Əlaqə Arxiv
news Image
2013.06.07
09:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Şahdağın mirvarisinə çevrilən Qusar

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ölkənin bütün bölgələrində olduğu kimi, Qusar rayonunda da uğurla həyata keçirilir. Son illərdə rayonda bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Olimpiya İdman Kompleksi, Mərkəzi Rayon Xəstəxanası, "Qusar-1" kiçik su elektrik stansiyası, turizm obyektləri və sosial yönümlü digər obyektlər istifadəyə verilib.

Eləcə də ucqar kəndləri birləşdirən yollar yenidən qurulub, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb. Rayon ərazisində "Şahdağ" Qış-Yay Turizm Kompleksinin tikintisinin birinci mərhələsi başa çatdırılıb. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Qusar rayonu üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə isə ötən ilin dekabrında Qusar Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan iki milyon manat ayrılıb.

Bütün bunar rayonun inkiaşfını daha dinamik hala gətirir. Cari ilin ilk rübünün sosial-iqtisadi yekunları da burada dinamik tərəqqidən xəbər verir. Belə ki, ümumi məhsul buraxılışının həcmi artıb, sosial və iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala böyük həcmdə investisiya yönəldilib. Tikinti quraşdırma işləri geniş vüsət almaqdadır. Ümumiyyətlə, regionlarının sosial-iqtisadi inkişafını təmin edən Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində son illər respublikanın digər bölgələrdə olduğu kimi Qusar rayonunda da iqtisadiyyatın bütün sahələri inkişaf edir. Rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün iri istehsal, emal və xidmət müəssisələri özəlləşdirilib, rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında aqrar islahatlar başa çatdırılıb. Coğrafi mühit və iqlim də burada kənd təsərrüfatını dinamik tərəqqisini şərtləndirir. Xatırladaq ki, Qusar rayonu coğrafi mövqeyinə görə Azərbaycanın "Şimal qapısı" adlandırılır. Azərbaycanda mövcud olan 9 iqlim tipindən 4-nə Qusar rayonu ərazisində rast gəlinir. Qusar rayonu ölkəmizin mühüm kənd təsərrüfatı rayonlarındandır. Rayonun kənd təsərrüfatının əsasını iki böyük sahə-bitkiçilik və heyvandarlıq təşkil edir. Qusar rayonunda yetişdirilən əsas kənd təsərrüfatı bitkiləri aşağıdakılardır: buğda, arpa, qarğıdalı, lobya, kartof, alma, armud, fındıq, pomidor və kələm. Kənd təsərrüfatı məhsulları istehsalçılarına kömək məqsədi ilə "Aqroservis" müəssisəsi yaradılıb, həmin müəssisə yeni toxum və gübrə anbarları, texniki xidmət emalatxanası, inzibati bina və digər xidməti binalar inşa edilib, baytarlıq xidmətinin yaxşılaşdırılması məqsədilə rayon Baytarlıq İdarəsi və Diaqnostik kabineti üçün yeni inzibati binanın tikintisi həyata keçirilib. Rayonda yüksək keyfiyyətli meyvə, tərəvəz, həmçinin heyvandarlıq məhsulları istehsalı üçün təbii iqlim şəraiti və kifayət qədər işçi qüvvəsi vardır. Rayon əhalisinin əksər hissəsi kəndlərdə yaşayır. Meyvə bağlarının böyük hissəsini alma bağları təşkil edir. Dövlətin dəstəyi ilə sahibkarlar tərəfindən rayonun Çubuqlu kəndi ərazisində 4 min tonluq, Samur qəsəbə nümayəndiliyi ərazisində 800 tonluq meyvə saxlama soyuducu anbar binaları tikilib, daha bir ədəd 2 min tonluq meyvə saxlama soyuducu anbarın tikintisi Yeni Həyat kəndində həyata keçirilib. Bu soyuducu saxlama kameraların tikintisi bazarda il boyu meyvə və tərəvəz məhsullarına olana tələbatın yerli istehsal hesabına ödənilməsini təmin edilməsində mühüm rol oynayır.

Bir neçə gün əvvəl isə Qusar rayonunun Ləgərqışlaq kəndində yeni elektron ATS sakinlərin istifadəsinə verilib. Yeni elektron ATS 28 May - Respublika Günü ərəfəsində sakinlərə dövlətimizin hədiyyəsi də sayılır. Ləgərqışlaq kəndində quraşdırılan yeni elektron ATS 64 nömrə tutumludur. Sonrakı mərhələdə isə telefon stansiyasının xidmət gücü 512 nömrəyə qədər artırıla bilər. Yeni ATS-in imkanlarından istifadə edən abonentlər danışıqla yanaşı, internet xidmətlərindən də istifadə edə bilirlər. Bununla da Qusarda elektron ATS-lə təmin olunmuş kəndləri sayı 37-yə çatıb. "Qusar" Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsi xidmət göstərdiyi ərazinin genişliyinə görə digər şəbəkələrdən fərqlənir. Müəssisədə aparılan məqsədyönlü tədbirlər nəticəsində 0,4 kilovoltluq elektrik hava xətləri istənilən hava şəraitinə tam hazır vəziyyətdədir. Bütün xətlər üzrə cari və əsaslı təmir işləri aparılıb və hazırda da həmin işlər davam etdirilir.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilən "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Qusar şəhərinin və ətraf 7 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Qusarçayda 700 p/m-lik suqəbuledici qurğunun, Qusar şəhərində 1 və 2 saylı su anbarlarının ərazisində yeni su anbarların tikintisinə başlanılıb. Artıq ötən il suqəbuledici qurğunun və 2 ədəd su anbarının tikintisi başa çatdırılıb.

Turizmin inkişafı üçün isə burada böyük potensial var və onu reallaşdırılması istiqamətində məqsədyönlü addımlar atılır. Qusarda yaradılmış Şahdağ Qış-Yay Turizm Kompleksidnə təkcə ölkədən yox, xaricdən də üz tutanların sayı artıq kifayət qədərdir. Şahdağ Qış-Yay Turizm Kompleksində inşaat işlərinin ilkin mərhələsi həyata keçirilib. Onu da bildirək ki, Qusarın yerləşdiyi coğrafi şərait, gözəl və təkrarsız təbiəti, relyefi, dağları, şəlalələri bu sahənin yüksəlişinə geniş şərait yaradır. Son illərdə rayonun turizm infrastrukturu tamamilə genişləndirilib. Rayonda yeni rabitə, qaz, su xətləri çəkilib, yol infrastrukturu yaxşılaşdırılıb, turistlərə xidmət göstərmək üçün yeni sosial obyektlər tikilib. Mövcud əlverişli şəraitdən istifadə edən sahibkarlar yeni-yeni müasir üslubda turizm obyektlərini yaradırlar. Şahdağ Qış-Yay Turizm Kompleksi turizmin inkişafı baxımından böyük önəm daşıyır. Kompleksin fəaliyyəti üçün yaradılacaq infrastrukturdan rayonun bütün əhalisi yararlanacaqdır.

Şahdağ Qış-Yay Turizm Kompleksinin fəaliyyətə başlaması rayonda bir sıra unudulmuş xalq tətbiqi sənət növlərinin yenidən canlandırılmasına, dekorotiv-tətbiqi sənət nümunələrinin sərgi və satışı üçün geniş imkanlar açacaqdır. Rayonuda lisenziya ilə fəaliyyət göstərən "Suvar", "Qayi-bulaq", "Star Qusar", "Ümid", Qusar Olimpiya İdman Kompleksi, Qusar Regional Biznes İstirahət Mərkəzi, "İskra", "Alpine Qusar", "MM", "Şahbulaq" turizm obyektləri də fəaliyyətdədir. Qusarda turizmin qış idmanı, dağ alpinizmi, ekoloji turizm, dini ziyarət turizmi, yaşıl kənd turizmi və digər turizm növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur. Son illər Ləzə kəndində tez-tez buzadırmanma üzrə beynəlxalq yarışlar, dağ alpinizmi üzrə beynəlxalq ekspedisiyalar, yürüşlər təşkil olunur. "Şahdağ"Milli Parkının ərazisində ekologiya həvəskarları ərazinin fauna və florası ilə yaxından tanış olmaq imkanı əldə edirlər.

Onu da bildirək ki, Qusarda yaradılmış Şahdağ Qış-Yay Turizm Kompleksinin inşası hələ bir neçə mərhələdə davam etdiriləcəkdir. Cari ilin birinci yarısında kompleksdə daha bir dördulduzlu otelinin istifadəyə verilməsi planlaşdırılır. Yeni otelin daxilində 2 "VİP suit" və prezident apartamentləri daxil olmaqla müxtəlif kateqoriyalı 173 nömrə, müxtəlif tədbirlərin keçirilməsi üçün 3 konfrans zalı, 6 restoran, SPA mərkəzi, üzgüçülük hovuzu, uşaq bağçası, xizək avadanlığının icarəsi, xizək məktəbi, yeraltı dayanacaq və s. obyektlər fəaliyyət göstərəcəkdir. Azərbaycanda qış turizminin yaradılması və inkişaf etdirilməsi məqsədi ilə kompleksin ilkin mərhələdə istifadəyə verilmiş hissəsində cari ilin yanvarından qonaqların qəbuluna başlanılıb. Fəaliyyətə başladığı gündən etibarən on minlərlə yerli və əcnəbi turist kompleksdə istirahət edib. Kompleksdə keyfiyyətli xidmət göstərilməsinin təmin olunması üçün Bakı Turizm İnformasiya Mərkəzində "Call Center" məlumat və sifariş mərkəzi yaradılmış və fəaliyyətə başlayıb.

Onu da xatırladaq ki, ötən il həmçinin Qusarın tarixində Şahdağ Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsi, 10-dan çox yeni məktəb binasının tikintisi, kənd yollarının və körpülərin əsaslı təmiri və tikintisi, şəhərin içməli su təchizatı sisteminin yenidən qurulmasına başlanılması və abadlıq quruculuq sahəsində görülən bir sıra digər işlərlə də yadda qalıb. Ümumiyyətlə, hər il minlərlə turist bu cənnət məkanda istirahət etməuə üstünlük verir. Rayonun havasını udaraq, bulaq sularından dadaraq, çaylarını, meşələrini, dağlarını, həmçinin tarixi abidələrini seyr etdikcə insan bir anlığa ozünü cənnətdə hiss edir. Rayon ərazisində bu məqsədlə "Suvar" dağ-turizm istirahət zonası, "Qayi-bulaq", "Şahdağ", "Şah bulaq", "Qusar bulaq", "Star Qusar", istirahət və sağ lamlıq mərkəzləri turistlərə qapılarını açmaqdadır. Qusar rayonu ekoloji turizm üçün geniş və əlverişli şəraitə malikdir. Bununla belə rayon da ekoloji xarakterli 3 turist marşrutu fəaliyyət göstərir. Rayon həm də ekstremal turizm üçün də əvəzedilməz yerdir, çünki burada çətin keçilən çaylar, sıldırımlı qayalar, dar kanyonlar vardır ki, bu da ekstremal turistləri özünə cəlb edir.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz