Rayon özünü dinamik inkişaf dövrünü yaşayır və bu, bütün əsas makroiqtisadi göstəricilərdə, o cümlədən ümumi daxili məhsul buraxılışının həcminin artmasında da özünü aydın büruzə verir. Əsas kapitala yönəldilən investisiyaların həcmində də artım qeydə alınmaqdadır.
Hazırda Azərbaycanın əksər bölgələri kimi Şəmkir də abadlıq-quruculuq ünvanına çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət alması fonunda digər şəhər və rayonlarda olduğu kimi, Şəmkir də sürətlə inkişaf edir, şəhərdə yeni istehsal, emal və infrastruktur sahələri yaradılır. Rayonda geniş quruculuq və abadlıq işləri aparılır. Şəmkir şəhərində Heydər Əliyev Mərkəzinin yeni binasının, ətrafındakı 14.5 hektar sahəsi olan parkın, gənclər mərkəzinin, bayraq meydanının ətrafda olan 4.5 hektarlıq parkın, beş mərtəbəli mehmanxana binasının, Bakı Oksford məktəbinin uşaq bağçasının və abidələr parkının tikintisi də bunun real nümunələrindəndir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli binanın tikintisi əhaliyə yüksək qayğının daha bir təzahürüdür. Yeni, yaraşıqlı, hər bir şəraiti olan uca binaların sayı hər gün artır.
Şəmkirdə içməli su və kanalizasiya xəttinin çəkilməsi də məmnunluqla qarşılanır. Bu fonda Sərxan massivində ümumi su tutumu 9 min kubmetr olan 4 su anbarının tikintisi başa çatdırılıb. Bundan başqa, Şəmkirçay dəryaçasından gələn suyu qəbul etmək üçün Şəmkir şəhərində su tutumu 3 min kubmetr olan anbarın tikintisi qeyd olunan istiqamətdə mühüm nəticələrə yol açacaq.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanda həyata keçirilən ən böyük layihələrdən biri məhz Şəmkirçay dəryaçası ilə bağlıdır. Ümumi su tutumu 175 milyon kubmetr, bəndinin hündürlüyü 190 metr olacaq bu dəryaçanın tikintisi başa çatdıqdan sonra Şəmkir, Goranboy, Samux və Göy-göl rayonlarında 75 min hektar, o cümlədən Şəmkir rayonunda 41 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq. Dəryaçanın tikintisi zamanı qurulacaq 6 ədəd hidroturbin vasitəsilə 49 meqavat elektrik enerjisi istehsal olunacaqdır. Yollar da qaydaya salınır. Bundan başqa, şəhərin mərkəzində yaşayış evlərinin divarlarının müasir üslubda təmiri davam etdirilir. Küçələrdən keçən qaz xətlərinin yerin altına salınması kimi çox vacib bir iş də razılıqla qarşılanır.
Ötən ay isə Şəmkirin Kür qəsəbəsində və Mahmudlu kəndində yeni poçt binalarının açılışı olub. Şəmkir rayonunda mövcud olan poçt binalarının əksəriyyəti yenilənmiş, müasir avadanlıqla təchiz edilib. İstifadəyə verilən yeni poçt binaları rayonda inşa edilən sayca 27-cidir. Yaxın günlərdə daha 4 kənddə - Muxtariyyə, Qapanlı, Əliyaqublu və Dəllər Cəyir kəndlərində də yeni poçt binalarının inşasına başlanacaqdır.
Son bir neçə ildə Şəmkir rayonunda 62-dən artıq orta məktəb binası yenidən tikilib və əsaslı təmir olunub. Yeni tikilmiş 24 məktəbdən 6-sı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. Təkcə ötən il Abbaslı kəndində 480, Seyidlər və Qaralar kəndlərinin hər birində 180, Ceyrançöl kəndində 80, Düyərli kəndində 480 yerlik məktəb binaları inşa edilib, Günəşli kənd orta məktəbi isə əsaslı şəkildə təmir edilərək istifadəyə verilib.
Hazırda Sabirkənd kəndində 960, Zəyəm qəsəbəsində 480, Qasım İsmayılov və Seyfəli kəndlərinin hər birində 360 yerlik yeni məktəb binalarında inşaat işləri sürətlə davam etdirilir. Yaxın vaxtlarda isə Dağ Cəyir və Yeni Göyçə kəndlərində yeni məktəb binalarının tikintisinə başlanacaqdır.
Şəmkirdə yenilik, təşəbbüskarlıq, doğma torpağa bağlılıq hissi getdikcə daha çox müşahidə olunur. Bir vaxtlar bu yerləri tərk edib gedənlər indi geri qayıdır, ev-eşik qurur, istədikləri işin həyata keçirilməsinə nail olurlar. Şəmkirlilərin yetişdirdikləri bir sıra kənd təsərrüfatı məhsulları Moskvanın, Sankt Peterburqun, Rusiyanın digər şəhərlərinin bazarlarına çıxarılır. Əvvəlki illərə nisbətən bu il Şəmkirdə daha çox taxıl istehsal olunacağı gözlənilir. Keçən il 17 min 102 hektar sahədən 65 min 333 ton məhsul əldə edən fermerlər bu il əkin sahələrini 4 min 554 hektar artıraraq 21 min 656 hektara çatdırıblar. Keçən il hər hektardan 38,2 sentner məhsul götürən əkinçilər cari ildə bu rəqəmi 40 sentnerə çatdırmaq əzmindədirlər.
Respublikanın ən iri aqrar rayonlarından biri olan Şəmkirdə rayon üzrə 181 min 610 hektar torpaq sahəsi vardır. Bundan 59 min 504 hektarı dövlət mülkiyyətində, 73 min 377 hektarı bələdiyyə mülkiyyətində, 48 min 729 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır. Şəmkir rayonu əsasən üzümçülük rayonudur. İqtisadiyyatında heyvandarlıq, quşçuluq və baramaçılıq da mühüm yer tutur.
Şəmkir və ətraf rayonların təbii-iqlim şəraiti üzümçülüyün daha da inkişaf etdirilməsinə, bu sahədə istehsalın artırılmasına, əhalinin müxtəlif çeşidli, yüksək keyfiyyətli süfrə üzümünə, şərabçılıq və digər emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir. Bu isə öz növbəsində üzüm və şərabçılıq məhsullarının ixracının artırılmasına şərait yaradır. Rayon əhalisinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə tədbirlər davam etdirilir. Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təminatı məsələlərinin həlli istiqamətində müvafiq tədbirlər müsbət nəticələrini verir. Təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafına xüsusi diqqət yetirilir ki, bu da öz müsbət səmərəsini verir. Səhiyyə, mədəniyyət, idman inkişaf edir. Artıq ətraf rayonların da bir çox sakini Şəmkirə müalicə olunmağa gəlir. Çünki şərait, ixtisaslı həkimlər var.
Rayonun təbiəti və tarixi abidələri burada turizmin inkişafına münbit zəmin yaradır.
Şəmkir rayonu ərazisində IX-XI əsrlərə aid Şəmkir şəhər xarabalıqları, IX-XI əsrlərə aid Şəmkir körpüsü, Şəmkir qalası (Muxtariyyə kəndi), XI-XII əsrlərə aid Baydar şəhər xarabalıqları (Bayramlı kəndi), XI-XII əsrlərə aid Qız qalası (Seyfəli kəndi), XVI-XVII əsrlərə aid məscid (Abbaslı kəndi), XI əsrə aid Qız qalası (Tatarlı kəndi), XVI-XVII əsrlərə aid körpü (Təhnəli kəndi), XVII əsrə aid Divan bürcü (Yeni Həyat kəndi), XVI-XVII əsrlərə aid Koroğlu qalası (Şəmkir (şəhər)), dəmir dövrünə aid Qalaboynu qalacası (Atabəy kəndi), erkən orta əsrlərə aid Pir (Alman abidəsi) (Dağ-Daşbulaq), 1909-cu ildə tikilmiş Alman kilsəsi (Şəmkir (şəhər)), XI-XII əsrlərə aid oğuz qəbiristanlığı (Yeni Seyfəlikəndi), XVI-XVII əsrlərə aid körpü (Zəyəm çayı üzərində) mövcuddur. Şəmkir şəhərində 1975-ci ildə inşa edilmiş Qələbə kompleksi, Düyərli kəndində 1975-ci ildə tikilmiş məscid binası, Çinarlı qəsəbəsində 1980-ci ildə inşa edilmiş Qələbə kompleksi, Şəmkir şəhərində, şəhərin Sərxan hissəsində və Naxırçılar hissəsində 1990-cı ildə qoyulmuş "20 Yanvar" abidələri, 1991-ci ildə şəhərdə ucaldılmış Aşıq Hüseyn Şəmkirlinin heykəli, Əliağa Şıxlinskinin büstü, Keçili kəndində 1992-ci ildə tikilmiş məscid, Muxtariyyə kəndində 1993-cü ildə ucaldılmış Koroğlunun abidəsi, Azərbaycanın Milli Qəhrəmanı Zaur Sarıyevin büstü, Şəhidlər parkı, İrmaşlı kəndində 1998-ci ildə inşa edilmiş məscid, Şəmkir şəhərində 1998-ci ildə inşa edilmiş Heydər Əliyev bulağı, 2001-ci ildə qoyulmuş 31 mart soyqırım abidəsi və Qurtuluş bulağı, Əliyaqublu kəndində 1998-ci ildə tikilmiş məscid, Qapanlı kəndində 2001-ci ildə inşa edilmiş 31 mart soyqırım abidəsi, Dəllər-Cırdaxan kəndində 2001-ci ildə ucaldılmış Yəhyabəy Dilqəmin abidəsi, Çənlibeldə 1997-ci ildə ucaldılmış Aşıq Ələsgərin heykəli kimi memarlıq abidələri var.
Ötən il isə XIX əsrdən bizə miras qalan Şəmkirdəki Lüteran kilsəsinin yenidən təmir və bərpası həyata keçrilib. Bildirək ki, alman mədəniyyətinin Azərbaycanda yeganə incilərindən sayılan kilsə əsaslı təmirdən sonra muzey kimi fəaliyyət göstərir. Layihə çərçivəsində tarixi tikilinin dam örtüyü, tirləri, tavan hissəsi, pəncərələri, qapıları və daxili tərtibatı tamamilə yenilənib. Bundan başqa, kilsənin divar hissəsi binaya uyğunlaşdırılmış gülbəxt daşı ilə üzlənib. Lüteran Alman Kilsəsi Nazirlər Kabinetinin sərəncamı ilə qeydiyyata alınıb və tarixi bina dövlət tərəfindən qorunur.
Qeyd edək ki, Lüteran Alman Kilsəsi 32 il kilsə, daha sonra mədəniyyət və müəllimlər evi, eləcə də tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərib. Onu da bildirək ki, rayona gələn turistlərin rahatlığının təmin edilməsi üçün Şəmkirdə 63 otaqdan və SPA mərkəzindən ibarət "Shamkir City Hotel and SPA" otelinin tikintisi həyata keçirilib. Otel "Synergy Group" ASC-nin sifarişi ilə Şəmkir şəhərinin Mirzə Ələkbər Sabir küçəsi 75 ünvanında tikilib. Rayonda digər sahələr üzrə də dinaik tərəqqi qeydə alınmaqdadır.
Elşən BAYRAMOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.