Son 10 il ərzində Azərbaycan regionlarının digər sahələrlə yanaşı, sosial-iqtisadi sferada da sürətli inkişaf yolu keçməsi danılmaz həqiqətdir. Həyata keçrilən məqsədyönlü siyasət nəticəsində artıq regionlarda da inkişafın davamlı xarakter daşıması üçün möhkəm bazis yaradılıb. Bu fonda qarşıdakı dövr ərzində də Azərbaycan regionlarının sürətli inkişaf yolunda olacağı heç bir şübhə doğurmur.
Bu gün regionların sosial-iqtisadi inkişafı ilə bağlı müvafiq Dövlət Proqramı respublikamızın digər rayonlarında olduğu kimi, Gədəbəydə də uğurla həyata keçirilir. Dövlət Proqramına əsasən, Gədəbəy şəhərinin küçə və səkilərində tikinti-quruculuq işləri aparılıb, "Şəhidlər Xiyabanı", "Xatirə" kompleksi abadlaşdırılıb, Nərimankənddə yeni seysmoloji stansiya tikilib. 2011-ci ildə Gədəbəy şəhərində təməli ölkə Prezidenti İlham Əliyev tərəfindən qoyulmuş "Aşıqlar evi", gündəlik istehsal gücü 100 ton olan Zəhmətkənddə yerləşən "Mineral suları" fabrikində tikinti işləri başa çatdırılıb. Bununla yanaşı, rayonda sənaye sahəsi də sürətlə inkişaf etdirilir. Ümumiyyətlə, proqram çərçivəsində rayonda bütün sahələrdə dinamik inkişaf gedir. Rayon mərkəzində də aparılan tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb.
Qeyd edək ki, rayonda 2009-cu ildən etibarən qızıl emalı zavodu fəaliyyət göstərir. Bununla yanaşı gündəlik istehsal gücü 100 tondan çox olan Gədəbəy mineral suları zavodu və müxtəlif kiçik mineral su müəssisələri fəaliyyət göstərir. Eyni zamanda, yeni Mis zavodunun istifadəyə verilməsi, Gümüş zavodunun tikilməsi bir tərəfdən Gədəbəy rayonunda sənayeləşmə prosesinin getdikcə sürətləndiyini təsdiq edir, digər tərəfdən də rayonda sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin olduğunu sübut edir. Bu gün Gədəbəy rayonunda sahibkarlara verilən güzəştli kreditlər hesabına irimiqyaslı layihələr uğurla həyata keçirilir.
Yeri gəlmişkən qeyd edək ki, ötən ay İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Gədəbəy rayonunun Zəhmət kəndində keçirib. Tədbirdə 150-yə yaxın sahibkar iştirak edib. Tədbirdən əvvəl Gədəbəy rayonunun Slavyanka kəndində müasir soyuducu anbar kompleksinin, süd emalı zavodunun və kartof emalı müəssisəsinin fəaliyyətinə baxış keçirilib.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə ötən ay verilən kreditlər də daxil olmaqla Gədəbəy və ətraf rayonlarda fəaliyyət göstərən 42 sahibkara 3.8 milyon manat güzəştli kredit verilib. Bu kreditlər kənd təsərrüfatı məhsullarının emalına, heyvandarlıq və tərəvəzçiliyin inkişafına yönəldiləcək. Verilmiş kreditlər hesabına 260-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Rayonda xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biri də təhsil sahəsidir. Bu gün Gədəbəydə 90-a yaxın ümumtəhsil məktəbi fəaliyyət göstərir. Ötən ay isə Gədəbəyin ucqar yaşayış məntəqələrindən olan Qoşabulaq kəndində 180 yerlik yeni məktəb binası istifadəyə verilib. Son dövrlərdə rayondakı ümumtəhsil məktəblərinin 30-u yenidən tikilib, 40-da isə əsaslı təmir işləri aparılıb, 100-dən çox əlavə sinif otaqları tikilmiş və məktəblərin maddi-texniki bazası gücləndirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə 200 şagird yerlik 1 saylı Slavyanka kənd və 140 şagird yerlik Sarıhəsənli kənd tam orta məktəbləri tikilib istifadəyə verilib.
Kənd təsərrüfatı rayon iqtisadiyyatında mühüm yer tutur. Rayon kənd təsərrüfatı üzrə ixtisaslaşıb, əsasən kartofçuluq, heyvandarlıq, taxılçılıq və bağçılıq inkişaf edib. Gədəbəy rayonu respublikanın ən iri kartofçuluq rayonlarından biridir. Ölkənin ən iri kartofçuluq rayonunda hər il tonlarla kartof əkilir. Gədəbəyin özünə aid yerli sort deyilən kartof şirin ləzzətiylə digərlərindən seçilir. Gədəbəy rayonunda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən səhiyyə sahəsi də tam yenilənməsi də məmnunluqla qarşılanır. Hazırda rayonda 100 çarpayılıq Akademik Zərifə Əliyeva adına Mərkəzi Rayon Xəstəxanası, 25 çarpayılıq 9 kənd sahə xəstəxanası, 35 çarpayılıq uşaq xəstəxanası, 9 həkim ambulatoriyası, 49 feldşer-mama məntəqəsi, 19 həkim məntəqəsi və bir Gigiyena-Epidemiologiya Mərkəzi fəaliyyət göstərir. Hələ bir neçə il bundan əvvəl rayonda əhaliyə normal xidmət göstərə bləcək bir səhiyyə müəssisəsi belə olmadığı halda, bu gün onlarla ən müasir tələblərə cavab verən tibb müəssisəsi tikilərək əhalinin istifadəsinə verilib.
Şəhərin girəcəyindəki körpünün o biri başında orijinal üslubda böyük bir bazar kompleksi tikilir. Keçən ilin sentyabrında ölkə başçısının Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisi ilə bağlı dövlət başçısı tərəfindən müvafiq sərəncam verilib. 56 kilometr uzunluğu olan bu yoldan Gədəbəy əhalisinin az qala 70 faizi istifadə edir. İlkin olaraq ayrılmış 3 milyon vəsait hesabına 2012-ci ildə yolun 10 kilometri asfaltlaşdırılıb. Ötən ilin sonlarında yolun tikintisini davam etdirmək üçün respublika Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə qalan vəsait ayrılıb və bunun hesabına yolun daha 7,4 kilometri də asfaltlaşdırılıb. Proses davam etdirilir. Şəhərin su, kanalizasiya sistemini yaxşılaşdırmaq üçün xüsusi layihə hazırlanıb və yaxın vaxtlarda həyata keçirilməsi gözlənir. Arıxdam kəndində Çolpan çayı üzərində aşırımı 84 metr olan yeni körpünün tikintisi davam etdirilir. Rayonun girişində, Xarxar kəndi ərazisində yolun hər iki tərəfində istinad divarlarının tikilməsi və öz əzəmətinə, nəhəngliyinə görə Azərbaycanda ikinci olacaq bir körpünün tikintisi Gədəbəyin həyatında mühüm hadisə kimi dəyərləndirilir.
Şəhərdəki Heydər Əliyev parkının girişi yenidən inşa olunur, ətrafda geniş abadlıq, quruculuq işləri aparılır, yaşıllıqların, gül və çiçək kollarının sayı artırılır, səkilər düzəldilir. Ötən həftə park və onun ətrafında keçirilən ümumşəhər iməciliyində xeyli iş görülüb, ərazi daha cəlbedici olub. Bir qədər aralıda ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və köməyi ilə inşa olunan aşıq musiqi məktəbinin binası, onun qarşısında ucaldılan Aşıq Ələsgərin orijinal abidəsi diqqəti cəlb edir. Əks istiqamətdə, yolun o biri tərəfində rayon məhkəməsinin yenicə istifadəyə verilmiş binası görünür. Qeyd edək ki, indiyədək Gədəbəydə inzibati, ictimai çoxmərtəbəli binalar, demək olar ki, yox dərəcəsində olub. Amma indi onların sayı ilbəil artır. Özü də bu binalar öz orijinallığı, klassik memarlıq üslubu ilə seçilir.
Məlum olduğu kimi Gədəbəy həm də turizmin inkişaf etdirilməsi üçün çox münasib və əlverişli bölgələrimizdən biridir. Gədəbəydə istirahət üçün ən münasib vaxt yay ayları olduğundan turistlər rayona adətən dincəlməyə ilin bu fəslində gəlirlər. Bununla belə rayonun coğrafi mövqeyi həm də qış turizminin inkişafı üçün çox əlverişlidir. Son illər bu vacib sahənin inkişafına xüsusi diqqət yetirildiyinə görə burada istirahət mərkəzlərinin sayı xeyli artıb. Rayonda mövcud olan 109 tarixi-mədəniyyət abidələrindən biri dünya, ikisi respublika və 106-sı isə yerli əhəmiyyətlidir. Turistlər bu abidələrə böyük maraq göstərirlər.
Rayonda ərazisində məşhur "Qızılça" yasaqlığı və 4 təbii abidə - Qovdu, Gödəkdərə, Qamış və Şamlıq meşə massivləri var. Keçidərəsi yarğanında gözəl bir şəlalə, Keçi-keçi, Cərcə, Cüyür və Ayıbulaqları, eləcə də Çaldaş, Qızılca Narzan, Mor-mor mineral su bulaqları var. Rayonun dağlarında, meşə və dərələrində heyvanat və bitki aləmi çox zəngindir. Şəmkir çayında balıq tutmaq üçün yaxşı şərait var. Qalakənd kəndinin yaxınlığında balıqçılıq təsərrüfatı fəaliyyət göstərir. Gədəbəy rayonu ərazisindəki abidələr Azərbaycan tarixinə Gədəbəy - Xocalı mədəniyyəti adı ilə daxil olmuş mədəniyyətin tərkib hissələridir. Burada tunc dövrünün sonuna aid siklopik tikililər, Böyükqala qalası, Qalakənd qalası (XVI əsr), Qız qalası (Onu Namərd-qala da adlandırırlar, IX əsr), XIX əsrdə tikilmiş tağlı körpü var. "Gədəbəy dəfinələri" adı ilə məşhur olan, içərisində müxtəlif qiymətli əşyalar, gümüş sikkələr, ev müxəlləfatı, boyunbağılar və bəzək əşyaları olan qədim küplər tapılıb. XIX əsrin ortalarında Almaniyanın "Siemens" firması Gədəbəydə iki misəritmə zavodu tikmişdi. Gədəbəy mis mədənlərinə 50 il başçılıq edən almanlar burada onlarla körpü salıblar. Körpülərin salınma səbəbi dəmiryollarıyla birbaşa bağlıdır. Mis zavoduyla mədənlər arasında nəqliyyat əlaqəsi yaratmaq üçün 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmiryolu xətti çəkiblər. Ərazi dağlıq olduğundan bir çox yerdə, dərə və çay keçidlərində, uçqun və nahamar yerlərdə körpülər labüd idi. Onların hörülməsində işlədilən materiallar tamamilə yerli daşlardır. Bəzi yerlərdə qayaları yarmaq məcburiyyətində qalıblar. Çar Rusiyasında əridilən misin dörddə bir hissəsi bu zavodun payına düşürdü. Siemens qardaşları bu regionda aparılmış arxeoloci qazıntıların nəticələri əsasında "Qalakənd" adlı elmi əsər yazmışdılar. Rayonda xalq sənətlərində əl ilə tikmə, xalçaçılıq, ağac və metal üzərində oyma peşələri qorunub saxlanıb. Təbiət gözəllyi də turistlərin buraya daha çox üz tutmasını şərtləndirir. Digər sahələr üzrə də dinamik inkişaf qeydə alınır və bu da rayonu ən inkişaf etmiş bölgələr sırasına çıxarır.
Elşən BAYRAMOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.