Əlaqə Arxiv
news Image
2013.05.19
09:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Zaqatala daha böyük nailiyyətlərin müəllifinə çevrilir

Zəngin təbiətə malik Azərbaycan regionları bu gün həm də böyük iqtisadi potensialları və onlardan səmərəli istifadə nəticəsində sürətli inkişaf yolundadır. Təbii ki, bunu şərtləndirən əsas səbəblərdən biri məqsədyönlü dövlət siyasəti və regionların inkişafı məqsədilə həyata keçirilən müvafiq dövlət proqramlarıdır. Qeyd olunanların real nümunələrindən biri qismində Zaqatala rayonu çıxış edir.

Cari ilin birinci rübünün sosial-iqtisadi yekunları da böyük uğurlardan xəbər verir. Bu dövrdə rayonda 32,7 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,8 faiz çoxdur. Birinci rübdə sənaye məhsulu istehsalı 46,2 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 22,9 faiz, tikinti işlərinin həcmi 5,2 dəfə, pərakəndə əmtəə dövriyyəsi 2,3 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 6,9 faiz artıb. İlin ilk üç ayında rayonda 211-i daimi olmaqla, 233 yeni iş yeri açılıb. 2013-cü ilin birinci rübündə rayonda bütün maliyyə mənbələri üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 15,3 milyon manat təşkil edib. Rayon hərbi prokurorluğunun, polis şöbəsinin, qaz istismar sahəsinin yeni inzibati binalarının, Zaqatala şəhərində 500 nömrə tutumlu elektron ATS binasının, iki kənddə sahə baytarlıq məntəqələrinin tikintisi davam etdirilib, Heydər Əliyev Fondunun təşəbbüsü ilə şəhərdə inşa edilən 50 yerlik uşaq bağçasının tikintisi başa çatdırılıb.

Azərbaycan Prezidentinin "Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 19 fevral tarixli Sərəncamına uyğun olaraq on altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun tikintisinə başlanılması üçün hazırlıq işləri görülüb.

2012-ci ilin mayında baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi və aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən kompleks tədbirlər davam etdirilib, rüb ərzində qəzalı vəziyyətə düşmüş daha iki məktəb üçün yeni binaların, habelə 973 fərdi evin tikintisinin başa çatdırılaraq istifadəyə verildiyi diqqətə çatdırılıb. Xatırladaq ki, ölkənin şimal-qərb bölgəsində 2012-ci ilin mayında baş vermiş dağıdıcı zəlzələdən bir il ötür.

Həmin vaxt Zaqatala şəhərindən 17 kilometr cənub-qərbdə, yerin 10-12 kilometr dərinliyində 7 bal gücündə zəlzələ qeydə alındı. Yeraltı təkanlar Zaqatala və Balakən rayonlarında 12 ballıq cədvəl üzrə 7 bal, Qax, Şəki, Oğuz və digər rayonlarda isə 5-2 bal gücündə hiss edildi. Xoşbəxtlikdən insanlar arasında tələfat olmadı, lakin fərdi evlərə, sosial təyinatlı obyektlərə müxtəlif dərəcədə ziyan dəydi, evlərin, binaların divarlarında çatlar əmələ gəldi. Ötən il mayın 7-də Zaqataladan 14 kilometr cənub-şərqdə baş vermiş 7 bal gücündə növbəti zəlzələ isə daha ciddi dağıntılar törətdi, əvvəlki təkanlar zamanı qəzalı vəziyyətə düşmüş evlərin böyük əksəriyyəti uçdu, sosial obyektlərə, infrastruktura ciddi ziyan dəydi. Xoşbəxtlikdən bu zəlzələ də tələfatsız ötüşdü, insanlar arasında ciddi xəsarət alanlar olmadı.

Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin (FHN)-Aviasiya dəstəsi və digər qəza-xilasetmə qüvvələri dərhal təbii fəlakət zonasına cəlb edildi, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlandı.

Zəlzələdən zərər çəkmiş ailələrin, insanların yerləşdirilməsi üçün təcili surətdə fəlakət bölgəsində çadırların qurulmasına, əhaliyə ərzaq və digər yardımların verilməsinə başlandı. Prezident İlham Əliyevin zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olmaq məqsədi ilə mayın 9-da şimal-qərb bölgəsinə səfər etməsi, zəlzələdən zərər çəkmiş insanlarla görüşməsi, onlara ürək-dirək verməsi əhalinin çaşqınlığına, təlaşlara son qoydu, insanlarda ruh yüksəkliyi və sabaha inam yaratdı. Helikopterlə zəlzələnin episentrindəki ərazini seyr edən dövlətimizin başçısına məlumat verildi ki, zəlzələ Zaqatala, Qax və Balakən rayonlarında ilkin məlumatlara görə, üç minədək ev uçmuş və ya qəzalı vəziyyətə düşüb, çoxlu sayda sosial obyektə ciddi ziyan dəyib. Zəlzələnin episentrində yerləşən Zaqatala rayonunun Gözbarax, Mamrux, Zəyəm, Muxax, Çobankol, Bazar, Qımır, eləcə də Qax rayonunun Güllük, Zərnə, Lələpaşa kəndləri daha ciddi dağıntılara məruz qalıb.

Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün dövlətimizin başçısının göstərişinə uyğun olaraq zəlzələ bölgəsində kompleks tədbirlərin həyata keçirilməsinə başlandı. İlk növbədə, zərər çəkmiş əhalinin yerləşdirilməsi üçün zəruri tədbirlər görüldü, qısa müddətdə fəlakət bölgəsində həyətlərdə və ya evlərə yaxın ərazilərdə 6 mindən artıq çadır quruldu, bəzi kəndlərdə çadır şəhərcikləri salındı. Zərər çəkmiş əhalinin sağlamlığının qorunması, ərzaq və içməli su ilə təmin olunması üçün bütün zəruri tədbirlər görüldü. Əhalinin sağlamlığı üçün yaranmış potensial təhlükənin, sanitariya-epidemioloji gərginliyin aradan qaldırılması məqsədi ilə Səhiyyə Nazirliyinin zəlzələ bölgəsinə ezam olunmuş həkim briqadaları insanlara gecə-gündüz tibbi xidmət göstərdi. Fərdi evlərə və sosial obyektlərə dəymiş ziyanın dəqiqləşdirilməsi üçün FHN-in işçi qrupları zərər çəkmiş ərazilərdə hər gün fasiləsiz olaraq monitorinqlər həyata keçirdi. Zəlzələdən 15 gün sonra, yəni mayın 22-nə olan məlumata görə, komissiyalar 6 minə yaxın fərdi evə və 180 sosial obyektə baxış keçirdi, Zaqatala, Qax və Balakən rayonlarında 1500-ə yaxın fərdi evin, 60-dan artıq sosial obyektin tam qəzalı vəziyyətə düşdüyü, 1300-ə yaxın evin və 35 sosial obyektin bərpa və gücləndirməyə ehtiyacı olduğu müəyyənləşdi.

Yeraltı təkanlar davam etdiyindən qəzalı evlərin sayı da günbəgün artırdı. Zəlzələdən bir ay sonra, yəni iyunun 7-dək komissiyalar artıq 15 mindən çox fərdi evə baxış keçirdi, 2600 evin tam qəzalı vəziyyətə düşdüyü, 2861 evin isə bərpa və gücləndirməyə ehtiyacı olduğu müəyyən edildi. Dövlətimizin başçısının tapşırığına əsasən zəlzələdən bir-neçə gün sonra fəlakət bölgəsində qəzalı evlərin, daha sonra isə məktəb binalarının sökülməsinə başlanıldı. Zəlzələ bölgəsində fəaliyyət göstərən podratçı tikinti təşkilatlarının bazalarına gün ərzində ölkənin müxtəlif yerlərindən lazımi tikinti materialları - sement, mişar daşı, taxta və sair daşınırdı. İyunun ortalarında söküntüsü başa çatmış qəzalı evlərin yerində artıq yeni evlərin bünövrəsi qoyuldu. Xüsusi layihələr əsasında 9 ballıq zəlzələyə davamlı bu evlər iki, üç, dörd və beş otaqdan ibarət idi.

Prezident İlham Əliyev təbii fəlakətin vurduğu ziyanın nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə tanış olmaq məqsədi ilə sentyabrın 9-da yenidən zəlzələ bölgəsinə səfər etdi. Səfər zamanı dövlətimizin başçısı Zaqatala şəhərində 2 saylı tam orta məktəbin 750 şagird-yerlik yeni binasının, rayonun Gözbarax kəndində yeni məktəb binası və uşaq bağçasının, Qarabağ müharibəsi veteranı Mahir Soltanov üçün tikilmiş ikimərtəbəli yeni fərdi evin, həmçinin Qax rayonunun Güllük kəndində zəlzələdən ziyan çəkmiş Abdulla Məmmədovun ailəsi üçün inşa edilmiş yeni fərdi evin və kənddəki ümumi orta məktəb binasının əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimlərində iştirak etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli sərəncamı ilə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq 20 milyon manat, ölkə ərazisində baş vermiş fövqəladə halların aradan qaldırılması üçün 2012-ci ilin dövlət büdcəsindən 300 milyon manat, Nazirlər Kabinetinin 2012-ci il 24 oktyabr tarixli sərəncamı ilə 100 milyon manat vəsait ayrıldı. Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ayrılan vəsaitin ümumi məbləği 420 milyon manat olub.

Baş vermiş zəlzələ ilə əlaqədar FHN-nin müvafiq komissiyaları 2012-ci il mayın 8-dən 2013-cü il mayın 1-dək zəlzələ bölgəsində 55 mindən artıq fərdi evə baxış keçirdi, 5825 evin qəzalı, 10652 evin bərpa və gücləndirməyə, 21937 evin isə təmirə ehtiyacı olduğu müəyyənləşdirildi. Bundan əlavə, yeraltı təkanlar nəticəsində 90 çoxmənzilli yaşayış evi və 127 ictimai sosial obyekt qəzalı vəziyyətə düşmüşdü.

Baxış aktlarına əsasən qəzalı vəziyyətə düşdüyü müəyyən edilmiş 6042 fərdi evdən indiyədək Zaqatala rayonunda 2843, Qax rayonunda 299, Balakəndə isə 199 olmaqla, cəmi 3341 ev tikilib istifadəyə verilib. Hazırda evlərə və sosial obyektlərə texniki baxışlar davam etdirilir. Zəlzələ bölgəsində 1751 fərdi evin, o cümlədən Zaqatalada 1031, Qaxda 267, Balakən rayonunda isə 452 evin tikintisi aparılır.

Eyni zamanda, zəlzələ bölgəsində 36 məktəbin, o cümlədən Zaqatalada 20, Qaxda 11, Şəkidə 3, Balakəndə isə 2 məktəb binasının tikintisinə başlanıb. Bu günə kimi 6720 şagird yerlik 26 məktəb binası və 55 yerlik bir uşaq bağçası tikilib istifadəyə verilib. Hazırda Zaqatala rayonunda 8 məktəb binası, habelə Azərbaycan Müəllimlər İnstitutunun filialı üçün yeni binanın, Qax rayonunda və Şəki şəhərində 1 məktəb binasının tikintisi davam etdirilir. Bu təhsil obyektlərinin qısa müddətdə tikilib istifadəyə verilməsi planlaşdırılır.

Bundan əlavə, zəlzələdən ziyan çəkmiş əhaliyə bərpa işlərinin aparılması üçün indiyədək 17 milyon 734 min manat vəsait ödənilib.

Cari ilin ilk rübü ərzində isə "Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması və tikintisi" layihəsinin ikinci mərhələsinin icrası olaraq şəhərdaxali su və kanalizasiya xətlərinin yenidən qurulması və tikintisi işləri davam etdirilib, 9,6 kilometr uzunluğunda kanalizasiya və 13,6 kilometr uzunluğunda su xətti çəkilib, 330 ədəd müxtəlif ölçülü kürəbənd quraşdırılıb, təmizləyici qurğunun tikintisinə başlanıb. Əhalinin təbii qaz, elektrik enerjisi və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər də böyük uğurlardan xəbər verir. "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"na və "Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən ölkənin hər yerində genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri həyata keçirilir, "mavi yanacaq"la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması üçün intensiv işlər görülür. Zaqatala rayonunun Mosul, Yengiyan, Danaçı, Car, Mazıx, Makov, Aşağı Cardaxlı və Yuxarı Tala kəndlərinin qazlaşdırılması məqsədilə 94,7 kilometr uzunluğunda, Oğuz rayonunun Padar kəndinin qazlaşdırılması məqsədilə isə 31,2 kilometr qaz xətləri çəkilib.

Zaqatala rayonunun çay plantasiyalarında bir neçə gündür ki, məhsul yığımına başlanıb. Hazırda rayonda 60 hektara yaxın çay plantasiyası mövcuddur. Plantasiyalara qulluq və çay yığımı ilə əlaqədar yüzdən artıq fermerlə icarə müqaviləsi bağlanıb. Cari ildə plantasiyalardan 36 ton yaşıl çay yarpağının yığılması proqnozlaşdırılır. Digər sahələrdə də dinamik tərəqqi qeydə alınır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz