Əlaqə Arxiv
news Image
2013.05.31
09:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Regionların inkişaf proqramı Saatlının tərəqqisində yeni mərhələ açıb

Yüksək dinamizmə əsaslanan tərəqqi templəri getdikcə daha sürətli xarakter almağa başlayan müasir Azərbaycan modern inkişaf yolunda get-gedə daha böyük nailiyyətlərin müəllifi kimi çıxış etməyə başlayır. Bütün bunlar isə əhalinin sosial rifah halında da özünü qabarıq büruzə verir, insanların həyata səviyyəsi yüksəlməkdə davam edir. Digər tərəfdən həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində ümumi daxili məhsul istehsalının həcmi də davamlı şəkildə artır.

Bu kontekstdə isə ölkə regionları ümumi iqtisadi həyatda daha çox rol oynamağa başlayır. Eyni zamanad regionlar özlərinin iqtisadi yüksəliş mərhələsini yaşayır ki, bunu Saatlı rayonunun timsalında da aydın görmək olar. Cari ilin ilk rübünün sosial-iştisadi yekunları da uğurlu nəticələrdən xəbər verir.

Burada İnfrastuktur yenilənir, əhalinin məişət şəraiti yaxşılaşır, mavi yanacaq, içməli su, elektrik enerjisi sarıdan əvvəllər mövcud olan problemlər sürətlə aradan qaldırılır. Burada da qəti əminliklə vurğulanır ki, Saatlı rayonunun sosial-iqtisadi inkişafı sahəsində cari ilin birinci rübündə görülən işlər Prezident İlham Əliyevin imzaladığı və yerinə yetirilməsinə şəxsən nəzarət etdiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrasının məntiqi nəticəsidir. Bu fonda son illər Saatlı rayonu sözün həqiqi mənasında yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün rayonda görülən irihəcmli işlər hər kəsin diqqətini cəlb etməklə böyük razılıqla qarşılanır. Şəhərin və ətraf ərazinin abadlaşdırılması istiqamətində tədbirlər ardıcıllıqla davam etdirilir.

Saatlı rayonunda 43,7 min nəfər əhalinin yaşadığı 17 kənd yaşayış məntəqəsini əhatə edən 21 kilometrlik Smadakənd-Qarayevkənd avtomobil yolunun yenidən qurulması işlərinin layihə-smeta sənədləri hazırlanıb başa çatdırılıb. Yaxın günlərdə bu istiqamətdə işlərə başlanılacaqdır. Olimpiya İdman Kompleksinin "A" blokunda hazırda tikinti işləri davam etdirilir. Kompleksin 800 nəfər tamaşaçı yeri olan əl oyunları meydançası və inzibati otaqlardan ibarət ikimərtəbəli əsas korpusu, 200 nəfər tamaşaçı yeri olan üzgüçülük korpusu, 5 ədəd ikimərtəbəli kotteclərinin tikintisi aparılacaq, 4 hektar ərazi abadlaşdırılmaqla yaşıllıq zolaqları salınacaq və göstərilən bu işlər avqust-sentyabr aylarında başa çatdırılacaq.

Saatlı şəhər mərkəzində İstiqlaliyyət - Bayraq meydanı yaradılmaqla işlərin yekunlaşdırılması avqust-sentyabr ayları üçün planlaşdırılıb. Sahəsi 1,2 hektardan çox olan meydanda İstiqlaliyyət muzeyi yaradılacaq, hündürlüyü 100 metrdən yuxarı Bayraq qülləsi ucaldılacaq və ərazi müasir görkəmdə yenidən abadlaşdırılacaq. Cari ilin avqust-sentyabr aylarına açılışı nəzərdə tutulan obyektlərdən biri də Saatlı şəhərində ulu öndərin adını daşıyan parkla üzbəüz ərazidə yerləşən Valeri Əsgərov adına 4 nömrəli tam orta məktəbi üçün 480 şagird yerlik, ümumi sahəsi 2052 kvadratmetr olan ikimərtəbəli yeni məktəb binasının tikintisi olacaq.

Bu ilin ilk 3 ayında rayonun idarə, müəssisə və təşkilatlarını, yerli icra strukturlarını və bələdiyyələri, əmək kollektivlərini cəlb etməklə ağacəkmə kampaniyası davam etdirilib. Saatlı şəhərinin Heydər Əliyev prospekti, M.F.Axundov, M.Ağayev və digər mərkəzi küçələri boyu, eləcə də Saatlı şəhərindən başlamaqla Məzrəli kəndinə qədər olan yol boyu, habelə Bəylik kəndindən Varxan kəndinə qədər olan ərazilərdə torpaq işləri görmək, ərazilər hazırlamaqla Eldar şamı, göyrüş, Gəncə çinarı, limon (şərq) tuyası, şəmşəd, sərv, zeytun, lüqustra kimi ağacların əkilməsi təmin edilib. Cari ilin ilk üç ayı ərzində ümumrayon iməciliklərində 3 min ədəddən çox həmişəyaşıl və dekorativ ağaclar, gül kolları və bəzək ağacları, eləcə də yerli şəraitə davamlı ağaclar əkilib. Dövlət Proqramının qəbul edilməsindən ötən müddət ərzində sahibkarlığın inkişafı dəstəklənməklə yeni iş yerlərinin açılmasına xüsusi fikir verilib, yerli xammallar və ehtiyatlar nəzərə alınmaqla iş adamları və sahibkarların cəlb olunması ilə qeyri-dövlət sektorunda inkişafa hərtərəfli şərait yaradılıb. Hazırda rayonda 608 hüquqi, 3557 fiziki şəxs kiçik və orta sahibkarlıqla məşğul olurlar. 2013-cü ilin birinci rübündə 113 yeni iş yeri yaradılıb ki, bundan 98 iş yeri daimidir. Məhsul istehsalının həcminin yüksəlməsi, əməkhaqlarının, pensiya və müavinətlərin artırılması və yeni iş yerlərinin yaradılması əhalinin pul gəlirlərinə müsbət təsir edib, 2013-cü ilin birinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhalinin pul gəlirləri 6 faiz artaraq 55 milyon 396 min manat olub.

Kənd təsərrüfatı bölməsində işin səmərəli şəkildə qurulması, dövlət tərəfindən məhsul istehsalçılarına göstərilən maliyyə və texniki dəstək, suvarma suyunun vaxtında verilməsi, kənd əməkçilərinin texnika ilə təminatı məhsul istehsalının artımına əlavə imkanlar yaradıb. Bu sahədə, Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına maliyyə yardımı verilməsi kimi mühüm dövlət tədbirini xüsusi qeyd edilməlidir. Cari ilin əvvəlində 5824 nəfər buğda istehsalçısına 20405,52 hektar əkin sahəsi üçün 816,2 min manat pul yardımı verilib.

Saatlı "Aqroservis" filialı tərəfindən birinci rüb ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə 353 ton azot gübrəsi satılıb. Rayon ərazisində fəaliyyət göstərən pambıq zavodları əhali və fiziki şəxslər daxil olmaqla 4984 hektar sahədə pambıq toxumu əkilməsinə dair müqavilə bağlayıblar. Rayonda fəaliyyət göstərən pambıq zavodları tərəfindən əhaliyə avans olaraq 367,8 min manat nağd pul vəsaiti verilib. 2012-ci ilin payızında 23902 hektar taxıl əkilib. Bunun 20960 hektarını buğda, 2942 hektarını isə arpa təşkil edir. Heyvandarlıq sahəsində də artım müşahidə edilib. Xatırladaq ki, rayonun ərazisindən Araz çayı, şimal sərhədindən Kür çayı, Sabir adına və Aşağı Muğan suvarma kanalları, Mil-Muğan kollektoru keçir. Sarısu gölünün bir hissəsi rayonun ərazisindədir. Bunlar kənd təsərrüfatının inkişafına təsirsiz ötüşmür. Saatlı, əsasən, kənd təsərrüfatı rayonudur, təsərrüfatlarında pambıqçılıq, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik və s. mühüm yer tutur. Araz çayının bol suyu bu ərazidə taxılçılıq, pambıqçılıq, bostançılıq, meyvəçilik və heyvandarlığın inkişafı üçün əlverişli şərait yaradıb.

Müxtəlif vaxtlarda subasmaya məruz qalmış kəndlərdə təbii fəlakət nəticəsində rayonun 5 yaşayış məntəqəsi zərər görüb və keçirilmiş baxış nəticəsində 558 evin qəzalı olduğu müəyyənləşdirilib. 2010-cu ildə baş vermiş təbii fəlakətlə əlaqədar vətəndaşlara bu günə kimi ümumilikdə 549 yaşayış evi tikilib 9 ev tikilməkdədir. 81 evdə bərpa-gücləndirmə aparılıb, 3 məktəb binası, Nərimankənd qonaq evi və həkim ambulatoriyası, 2 kənd məscidi əsaslı təmir olunub,178 evdən ibarət yeni qəsəbə salınıb. Dəymiş ziyanla bağlı 1191 ailəyə ümumilikdə 3328795 manat kompensasiya ödənilib ki, onun da 766,6 min manatını əkin sahələrinə dəyən ziyana görə ödənilən kompensasiya təşkil edir. Bu gün ardıcıl tədbirləri sayəsində subasmaya məruz qalmış yaşayış məntəqələrində iqtisadi və sosial həyat tam bərpa olunub, bütün infrastruktur yenidən qurularaq insanların rahat şəraiti təmin edilib.

Əhalinin elektrik enerjisi, qaz və içməli su təminatının yaxşılaşdırılması, mövcud olan problemlərin müəyyən edilərək aradan qaldırılması, bu sahələrdə neqativ halların baş verməməsi üçün sayğaclaşmanın başa çatdırılması, istehlak olunan elektrik enerjisi, qaz və suyun dəyərinin bütünlüklə toplanılması sahəsində də xeyli işlər görülüb. Bu günlərdə isə Saatlı rayonunun Mustafabəyli kəndinə təbii qazın verilişinin bərpası münasibətilə tədbir keçirilib. 502 abonenti olan Mustafabəyli kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 30212 metr uzunluğunda müxtəlif diametrli polietilen, 4293 metr uzunluğunda isə metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 502 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Ərazisində qədim tarixi abidələr turizmin inkişafına əlverişli zəmin yaradır. Azərbaycanın əlverişli iqlimi və təbii şəraiti Araz çayı ətrafında insanların hələ qədim daş dövründən məskən salmasına şərait yaratmışdır. Saatlının arxeoloji abidələri Araz çayının hər iki sahilindən tapılmaqla yaşayış yerləri və qəbir abidələrindən ibarətdir. Arxeoloji abidələrin əsasını isə XX əsrin əvvəllərində tədqiqatçılar tərəfindən aşkar edilmiş nekropollar təşkil edir. Burada Araz düşərgəsi Araz çayının sahillərində indiki Qıraqlı kəndi yaxınlığında daş dövrünə aid edilən düşərgə izi olmaqla neolit dövrünə aid edilir. Sarıcalar kəndi ərazisində Cəfərxan nekropolu, Azadkənd kəndi yaxınlığında Keçiqıran küp qəbirləri nekropolu, Qaralar kəndi ərazisində birinci Qaralar nekropolu və digərləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə mühafizə olunur. Rayon ərazisində qədim dövrə aid yaşayış məntəqələrinin olduğu sübut edilib. İnzibati ərazilər olan Azadkənd, Fətəlikənd, Cəfərxan, Varxankənd, Əlisoltanlı kəndlərində eramızdan əvvəl II-III minilliklərə aid tarixi abidələr və arxeoloqlar tərəfindən tapılıb, hal-hazırda rayon tarix-diyarşünaslıq muzeyində saxlanılan saxsı qablar mövcuddur. Rayonda digər sahələr üzrə də dinamik tərəqqi qeydə alınır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz