Əlaqə Arxiv
news Image
2013.06.25
09:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Regionlara yüksək diqqət Göygölü abadlıq və quruculuq ünvanına çevirir

Sosial-iqtisadi sahədə tərəqqisi yüksək templərlə davam edən müasir Azərbaycan inkişafında mütəmadi olaraq yeni nailiyyətlərin müəllifi kimi də çıxış etməkdədir. Belə bir vəziyyət isə qarşıdakı dövr ərzində Azərbaycanın qət edəcəyi iqtisadi tərəqqi yolunun yenə möhtəşəm uğurlarla müşayiət olunacağını, ölkəmizin daha böyük nailiyyətlərə imza atacağını şərtləndirən əsas faktorlar sırasında yer alır.

O da məlumdur ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu inkişaf strategiyası hazırda onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdə, zamanın tələblərinə uyğun olaraq yeni çalarlarla daha da zəngin hala gətirilməkdədir. Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və ilk növbədə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan mühüm fərman və sərəncamlar ölkəmizdə müşahidə olunan iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməklə yanaşı, dünya miqyasında Azərbaycanın mövqelərini daha da möhkəmləndirməkdədir. Təqdirəlayiq haldır ki, mövcud inkişafda regionların payı da davamlı olaraq artır, rayonlar tərəqqinin əsas ünvnlarından biri kimi çıxış edir. Bunu füsunkar gözəlliyə malik Göygölün timsalında da görmək mümkündür.

Danılmaz həqiqətdir ki, Göygöl son illər respublikamızın ən surətli inkişaf edən şəhərlərindən birinə çevrilib. Son illərdə Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq-quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər buranın simasının daha da gözəlləşməsinə səbəb olub. Şəhərin mərkəzi küçələrində kompleks abadlıq işlərinin aparılması, binaların fasadlarına üzlük plitələr çəkilməsi, evlərin dam örtükləri dəyişdirilməsi sakinlər tərəfindən razılıqla qarşılanır. Göygöl Şəhər Mədəniyyət və İstirahət Parkı genişləndirilərək yenidən qurulması, Dövlət Bayrağı Meydanı və muzeyinin tikilməsi, ətrafında abadlıq işləri aparılması da görülən abadlıq-quruculuq işləri sırasınaddır. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış evi, Dövlət Sosial Müdafiə Fondunun və Milli Təhlükəsizlik Nazirliyinin Göygöl rayon şöbələri, Olimpiya İdman Kompleksi, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Uşaq Əyləncə Mərkəzi üçün binalar, "Göygöl Şərab" üçün spirt zavodunun inşası istiqamətində görülən işlər də böyük məmnunluqla qarşılanır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ayırdığı vəsait hesabına səkkiz min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Xaqani-Cümşüdlü-Haçaqaya avtomobil yoluna asfalt örtük salınıb, yolun mühafizə zolağına düşən elektrik və rabitə dayaqlarının yeri dəyişdirilib, yol kənarında olan görkəmsiz ticarət obyektləri əsaslı təmir olunub. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində çoxsaylı xidmət və istehsal obyekti istifadəyə verilib. Ümumiyyətlə, son 9 il ərzində rayonda 7500-ə qədər yeni iş yeri açılıb, bunun da böyük əksəriyyəti daimidir.

Ümumiyyətlə, respublikada əldə olunan nailiyyətlər Göygöl rayonunun sosial-iqtisadi inkişafına da öz müsbət təsirini göstərib. Son illər ərzində rayonda yeni iş yerləri açılıb, istehsal olunan məhsulun ümumi dəyəri xeyli artıb. Cari ildə tikinti-quruculuq, abadlıq işləri sürətlə davam etdirilib. Avtomobillərin hərəkəti yaxşılaşdırılıb, yolların asfaltlaşdırılması işi qeyd olunduğu kimi diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə şəhərin müxtəlif küçələrində abadlıq işləri aparılıb.

Azərbaycan Respublikasnın Prezidenti İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edən sahibkarlıq subyektlərinin yaradılmasına və fəaliyyətinə göstərilən diqqət və qayğı, kiçik və orta sahibkarlığın inkişafına əlverişli şərait yaradılması nəticəsində rayonda sahibkarların sayı davamlı şəkildə artır. İnsan amili, onların vacib sosial ehtiyaclarının daha dolğun ödənilməsi daim diqqət mərkəzində saxlanılır, elektrik, qaz, içməli su təminatının daha da yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir.

Göygöl rayonunun elektrik enerjisi ilə təminatının daha da möhkəmləndirilməsi istiqamətindəki tədbirlər cari ildə uğurla davam etdirilir. Cari ilin 4 ayında "Göygöl" Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsi üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 milyon kilovat-saata yaxın artaraq 30,7 milyon kilovat-saatdan çox olub. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faizə yaxın artıb. Daimi əhali istehlakçıları tərəfindən 8,7 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib. Göygöl şəhərinin və ətraf kəndlərin su sistemləri yenidən qurulur. Bu il Göygöldə daha 26 kəndin mavi yanacaqla təmin edilməsi ilə rayonun tam qazlaşdırılması başa çatdırılacaq. Artıq Topalhəsənli, Aşağı Zurnabad, Zurnabad, Kərəmli və Şəhriyar kəndlərinə, eləcə də Gəncə qəsəbəsinə qaz xətləri çəkilib. Kəlbəcərli məcburi köçkünlərin məskunlaşdıqları Murovdağ qəsəbəsinə isə qaz xəttinin çəkilişi başa çatdırılıb.

Rayonun su və kanalizasiya sisteminin yenidən qurulması üçün keçən il başlanan tikinti quraşdırma işləri cari ilin avqust ayında başa çatdırılacaq. Layihə çərçivəsində müxtəlif ölçülü 148 min metr su xətti və 192 min metr kanalizasiya xətti çəkilib. Hazırda hər birinin tutumu 2 min kubmetr olan 3 su anbarının inşasında tamamlanma işləri görülür. Rayonun müxtəlif ərazilərində 291 ədəd yanğına qarşı hidrant qurğuları quraşdırılıb. Çirkab suların axıdılması və təmizlənməsi üçün əlavə anbarların və təmizləyici qurğuların inşasına başlanılıb.

Rayonun əsas təsərrüfat fəaliyyətləri taxılçılıq, kartofçuluq, maldarlıq, qoyunçuluq, meyvəçilik, tərəvəzçilik, arıçılıq, quşçuluq və üzümçülük təşkil edir. Havaların əlverişli keçməsi Göygöl rayonunun əkin sahələrində yazlıq taxıl səpininin vaxtında başa çatdırılmasına imkan verib. Göygöldə taxılçılıqla 21 təsərrüfat məşğul olur. Onların 3-ü dövlət, 18-i özəl təsərrüfatlardır. Bu il rayonun taxılçıları keçən ilə nisbətən daha çox məhsul əldə etməyi qarşılarına məqsəd qoyublar. Bunun üçün onlara dövlət tərəfindən hər cür qayğı göstərilir. Rayonda fəaliyyət göstərən 712 fermerə ümumilikdə 211 min 603 manat yardım edilib.

Ümumtəhsil məktəblərinin tikintisinə və maddi-texniki bazasının müasir tələblərə uyğun möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir, müvafiq Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana-yeni məktəb" devizi altında son dövrlərdə 16 məktəb binası, 26 əlavə sinif otağı, 1 uşaq bağçası tikilib, 19 məktəb binası, 4 uşaq bağçası əsaslı təmir olunub. Ötən ildə Firuzabad qəsəbə, Zurnabad, Qızılca, Quşqara kənd tam orta məktəb binaları tikilərək istifadəyə verilib.

Məlum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramına əsasən Göygöl şəhəri "2013-cü il üçün Azərbaycanın sənətkarlıq paytaxtı" elan edilib. Proqram çərçivəsində İyun-sentyabr aylarında sənətkarların əl işlərindən ibarət yarmarkaların keçirilməsi planlaşdırılır. İl ərzində dekorativ-tətbiqi sənət əsərləri sərgilərinin mütəmadi təşkili nəzərdə tutulub. Göygöl Tarix-Diyarşünaslıq Muzeyində, mərkəzi kitabxanasında "Qədim el sənətkarları" mövzusunda sərgilər açılacaqdır.

Göygölə gələn qonaqların buranın mədəni irsi ilə tanışlığına şərait yaradılacaq, tarix və mədəniyyət abidələrinə, sənətkarların emalatxanalarına ekskursiyalar təşkil ediləcəkdir. Həmçinin mədəniyyət evlərində və klublarda təsviri sənət üzrə dərnəklərin yaradılması da planlaşdırılır. Xalçaçılarla məktəblilərin görüşü, şəhər stadionunda milli çövkən oyunları və digər tədbirlər il ərzində rayonun mədəni həyatının daha da canlanmasına səbəb olacaqdır.

Göygöl rayonu füsunkar təbiəti ilə yanaşı, tarix və mədəniyyət abidələri ilə də zəngindir. Rayon ərazisində XII, XIV, XVI və XIX əsrlərə aid 31 yerli əhəmiyyətli tarixi və memarlıq incəsənət abidələri mövcuddur, bunlardan 8-i kurqan, nekropol və açıq düşərgə, digərləri isə bina və körpülərdir. Xanlar şəhərində 1854-cü ildə tikilmiş "Lüteran" adlanan alman kilsəsi, XVI əsrə aid iki gözlü körpü, 1896-cı ildə tikilmiş üç gözlü körpü, XII əsrə aid Ağ körpü, XIX əsrdə almanlar tərəfindən tikilmiş 9 memarlıq incəsənət abidələri, Zurnabad kəndində XII əsrə aid Qala, keçmiş Sarıqaya kəndində XVI əsrə aid Türbə, Dozular kəndində XVI əsrə aid bir gözlü körpü, Topalhəsənli kəndində taixi məlum olmayan iki tağlı daş körpü, Şəhriyar kəndində 1674-cü ildə tikilmiş Qabriyel kilsəsi, Çaykənd kəndində taixi məlum olmayan Anahid məbədi və Müqəddəs Məryəm kilsəsi, Yeni-Zod kəndindən 300 m məsafədə Alban kilsəsi, 3 km məsafədə Alban məbədi, Üçbulaq və Balçılı kəndlərinin frazisində taixi məlum olmayan "Qız-qalası", Köşkü kəndində dəmir dövrünə aid kurqan var. uraya gələnlər şəhərin özündən yeddi əsr qədim tarixə malik olan körpüyə də tamaşa edə bilərlər. Rayon mərkəzindən 40 km məsafədə Göygöl qoruğu yerləşir. Şəhərə xas olan vurnuxmadan uzaq olan təbiəti, meşələrin gözəlliyi, quşların cəh-cəhi, gül-çiçəklərin ətri adamı heyran edir. Bunlar və gözəl təbiət turizmin inkişafı üçün müvafiq potensialın formalaşmasına səbəb olur. Rayonda digər sahələr üzrə də dinamik tərəqqi qeydə alınır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz