Əlaqə Arxiv
news Image
2019.07.16
07:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Mülkiyyətin qeydiyyatı sahəsində şəffaflıq və operativlik yüksəlib

Son illər Azərbaycan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi "Doing Business" hesabatlarında əmlakın qeydiyyatı sisteminin səmərəliliyinə görə dünyada ilk yerlərdən birini tutur. Tərtib edilən hesabatlarda bildirilir ki, Azərbaycan mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı prosedurların sayının azlığına, müddətin qısalığına və qeydiyyat xərclərinin azlığına görə dünyanın və MDB-nin əksər ölkələrini qabaqlayır. 
Azərbaycanda əmlakın qeydiyyatı üçün cəmi 3 prosedurdan keçmək tələb olunur. Bu göstəriciyə görə, ölkəmiz ABŞ, Almaniya, Finlandiya, İsveçrə, Hollandiya, Yaponiya və İspaniya kimi inkişaf etmiş ölkələri, o cümlədən qonşu Türkiyəni qabaqlayır. Ölkəmizdə qeydiyyat müddəti cəmi 8,5 gün davam etdiyi halda, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına  (İƏİT) daxil olan ölkələr üzrə bu müddət 21,8 gün, Avropa və Mərkəzi Asiya regionu üçün isə 22 gün təşkil edir. Azərbaycanda əmlakın qeydiyyatı müddəti Avropa üzrə ümumi göstəricidən 3 dəfə daha sürətlidir. 
Azərbaycan əmlakın qeydiyyatı zamanı tələb olunan xərclərin azlığına görə də, dünya və Avropa ölkələrinin əksəriyətini qabaqlayır. Azərbaycanda  əmlakın qeydiyyatı üçün tələb olunan məbləğ əmlakın dəyərinin cəmi 0,2 faizini təşkil edir. Qeyd edək ki, İƏİT ölkələri üzrə bu göstərici əmlakın dəyərinin 4,2 faizi qədər, Avropa və Mərkəzi Asya regionu üçün isə 2,6 faiztəşkil edir. 
Azərbaycanın əldə etdiyi yüksək göstəricilər son illər ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi və müasir standartlara çatdırılması sahəsində görülən işlərin nəticəsidir. Bu sahədə elektron xidmətlərin, “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərinin tətbiqi əmlakın qeydiyyatını sadələşdirib və onu əhalinin bütün təbəqələri üçün əlçatan edib. Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyində “bir pəncərə” sisteminin tətbiqi də bu sahədə şəffaflıq və operativliyi kifayət dərəcədə artırıb. Üstəlik bu sahədə İKT-nin və «Elektron Hökumət»in imkanlarından səmərəli istifadə nəticəsində əmlakın qeydiyyatı prosedurları və tələb olunan müddət, eləcə də, sərf edilən qeydiyyat xərcləri kəskin azalıb. 
Ümumiyyətlə, ölkə başçısının siyasi iradəsi ilə son illər dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində islahatlar həyata keçirilir. Hələ 18 mart 2009-cu il tarixdə keçirilmiş ümumxalq referendumu ilə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində edilmiş dəyişikliyin əhəmiyyəti bu baxımdan xüsusi qeyd olunmalıdır. Orada göstərilir ki, heç kim məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan mülkiyyətindən məhrum edilə bilməz. Bu baxımdan Konstitusiyanın 29-cu maddəsinə edilən dəyişiklik hər bir vətəndaşın mülkiyyət hüququnun daha səmərəli təmin olunması baxımından vacib əhəmiyyət daşıyır. 
Bu sahədə şəffaflığın və səmərəliliyin daha da yüksəldilməsi məqsədi ilə Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi xüsusən də 2012-2017-ci illərdə elektron xidmətlərin tətbiqini genişləndirib. Ölkə başçısının 2014-cü il 3 mart tarixli «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» fərmanında bir sıra məsələlərlə yanaşı, əmlak hüquqlarının qeydiyyatı prosesində islahatların davam etdirilməsi, daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması ilə bağlı təkliflərin hazırlanması məsələsi əksini tapıb. 
Bu sahədə həyata keçirilən islahatların başlıca hədəfi şəffaflığı, səmərəli əmlak idarəçiliyini, sosial məmnunluğu və yüksək xidmət keyfiyyətini təmin etməkdir. Bütün bunlara nail olmaq üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsi hələ 2012-ci ildən əmlak hüquqlarının qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinə başlayıb. Hazırda Komitə tərəfindən göstərilən 30-a yaxın elektron xidmət vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir. 
Son illərdə komitə daha 7 yeni elektron xidmətin tətbiqinə başlayıb. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclara sifarişlərin elektron qaydada qəbulu; icarə haqqı borcları barədə məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi; mülkiyyətə dair çıxarışın hazırolma tarixi barədə məlumatın SMS vasitəsilə verilməsi; kadastr və texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlərin tətbiqi reallaşdırılıb. 
2014-cü ildən başlayaraq daşınmaz əmlakın qeydiyyatının real vaxt rejimində həyata keçirilməsi də inqilabi yeniliklərdən biri hesab olunur. Həmin ilin mart ayından etibarən daşınmaz əmlaka dair yüklülük arayışlarının («Forma-1») notariuslara real vaxt rejimində - onlayn verilməsi həyata keçirilir. İqtisadçı ekspertlərin fikrincə, bu yenilik korrupsiyaya qarşı mübarizə tədbirlərinin mühüm tərkib hissəsi kimi məmur-vətəndaş ünsiyyətinin aradan qaldırılmasına, vaxta qənaət olunmasına və vətəndaş məmnunluğuna səbəb olub. 
Daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı mobil ofislərin yaradılması da diqqətçəkən yeniliklərdəndir. Bu yenilik xüsusi təbəqədən olan insanlara (əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlarf) daşınmaz əmlakın qeydiyyatı sahəsində xidmətlərin xüsusi nəqliyyat vasitələrində - ünvanlarda göstərilməsini nəzərdə tutur. Yerindəcə göstərilən xidmətlər əlavə vaxt itkisinin qarşısının alınması baxımından xüsusilə faydalı hesab olunur. Ünvanlarda göstərilən xidmətlərə isə daşınmaz əmlakın qeydiyyatı üçün sənədlərin qəbulu; həmin sənədlərin qanunauyğunluğunun yerindəcə yoxlanılması; növbəti prosedurlar barədə ətraflı məlumatın çatdırılması və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara zəruri hüquqi məsləhətlərin verilməsi aiddir.
Daşınmaz əmlakın qeydiyyatı prosedurlarının sadələşdirilməsində məqsəd  həm də dövlət əmlakının idarəedilməsinin səmərəliliyinin artırılması, özəlləşdirmənin sürətləndirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, regionların inkişafının təmini üçün özəlləşdirilən istehsal və emal yönümlü dövlət müəssisələrinin fəaliyyətinin bərpası, yeni iş yerlərinin açılmasıdır. 
Xüsusi vurğulamaq lazımdır ki, 2013-cü ilin 1 yanvarından qüvvədə olan Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər əmlak vergilərinin düzgün hesablanması və əmlak bazarının inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Müvafiq dəyişikliklərə əsasən, respublikada əmlak vergisinin yığılmasına nəzarətin gücləndirilməsi məqsədilə daşınmaz əmlakın alqı-satqısı ilə bağlı notariat əməliyyatları və daşınmaz əmlakın mülkiyyətçiləri barədə məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsi və Ədliyyə Nazirliyi tərəfindən hər ayın 20-dək elektron formada Vergilər Nazirliyinə təqdim edilir.  
Bu günlərdə Əmlak Məsələləri Dövlət Komitəsi daha bir yeniliyə imza ataraq əmlak çıxarışlarının verilmə müddətini azaldıb. Komitədən verilən məlumata görə artıq vətəndaşlar əmlakları üzərində mülkiyyət hüququnu təsdiqləyən çıxarışı 1 iş günü müddətində ala bilirlər. Bununla bağlı Nazirlər Kabineti “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na dəyişikliklər edib. Qaydaya “Ərizənin sürətləndirilməklə icra edilməsi” başlıqlı yeni hissə əlavə edilib. Dəyişikliyə əsasən, vətəndaşların təqdim etdikləri ərizə onların istəyi əsasında daha sürətlə icra ediləcək. Nəticədə vətəndaşlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını təsdiqləyən çıxarışları 1 gün, 3 gün və 7 iş günü müddətində ala biləcəklər. Qeydiyyat prosesi zamanı mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına ehtiyac yaranarsa, ərizələr 2 gün, 5 gün və 10 iş günü müddətində icra ediləcək. İpotekanın dövlət qeydiyyatı ilə bağlı ərizələr isə bir və iki iş günü müddətində icra olunacaq. 
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına dair ərizənin sürətləndirilməklə icrası zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi xidmətlərə görə xidmət haqlarının tarifləri Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən əmsallarla hesablanacaq.
Qeyd edək ki, əmlak çıxarışlarının bir gün ərzində verilməsi əmlakın qeydiyyatı sahəsində ilk yenilik deyil. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu prosesdə davamlı yeniliklərin tətbiqi, innovasiyalardan geniş istifadə olunması nəticəsində hazırda vətəndaşlar çıxarışlarını elektron şəkildə də ala bilərlər. Bir gündə verilməsinə baxmayaraq çıxarışlar vətəndaşlara onların istəyi əsasında elektron şəkildə də təqdim olunur.

Samir Mustafayev

Sizin Reklam Yeriniz