Əlaqə Arxiv
news Image
2013.06.04
09:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Regionların inkişaf proqramı Zərdabın simasını dəyişir

Ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf strategiyasının əsas hədəflərindən biri də regionlarda məcmu istehsal həcmini artırmaq, burada əhalinin məşğulluq səviyyəsini yüksəltməkdir. Bu məqsədlə hazırlanıb həyata keçirilən dövlət proqramları, eləcə də görülən digər tədbirlər ölkə regionlarının simasını sürətlə dəyişməkdədir.

Artıq regionlar istər ümumi daxili məhsul istehsalında, istərsə də iqtisadi tərəqqidə xüsusi çəkilərini mütəmadi surətdə artırırlar. Bunu Zərdab rayonunun timsalında da görmək mümkündür. Məlumat üçün bildirək ki, rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, baramaçılıq və heyvandarlıq təşkil edir. Rayonda pambıqtəmizləmə, konserv, çörək, kərpic, asfalt, süd zavodları fəaliyyət göstərir. 2013-cü ilin birinci rübünün sosial-iqtisadi yekunları isə uğurlu nəticələrdən xəbər verir. Bu ilin birinci rübündə rayon iqtisadiyyatının əsas sahələrində dinamik inkişaf davam edib. Rüb ərzində 12 milyon 468 min manatlıq məhsul istehsal olunub. Həyata keçirilən tədbirlər nəticəsində rayonda 126 daimi iş yeri açılıb.

Kənd təsərrüfatında da işlər uğurlu olub. Bu ilin məhsulu üçün ötən ilin payızında əkilmiş 17431 hektar taxıl sahəsi qayğı ilə becərilib, 109 hektarda kartof, 88 hektarda tərəvəz, 10 hektarda bostan bitkiləri əkilib. Hesabat dövründə heyvandarlığın inkişafı da diqqət mərkəzində olub. Birinci rübdə ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 295 baş artaraq 53880 başa, davarların sayı isə 1010 artaraq 110688 başa çatıb. Quşçuluğun inkişafında mühüm rolu olan "Turac-2008" MMC bu sahədə fəaliyyəti ilə seçilib. Onu da qeyd edək ki, Zərdabda baytarlıq və diaqnostika mərkəzi inşa olunur. Smeta dəyəri 350 min manat olan mərkəz Kənd Təsərrüfatı Nazirliyi Baş Baytarlıq İdarəsinin sifarişi ilə tikilir. Yeni bina ikimərtəbəli olacaq. Mərkəzdə fəaliyyət göstərəcək laboratoriyada mal-qaranın xəstəliklərinin diaqnostikası üçün lazımi şərait yaradılacaq. Bu il istifadəyə veriləcək baytarlıq və diaqnostika mərkəzi rayonda heyvanların xəstəliklərinin profilaktikasında, ümumiyyətlə, baytar xidmətinin yüksək səviyyədə təşkilində mühüm rol oynayacaq. Kənd təsərrüfatı sahələri içində taxılçılıq, heyvandarlıq və quşçuluq daha perspektivdir.

Rayonda tikinti-quraşdırma və abadlıq işləri sahəsində də yeni-yeni layihələr həyata keçirilir. Dövlət proqramına uyğun olaraq Çallı, İsaqbağı, Aşağı Seyidlər kəndlərində yeni məktəb binalarının tikintisi davam etdirilib. 3 saylı körpələr evi uşaq bağçasının binasının əsaslı təmiri başa çatdırılıb. Həsən Bəy Zərdabi muzeyində yenidənqurma işləri davam etdirilib. Şəhərdə su və kanalizasiya sistemi yenidən qurulur. Ötən ilin oktyabırnad Prezident İlham Əliyev Küllülü-Zərdab magistral su kəmərinin açılışında iştirak edib. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə kəmərin tikinti işlərinə ötən ilin sentyabrında başlanılmışdı. Bütövlükdə bu kəmərin suyundan Ağsu, Kürdəmir, Ucar və Zərdab rayonlarının müxtəlif yaşayış məntəqələrinin 157 min sakini istifadə edəcək. Kəmərin Zərdab rayonunun ərazisindən keçən hissəsinin uzunluğu 72 kilometrdir. Zərdabın 36 min nəfər əhalisi bu su kəmərindən istifadə edəcəkdir. Küllülüdə 5 min kubmetrlik bir, Zərdabda isə hər biri 2 min kubmetrlik iki su anbarı tikilir. Suyun şəhərə, Bəyimli qəsəbəsinə və rayonun 14 kəndinə verilməsi nəzərdə tutulub. Qeyd edək ki, Zərdab şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının ilkin layihəsində içməli su mənbəyi kimi Kür çayı qəbul edilsə də, aparılan araşdırmalardan və texniki iqtisadi əsaslandırmadan sonra rayon mərkəzi ilə yanaşı, kəndlərin də içməli su ilə təmin olunması üçün keyfiyyətli və bol ehtiyatlara malik Küllülü mənbəyinə üstünlük verilib. Layihəyə uyğun olaraq Girdmançayın Ağsu rayonu ərazisindən keçən hissəsinin yaxınlığındakı Küllülüdə sugötürücü drenaj sistemi tikilmiş və buradan Zərdab şəhərinə magistral su kəməri çəkilib. Küllülü mənbəyindən götürülən su rayon mərkəzinə nasoslardan istifadə olunmadan özüaxımlı rejimdə verilir.

Kəndlərdə yol infrastrukturu təzələnir, əhalinin elektrik enerjisi, təbii qaz və su təchizatı yaxşılaşdırılır. Bir neçə gün əvvəl isə Zərdabda yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. Zərdab rayonunun 71 abonentdən ibarət yeni qəsəbəsinə ilk dəfə olaraq təbii qaz verilməsi münasibəti ilə keçirilmiş tədbirdə qeyd olunub ki, yaşayış məntəqəsinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 3 min 200 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 1 ədəd qaztənzimləyici şkaf, 71 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Dəli Quşçu kəndinin ərazisində 1700 metr müxtəlif diametrli daşıyıcı və paylayıcı xəttlər çəkilib, 300 evə sayğac quraşdırılıb. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində artıq rayonun 5-ci kəndinə qaz kəməri çəkilib. Ümumiyyətlə, hesabat dövründə rayonun Gəlmə, Salahlı, Xanməmmədli və Hüseynxanlı kəndlərinə qaz xəttinin çəkilişi yekunlaşıb. Digər kəndlərin də qazlaşdırılması işləri davam etdirilir. İlin sonuna qədər rayonun daha 10 kəndinə qaz xəttinin çəkilməsi nəzərdə tutulub. Hesabat dövründə rayonun 4 kəndində fəaliyyət göstərən elektron avtomat telefon stansiyaları yüksək sürətli internetlə təmin olunub.

Bununla yanaşı, artıq süd məhsulları istehsalı zavodu, "Aqrolizinq" ASC-nin rayon "Aqroservis" filialı üçün inzibati bina, taxıl və gübrə anbarı, baytarlıq idarəsi üçün yeni bina və s. istifadəyə hazırdır. Məmmədqasmlı kəndində yeni un dəyirmanı istifadəyə verilib. Sutkalıq istehsal gücü 25 ton olan dəyirman sahibkar İntiqam Ağalarova məxsusdur. Dəyirmanın ərazisində, 1500 tonluq taxıl anbarı da istifadəyə verilib. Ümumiyyətlə, rayonda sahibkarlıq obyektlərinin sayı ildən-ilə artır.

Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmətlərin səviyyəsinin yüksəldilməsi sahəsində də ciddi tədbirlər görülür. Abadlaşdırma və yaşıllaşdırma tədbirləri müvəffəqiyyətlə davam etdirilir. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı 90 min ağac əkməklə bağlı təşəbbüs rayon sakinlərinin yüksək fəallığı ilə həyata keçirilib. Küçə və parklarda, yol kənarlarında 90 mindən çox müxtəlif növ ağac əkilib. Bu ilin birinci rübü ərzində Zərdab rayonunda 150 ailəyə ünvanlı sosial yardım təyin olunub. Ümumilikdə sosial yardım üçün müraciət etmiş 158 ailənin sənədləri qeydiyyata alınıb. Həmin sənədlərə yaradılmış komissiyada baxılıb və 150 ailənin hər birinə ünvanlı sosial yardım təyin olunması üçün qərar qəbul olunub.

Rayonun zəngin maddi-mədəni irsi isə burada turizmin inkişafına da əlverişli zəmin yaradır. Lakin Zərdab rayonunun ərazisi arxeoloji cəhətdən demək olar ki, tam öyrənilməyib. Rayonun ərazisi qədim insanların yaşaması üçün vacib olan bütün şərtlərə malik idi. Bu şərtlər içərisində şirin su qaynaqlarının olması, bitki və heyvanat aləminin zənginliyi xüsusi yer tuturdu. Zərdab ərazisində tapılmiş (təsərrüfat işləri ilə əlaqədar şum aparılarkən) şirli və şirsiz məişət əşyalarının, qab-qacaqların qalıqları bu ərazinin arxeoloji cəhətdən geniş tədqiq edilməsi zərurətini yaradır. İbtidai icma quruluşunun Tunc dövrü mərhələsində insanların daha geniş ərazilərə yayılması, yaşayış yerlərinin çox zaman çay kənarlarında salınması bunu deməyə əsas verir ki, Zərdab ərazisində insanlar tunc dövründən başlayaraq yaşamışlar.

Ötən əsrin 70-ci illərində Zərdab ərazisində görülən meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və kefiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər (Azərbaycan Atabəyləri) və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qədim bəzək, məişət və mədəniyyət əşyaları üzə çıxdı və indi bunların bir çox nümunələri Zərdab tarix-diyarşünaslıq muzeyində eksponat kimi nümayiş etdirilir.

"Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli (N-132) qərarı ilə Xanməmmədli kəndində aşkar edilmiş küp qəbirləri nekropolu I əsrə aid edilərək ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. Zərdab rayonunun Dəli Quşçu kəndi ərazisində kütləvi qəbristanlıqlar - Ağtəpə adlanan kurqan bu gün də mövcuddur və bu kütləvi məzarlığın tarixi barədə konkret bilgi yoxdur və bu təpədə əsaslı qazıntı-tədqiqat işinə ciddi ehtiyac var. Bir zamanlar Zərdabın bəzi ərazilərində, o cümlədən Məlikumudlu kəndi yaxınlığındakı qədim yaşayış məskənlərində torpaq işləri görülərkən gümüş və qızıldan düzəldilmiş qadın zinət şeyləri, qırmanc dəstəyi, əsa başı, sikkələr tapanlar çox olub.

Zərdabın qədimliyini təsdiq edən çoxlu sayda faktlar vardır. Qədim Bərzənc Zərdabın X əsr tarixinin simvoludur. Tarixçilər haqlı olaraq qeyd edirlər ki, Zərdabın indiki Körpükənd kəndi də elə Bərzənclə bir tarixin yadigarıdır. Orta əsrlərdə Şərqin ən böyük şəhərlərinə - Qarabağa, Azərbaycan İrəvanına, Dərbəndə, Şərqi Azərbaycana - Tiflisə, Beyləqana, Bərdəyə, Rusiyaya, Həştərxana, İrana ticarət yolları buradan-Körpükənddən körpü vasitəsi ilə keçirdi. Rayonda 52 mədəniyyət abidəsi vardır ki, onlardan 3-ü ölkə əhəmiyyətli, 49-u isə yerli əhəmiyyətlidir. Zərdab rayonunda Kür çayı sahilləri boyunca turizmin inkişafı üçün əlverişli imkan və şərait vardır. Digər sahələrdə də rayonda dinamik inkişaf qeydə alınır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz