Əlaqə Arxiv
news Image
2013.06.08
09:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Muğanın abad mərkəzinə çevrilən Sabirabad

Məlum olduğu kimi hazırda Azərbaycan üçün prioritet məqamlardan biri ölkə iqtisadiyyatında qeyri-neft sektorunun daha sürətli inkişafına nail olmaq, innovativ texnologiyalar hesabına məcmu istehsal miqdarını artırmaqdır. Aparılan araşdırmalar bu sahədə ölkəmizin artıq mühüm nailiyyətlər əldə etdiyini göstərir və qeyd edilən istiqamətdə Azərbaycan regionlarının ümumi iqtisadi tərəqqiyə verdiyi töhfələr ildən-ilə çoxalır.

Bütün bunlar regionlarda da özünü qabarıq göstərən liberal bazar iqtisadiyyatının ölkəmizdə tam bərqərar olmasının real nəticəsi kimi çıxış edir. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatlarının həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bu gün ölkəmizin etibarlı dinamik tərəqqisi təmin olunub.

Özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında və ümumi daxili məhsulun istehsalında xüsusi çəkisi sürətlə yüksəlir. Sərbəst bazar münasibətlərinə əsaslanan sosial istiqamətli iqtisadi sistemin formalaşdırılması nəticəsində xalqın maddi rifahı yüksələn xətt üzrə inkişaf etməkdədir. Dayanıqlı və davamlı xarakterə malik iqtisadi yüksəliş ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması ilə də müşahidə olunur. Bütün bunlar ictimai tərəqqi prosesini sürətləndirməklə bərabər, siyasi, sosial-iqtisadi sabitliyi daha da möhkəmləndirir, dünya iqtisadiyyatına uğurla inteqrasiya edən Azərbaycanın yeni-yeni uğurlara imza atmasını şərtləndirir.

Danılmaz həqiqətdir ki, ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olub. Regionların iqtisadi inkişafına dair ilk proqramın uğurla başa çatmasından sonra qəbul olunmuş ikinci Dövlət Proqramının 2009-cu ildə icrasına başlanılması qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, bununla əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun azaldılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsinə, iqtisadiyyata investisiya qoyuluşunun artmasına mühüm təkan vermiş, bu istiqamətdə geniş imkanlar açıb. Bütün bunların uğurlu nümunəsinə Sabirabad rayonunun timsalında da rast gəlmək mümkündür. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası nəticəsində Sabirabad rayonunda əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində əsaslı işlər görülüb, bir sıra sosialyönümlü obyektlər tikilərək istifadəyə verilib, yeni yollar və körpülər tikilib, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib. Sabirabad rayonunun Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını Ümummilli Lider Heydər Əliyevin 15 dəfə bu rayona səfər etməsi də bir daha sübut edir. Ulu öndərin yolunu davam etdirən Prezident İlham Əliyev də son illərdə bir neçə dəfə bu rayona səfər edib. Sabirabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Sabirabad Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan cari ilin aprelində Prezident İlham Əliyevin müvafiq sərəcamı ilə bir milyon manat ayrılıb. Ümümiyyətlə rayonda böyük tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gündəlik qayğısı sayəsində Sabirabadın infrastukturu dinamik inkişaf etməkdədir.

Cari ilin ilk rübünün sosial-iqtisadi yekunları da burada dinamik tərəqqidən xəbər verir. Belə ki, ümumi məhsul buraxılışının həcmi artıb, sosial və iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala böyük həcmdə investisiya yönəldilib. Tikinti-quraşdırma işləri geniş vüsət almaqdadır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Sabirabad rayonunda orta məktəblər üçün yeni binaların inşası və ya onların əsaslı təmiri, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində işlər görülür.

Sabirabad rayonu respublikanın iri kənd təsərrüfatı rayonlarından biridir. Yaxın keçmişdə bu rayon pambıq və taxıl istehsalında qazandığı uğurlara görə respublikada şöhrət qazanıb. Sabirabad rayonunun iqlimi və torpaq şəraiti bu ərazilərdə demək olar ki, bütün növ kənd təsərrüfatı məhsulları yetişdirməyə imkan verir. Respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayan rayonda son dövrlərdə bostan-tərəvəz məhsulları istehsalına daha geniş yer ayrılır. Kənd təsərrüfatı əkinlərini yüksək reproduksiyalı toxumlarla təmin etmək üçün toxumçuluq təsərrüfatları yaradılıb.

Statistik məlumatlara əsasən Sabirabad rayonu respublikanın böyük heyvandarlıq rayonlarından biridir. Təsərrüfatlarda 110 mindən çox iri buynuzlu mal-qara saxlanılır. Maldarlığın inkişafı, mövcud malın cins tərkibinin yaxşılaşdırılması istiqamətində aparılan tədbirlərə görə rayon respublikada ilk yerlərdə dayanır. Rayonda konserv zavodu, pambıq emalı müəssisəsi, loqistik gübrə bazası, Aqroservis xidmət müəssisəsi, müasir tələblərə cavab verən bioloji laboratoriya fəaliyyət göstərir. Kənd təsərrüfatı texnikası ilə təminat ildən-ilə yaxşılaşır.

Son illər Sabirabad rayonunda istehsalat-təsərrüfat həyatının bütün sahələrində, o cümlədən poçt rabitəsi və kommunikasiyalar sahəsində davamlı, nəzərəçarpan uğurlar əldə olunur. "Azərpoçt" MMC-nin Sabirabad rayon filialı ölkəmizin qabaqcıl rabitə təşkilatlarından biri hesab olunur. MMC hazırda bir mərkəzi, iki şəhər, otuz beş kənd poçt şöbələri və səkkiz poçt agentliyi vasitəsilə əhaliyə çeşidli poçt xidmətləri göstərir. Məlumat üçün bildirək ki, ilbəil artan bu xidmətlərə əsasən poçt ödəniş nişanlarının satışı, pul baratlarının göndərilməsi, dövri mətbuatın abunəçilərə çatdırılması, bağlamaların qəbulu və çatdırılması, sürətli poçt xidmətlərinin göstərilməsi, şəhərlərarası telefon danışığı qəbzlərinin çatdırılması, elektrik enerjisi, təbii qaz və sudan istifadə haqlarının yığılması və sair daxildir. Bu ilin birinci rübünün proqnoz tapşırığı 103 faiz yerinə yetirilib. Hazırda rayonun mərkəzi və kənd poçt şöbələrində Ermənistan istisna olmaqla, bütün MDB ölkələrinə, Pribaltika respublikalarına, eləcə də İran, Türkiyə, Şərqi və Qərbi Avropa dövlətlərinə, həmçinin Amerika və Kanadaya, bir sözlə, dünyanın yaxın və uzaq bütün guşələrinə pul baratlarının göndərilməsi və qəbulu həyata keçirilir. Adı çəkilən ölkələrlə məktub, bağlama, banderol və sair poçt göndərişlərinin mübadiləsi də yerinə yetirilir.

Son dövrdə rayonda yeni xidmətlərin həyata keçirilməsi də uğurla təşkil olunub. Belə ki, rayonda hər bir fiziki və hüquqi şəxs poçt şöbələrində cari hesab və elektron imza nümunələri aça bilir, valyuta mübadiləsi həyata keçirə bilir. İndi hər hansı bir poçt məntəqəsində Dövlət Yol Polisi cərimələrini ödəmək, hətta Western Union beynəlxalq pul köçürmələri xidmətindən faydalanmaq da mümkündür.

Hər il rayonun böyük idarə və müəssisələri ilə poçt-rabitə xidmətinin göstərilməsi ilə bağlı müqavilələr bağlanır. 2013-cü ildə bütün növ poçt rabitəsi xidmətlərinin göstəriləməsi ilə əlaqədar Rayon Prokurorluğu, Statistika İdarəsi, Meşə Təsərrüfatı və Bərpaetmə Müəssisəsi, Mətbuatyayım şöbəsi, Qaz istismar sahəsi, Su-kanal idarəsi, "Kapital Bank" və sair müəssisə və təşkilatlarla yeni müqavilələr bağlanıb. Məlumdur ki, ölkəmizdə rabitə-kommunikasiyalar sistemi çox sürətlə inkişaf edir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edib. Azərbaycanın hər yerində olduğu kimi, Sabirabad rayonunda da kommunikasiya sistemində nəzərəçarpan uğurlar əldə olunmaqdadır. Burada qarşıya məqsəd qoyulub ki, hər bir kənd yüksək keyfiyyətli internetlə təmin olunsun. Mövcud kənd EATS-lərin (elektron-avtomat telefon stansiyaları - red) hamısının fibro-optik kabelə qoşulmasının təmin olunması istiqamətində müvafiq addımlar atılır. Belə ki, 2013-cü ilin birinci rübü ərzində 7 kilometr məsafədə mərkəzi EATS-dən Qaralar kəndindəki EATS istiqamətində FO-12 kabeli çəkilib. Bu kabelə rayonun Surra və Axısxa kimi böyük kəndlərini əhatə edən stansiyaların qoşulması nəzərdə tutulub.

Texniki istismarın səviyyəsinin yüksəldilməsi məqsədi ilə Bulaqlı, Qalaqayın EATS-nin akkumulyator batareyaları daha uzunmüddətli enerji təminatı yaradan qurğularla əvəz olunub. Belə ki, hər iki kənddə 200F:S yüksəkdaşıyıcı sıxlığa malik akkumulyator /OP2S batareyaları quraşdırılıb. Cavad və Əhmədabad kənd EATS-də yüksək sürətli İnternet portlarının sayı 24 və 48 ədəd artırılıb. Nizamikənd, Qalacayın, Qaratəpə, Bulaqlı, Şəhriyar və Ulacalı kənd EATS-nin daxili xətt şəbəkəsində təmir işləri aparılıb. Rayon mərkəzindəki "Muğan prospekti"ndə Bulaqlı istiqamətində 3 yerdə hava rabitə xətti ilə təşkil olunmuş kabellər yeraltı keçid vasitəsi ilə qoyulub. Şəhər telefon şəbəkəsində H.Həmidov, Füzuli küçələrində xətt şəbəkəsi və qurğuların texniki normaya gətirilməsi üçün müvafiq işlər aparılıb.

Bölgədə aparılmış arxeoloji tədqiqatlar nəticəsində rayonun Surra, Cavad, Abdulyan, Qaratəpə, Qaraqaşlı, Bulaqlı, Zəngənə, Qalaqayın kəndləri ərazisində e.ə.V-I, V-II və eramızın III əsrlərinə aid qədim yaşayış yerləri və nekropollar aşkar edilib. Bir vaxtlar mahal kimi tanınan Cavad kəndində isə orta əsrlərə aid yaşayış məskəni aşkar edilib. Bu rayonda turizmin inkişafı üçün əlverişli zəmin yaradır. Digər sahələrdə, o cümlədən, mədənqiyyət, səhiyyə sferasında dinamik tərəqqi yaşanır, əhalinin sosial-rifah halı yüksəlir.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz