Əlaqə Arxiv
news Image
2013.05.25
09:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Masallıda regionların inkişaf proqramı uğurla həyata keçirilir

Ərazilərinin bir qisminin hələ də işğal altında olmasına baxmayaraq, Azərbaycan sosial-iqtisadi sahədə sürətli inkişafını uğurla davam etdirməkdədir. Bu hal Masallıda da özünü qabarıq büruzə verir. Rayonun timsalında yüksək dinamizmə əsaslanan sürətli tərəqqinin konkret təzahürlərini aydın formada müşahidə etmək mümkündür. Cari ilin ilk rübünün sosial-iqtisadi yekunları da uğurlu nəticələrdən xəbər verir. Əvvəlki kimi bu dövr də sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olub və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilməsi ilə xarakterizə edilib.

Hazırda rayonun inkişaf proqramında nəzərdə tutulmuş bir sıra sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Belə ki, şəhərin Z. Əliyeva, Azərbaycan, Füzuli, Dadva, Talışxanov və Qarabağ küçələrində geniş abadlıq və quruculuq, H. Əliyev mərkəzində isə yenidənqurma işləri aparılır. Eyni zamanda YAP Masallı rayon təşkilatının, "Qəhrəmanlar " parkının, "Ahıllar evi"nin tikintisi də rayon sakinləri tərəfindən məmnunluqla qarşılanır. Rayonun giriş və çıxış qapılarının tikintisi isə başa çatdırılıb. Bunlardan əlavə Qarabağ küçəsində məhəllələr abadlaşdırılır, ümumi yaşayış evlərinin dam örtükləri müasir üslubda dəyişdirilir. Həmçinin Boks və Taekvando mərkəzlərinin, Boradigah idman kompleksinin, məktəblərin, istilikxana və digər obyektlərin tikintisi aparılır.

Hesabat dövründə rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% artaraq 45,7 milyon manat olub. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 6,7 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 9,8 faiz artaraq 13,6 milyon manata çatıb. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 0,8 faiz artaraq 15,3 milyon manat olub. Rüb ərzində adambaşına düşən pul gəlirləri 443 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 247 manat olub.

Məlum olduğu kimi qeyri-neft sektorunun inkişafı, sahibkarlara münbit şəraitin yaradılması Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdəndir. Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərfindən rayonda olan sahibkarlara davamlı kreditlərin verilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətin əsas istiqamətlərindəndir. 2013-cü ilin birinci rübündə rayonun kənd, meşə, balıqçılıq təsərrüfatında 13.7 milyon manatlıq məhsul istehsal edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 624 min manat və ya 4.8% çoxdur. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 150.7 manat olub. 1 aprel 2013-cü il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın baş sayı 72400 başa, xırda buynuzlu mal-qaranın baş sayı 80800 başa çatıb. Birinci rübdə süd istehsalı 11691 tona, ət istehsalı 1490 tona, yumurta istehsalı 19.077.000 ədədə çatmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Rüb ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilib. Yarmarkaya 25.3 ton tərəvəz, 42 ton kartof, 2.1 ton ət, 200 litr qatıq, 6.1 ton balqabaq, 500 litr süd və 29700 ədəd yumurta göndərilib.

210 min nəfər sakini olan Masallı rayonunda əhalinin 90%-ə qədəri kəndlərdə yaşayır və əkinçiliklə məşğul olur. Bu mənada Masallı rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi və gəlirli sahəyə çevrilməsi qarşımızda duran ən prioritet məsələdir. Bu istiqamətdə müəyyənləşdirilən tədbirlərin həyata keçirilməsi, o cümlədən yeni bazarların tapılması işinin sürətləndirilməsi üçün addımlar atılır. Eyni zamanda çayçılığın inkişaf etdirilməsi məqsədi ilə bu il 100 hektar sahədə ən yeni texnologiyaya əsaslanan çay plantasiyası salınması üçün hazırlıq işlərinə başlanıb. Həmin ərazidə yol, suvarma suyu, enerji infrastrukturunun yenidən qurulması nəzərdə tutulur. Yaxın gələcəkdə bu gəlirli sahənin rayonda ən azı 1400 hektara çatdırılmasına imkanlar var. Bu qədər yaşıl çay sahəsinin salınması idxaldan asılılığı azaltmaqla yanaşı, həm də ən azı 7000 iş yerinin yaradılmasına imkan verə bilər. Faraş tərəvəz, giləmeyvə və sitrus bitkiləri əkinlərinin genişləndirilməsi rayonda ən azı 5000 ton tərəvəz, 5000 ton sitrus meyvələrinin saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozisiya bazarının, habelə bu məhsulların ilkin emalı üçün müəssisəsinin tikilməsi zərurətini yaradıb. Tərəvəz əkini sahələrinin genişləndirilməsi, saxlama, çeşidləmə, qablaşdırma və nəqletmə kompleksinin qurulması ilə Masallının faraş tərəvəzinin təkcə yerli bazarlara deyil, böyük həcmdə qonşu ölkələrin bazarlarına da çıxarılmasına imkan yarana bilər. Rüb ərzində Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən rayon ərazisindəki suvarma kanallarında ümumilikdə 48000 kubmetr həcmində və 19 km uzunluğunda lildən təmizləmə işləri aparılıb. Həmçinin rayon ərazisində 4500 ha qapalı suvarma şəbəkəsi olan əkin sahələrində suvarma işləri aparıldığından bu şəbəkələrə texniki baxış keçirilərək təmir işləri görülüb. Mövsüm ərzində 35000 ağac və gül kolları əkilib.

2013-cü ilin birinci rübündə Masallı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 4327 ailə ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edib, onlardan 4204 ailəyə ünvanli dövlət sosial yardim təyinatı aparılıb. Yardım təyinatı aparılmış ailələrə aylıq 576 min 90 manat vəsait ödənilib. Həmçinin rüb ərzində 6241 nəfər vətəndaşa sosial müavinət təyinatı aparılıb və onlara 401756 manat vəsait ödənilib. Cari ildə də ilin bütün fəsillərində gediş-gəlişi asanlaşdırmaq üçün ucqar kəndləri rayon mərkəzi ilə birləşdirən yolların çəkilməsinə və əsaslı təmiri işlərinin aparılmasına hazırlıq görülür. Belə ki, daha ağır vəziyyətdə olan Həsənli-Xırmandalı, Kürdəbaz-Qarğalıq, Seybətin-Səmidxan, Musaküçə-Lürən və Qodman-Qəriblər yolunun əsaslı təmiri ilə bağlı hazırlıq işlərinə başlanılıb. Rüb ərzində Masallı Elektrik şəbəkəsi tərəfindən 110 kvt-lıq yarımstansiyada təmir bərpa işləri aparılıb, 30 ədəd dəmir beton, 18 ədəd isə ağac dayaq dəyişdirilib. 220 kVt Masallı yarımstansiyasında yenidənqurma və genişləndirmə işləri davam etdirilib.

Dövlət Proqramı əsasında rayon mərkəzi və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar hazırda Eminli, Qarğalıq, Kürdəbaz kəndlərinə yeni qaz xəttinin çəkilişi, Təklə kəndində və Ərkivan qəsəbəsində mövcud olan köhnə qaz xətlərinin yenidən quraşdırılması işləri davam etdirilir. Eyni zamanda I Yeddioymaq, II Yeddioymaq kəndlərində kənd daxili qaz xətlərinin 1743 p/m hissəsi və həmçinin I Yeddioymaq, II Yeddioymaq, Şıxlar, Qasımlı kəndlərini təbii qazla təmin edəcək daşıyıcı kəmərin 1161 p/m hissəsi çəkilib qurtarıb. Bununla bərabər Qaz İstismar Sahəsinin daxili imkanları hesabına rayonun Təzə Alvadı, Köhnə Alvadı, Şərəfə, Ağakişibəyli, Bədəlan və Miyənkü kəndlərində 1136 p/m qaz xətləri yeniləri ilə əvəz olunub. Çəkilmiş qaz xətləri üzərində 13 ədəd siyirtmə, abonentlərin mənzillərinə 1395 ədəd yeni qaz sayğacları quraşdırılmışdır. 544 ədəd istismara yararsız sayğaclar yeniləri ilə əvəz olunub.

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2013-cü il "İnformasiya-Kommunikasiya Texnologiyaları ili" elan edilib. Bu proses çərçivəsində Masallı rayonunda 55 yeni EATS binasının tikintisi nəzərdə tutulur ki, bu məqsədlə ayrı-ayrı kəndlərdə müvafiq torpaq sahələri ayrılıb. Hazırda Qodman və Banbaşı kəndlərində tikinti işləri davam etdirilir. Masallı Poçt filialının 42 poçt şöbəsi və 1 poçt agentliyi fəaliyyət göstərir.

Bununla yanaşı, Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılıb. Bununla da Masallı şəhər sakinlərini uzun illərdən bəri narahat edən bu böyük problem qısa vaxtdan sonra öz həllini tapacaqdır. Masallı rayonunun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmaması əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu problemin həlli ilə bağlı Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən Muğan zonasında yerləşən 20 kəndin və Gəyəçöl-Qızılağac istiqamətində olan 18 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələndirmə işləri aparılıb və yaxın vaxtlarda "Viləşçay" su dəryaçasından həmin istiqamətlərdə olan kəndlərə içməli su xəttinin çəkilməsinə başlanılacaqdır.

Müvafiq Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana - yeni məktəb" devizi altında son illərdə Masallıda 33 yeni məktəb binası tikilib, 5 məktəb isə əsaslı təmir olunub. Hazırda 5 məktəbin - Kosakül, Kəlbəhüseynli, Xıl, Öncəqala və Kubin kəndlərində yeni məktəb binalarının tikintisi, Bədəlan kənd tam orta məktəbinin əsaslı təmiri davam etdirilir. Yaxın günlərdə isə Şatıroba, Çayqıraq, Dəlləkoba və Köhnə Zuvand kəndlərində yeni məktəb binalarının tikintisinə, Masallı şəhər 1 saylı və Kolatan kənd tam orta məktəblərinin isə əsaslı təmirinə başlanılacaqdır. 2013-cü ilin birinci rübündə rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülüb. Rayonda fəaliyyət göstərən tibb məntəqələrinin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə üç kənddə - Mahmudavar, Xırmandalı və Miyənkü kəndlərində yeni həkim məntəqələrinin tikintisinə hazırlıq işləri görülür. Masallı rayonunda fəaliyyət göstərən 31 turizm obyektindən 28-i müvafiq lisenziya ilə təmin edilib ki, bu istirahət mərkəzlərində 1176 turist yeri vardır. Cari ilin 3 ayı ərzində bu turist obyektlərində 2928 nəfər turist istirahət edib ki, onlardan 224 nəfəri xarici turist olub.

Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi, yeni çay plantasiyalarının salınması, istilikxanaların quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının yaradılması nəzərdə tutulur ki, bütün bunlar rayonun inkişafını daha dinamik hala gətirəcək.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz