilkin məlumatlandırma; xarici iqtisadi fəaliyyət iştirakçılarına həyata keçirdikləri idxal-ixrac əməliyyatları haqqında statistik məlumatların verilməsi; rüsumsuz ticarət mağazasının təsis edilməsinə dair icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu; gömrük brokeri və gömrük daşıyıcısı fəaliyyətinə lisenziyanın verilməsi, onun fəaliyyətinin dayandırılması və ləğv edilməsi üçün müraciətin və sənədlərin qəbulu; gömrük və müvəqqəti saxlanc anbarlarının təsis edilməsinə lisenziyanın verilməsi; vətəndaşlardan Dövlət Gömrük Komitəsinə daxil olan sorğu və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi; yüngül minik nəqliyyat vasitələrinin idxalı ilə bağlı gömrük ödənişlərinin hesablanması məsələləri aiddir.

Bütün gömrük ödənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə həyata keçirilməsi də korrupsiyaya qarşı mübarizə tədbirləri sırasında mühüm yer tutur. Hər hansı malı idxal və ixrac etmək üçün müraciət edən şəxslərin qəbulu ardıcıllığının müəyyənləşdirilməsi məqsədilə elektron idarəetmə sisteminin («elektron növbə») tətbiqi də uğurlu yeniliklərdən biridir. Həyata keçirilən islahatların mütərəqqi xarakteri beynəlxalq səviyyədə də etiraf olunur. Davos Forumunun hesabatına əsasən, Azərbaycan gömrük sahəsində şəffaflığın təminatına görə 138 ölkə arasında 39-cu yerdə qərarlaşıb.

Prezident İlham Əliyev bu islahatların davam etdiriləcəyini bildirib: "...Biz inhisarçılığa qarşı mübarizəni daha da gücləndirməliyik, əlavə tədbirlər görülməlidir. Yerli istehsalın stimullaşdırılması ilə bərabər, bu sahəyə də diqqət yetirilməlidir, əgər ya qanunvericilikdə, ya hansısa tənzimləyici qərarlarda hansı əlavə tədbirlər lazımdırsa, biz bunu edəcəyik. Biz azad, ədalətli rəqabəti təmin etməliyik".

Ölkə başçısının «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» 3 mart 2014-cü il tarixli fərmanı isə bu sahədə ötən illərdən başlanmış islahatların davam etdirilməsini nəzərdə tutur. Fərmana əsasən, bir sıra normativ-hüquqi aktlara dəyişiklik edilməklə idxal-ixrac zamanı gömrük nəzarətinin həyata keçirilməsinə cəmi 2 sənəd (nəqliyyat sənədi və bəyannamə) tələb olunacaqdır. Bununla da tələb olunan sənədlərin sayı idxalda 11-dən 2-yə, ixracda isə 8-dən 2-yə endiriləcək. Ümumilikdə isə tələb olunan sənədlərin sayı 19-dan 4-dək azalacaq.

Reallaşdırılan ən mühüm yeniliklərdən biri də bəzi gömrük xidmətlərinin «ASAN Xidmət» mərkəzləri vasitəsilə həyata keçirilməsidir. Gömrük yüklərinin ASAN Xidmət vasitəsilə bəyan edilməsi sahibkarların işini xeyli dərəcədə asanlaşdırır və neqativ halların qarşısını alır.

Avropa İttifaqının maliyyə dəstəyi və BMT-nin “İnkişaf Proqramı” ilə birgə həyata keçirilən layihələrdən biri də dünya standartlarına əsaslanan Gömrük Məcəlləsinin hazırlanmasıdır. Yeni məcəllədə yüklərin sənədlərinin rəsmiləşdirilməsi vaxtının və bunun üçün tələb olunan sənədlərin sayının azaldılması məsələləri də öz əksini tapacaqdır.

Ümumiyyətlə, ölkəmizin qeyri-neft sektorunun inkişafı, rəqabət qabiliyyətli məhsulların respublikamızda istehsalının təşkili isə gömrük-tarif siyasəti ilə bilavasitə

əlaqəlidir. Hazırda Azərbaycanın iqtisadi təhlükəsizliyini təmin etmək, eyni zamanda, yerli məhsul istehsalının çeşidlərinin artırılması məqsədi ilə istehsal təyinatlı avadanlıqlar, müxtəlif xammal və materiallar ƏDV-dən və idxal gömrük rüsumlarından azad edilmiş və ya daha aşağı tarif dərəcələrinə cəlb olunmuşdur. Bununla yanaşı, daxili istehsalın xarici rəqabətin mənfi təsirindən qorunması məqsədi ilə bir sıra hazır məhsullara ən yüksək 15 faiz dərəcəsində gömrük rüsumları tətbiq olunur.

Azərbaycanda daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə, xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan gömrük tarifinin formalaşması, həmçinin gələcəkdə respublikanın iqtisadi mənafeyini qorumaq məqsədi ilə antidempinq, kompensasiya və xüsusi növ rüsumların tətbiqi ilə bağlı möhkəm hüquqi əsaslara söykənən yeni "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu hüquqi qüvvəyə minib. Bununla yanaşı, ölkə iqtisadiyyatının inkişaf dinamikası nəzərə alınmaq şərti ilə ortamüddətli perspektivdə bir sıra qanunvericilik aktlarının, o cümlədən "Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi haqqında" və "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihələri hazırlanır.

Samir Mustafayev

Sizin Reklam Yeriniz