Əlaqə Arxiv
news Image
2013.06.28
09:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Abadlıq ünvanına çevrilən Oğuz özünün yüksəliş dövrünü yaşayır

Beynəlxalq miqyasda da birmənalı şəkildə qəbul olunmuş həqiqətdir ki, mövcud olduğu regionun lideri statusunu daşımaqda davam edən, onu hər ötən il qazandığı uğurlarla, nailiyyətlərlə daha da möhkəmlənən Azərbaycanın qarşıdakı dövr ərzində də inkişaf göstəricilərinə görə dünya biriniciləri sırasında yer alacağı ən müxtəlif nüfuzlu beynəlxalq təşkilatlar, araşdırma institutları tərəfindən bəyan edilməkdədir. Həmçinin o da xüsusi olaraq vurğulanır ki, Azərbaycanın həyata keçirdiyi milli inkişaf strategiyası təkcə bir sahə üzrə köklənməyərək kompleks xarakter daşıyır.

Bu səbəbdən ölkə təkcə iqtisadi və sosial həyatda yox, digər sahələrdə də möhtəşəm nailiyyətlərə imza atıb. Hazırda Azərbaycanın seçdiyi və irəlilədiyi inkişaf yolu qazanılmış uğurların davamını təmin etməklə yanaşı, onların miqyasını daha da genişləndirir, yeni nailiyyətlərin əldə olunmasını təmin edir. Bu nailiyyətlərin qazanılmasında isə ölkə regionlarının payı davamlı surətdə artır. Hazırda Azərbaycanın ümumi tərəqqisinə özünəməxsus töhfələr verən, həmçinin özünü sürətli inkişaf dövrünü yaşayan regionlarından biri də Oğuz rayonudur.

Son illərdə Oğuz rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq-quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər buranın simasının daha da gözəlləşməsinə səbəb olub. Ümumi daxili məhsul istehsalında illər üzrə artım qeydə alınır. Oğuz rayonunun zəngin və əlverişli iqlim şəraiti, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına imkan verir. Rayonun ənənəvi əkinçilik növlərindən biri taxılçılıqdır. Rayona gətirilmiş fosfor və azot gübrələri güzəştli qiymətlərlə taxıl istehsalçılarına çatdırılıb. Taxılçılığın inkişaf etdirilməsi üçün rayonda əlverişli iqlim şəraiti və emalın təşkili üçün un dəyirmanları var.

Qarğıdalı istehsalı ilə rayonun əhalisi uzun illərdir ki, məşğul olur. Əhalinin bu növ məhsul istehsalı ilə məşğul olmasına səbəb Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar rayonda yeni tikilib istifadəyə verilmiş Qlükoza zavodunun istifadəyə verilməsidir. Zavodun rayonda işə düşməsi qarğıdalı istehsalının artırılmasına imkan verib. Müəssisədə qarğıdalı emal olunaraq qlükoza və mal-qara üçün yem məhsulları istehsal olunur. Bu müəssisənin tikintisi rayonda istehsal olunmuş qarğıdalının realizasiyasında mövcud olan problemlərin aradan qalxmasına və heyvandarlığın inkişafına əlavə imkanlar yaradıb. Rayonda fındıq, alma, armud və sair meyvələr istehsal olunur. Bu növ məhsul üçün rayonda əlverişli bazar, eləcə də emal sexləri olması əhalinin fındıq istehsalının artırılması üçün əlaqədar tədbirlərin (fındıq bağlarının salınması, mövcud bağlara xidmət göstərilməsi və s.) həyata keçirilməsinə marağı artırır. Rayonda fəaliyyət göstərən Fındıq emalı zavodunda fındıqdan müxtəlif növ keyfiyyətli məhsullar hazırlanır. Rayonun iqlim şəraiti fermerlərə daha çox gəlir gətirən üzümçülüyün inkişafına imkan verir. Belə ki, 1980-cı illərdə kifayət qədər üzüm sahələrinə malik idi və üzüm istehsal edirdi. Sovetlər birliyinin süqutundan sonra üzümçülüyün inkişafı demək olar ki, rayonda dayanmışdı. Son illərdə Oğuzda üzümçülük sahəsi yenidən bərpa edilib. Xüsusilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar bu sahənin inkişafı da sürətlənib.

Hal-hazırda rayonda heyvandarlıq və quşçuluq da sürətlə inkişaf edir. Arıçılıq ənənəvi sahələrdən biridir. Rayonun təbii iqlim şəraiti, dağ meşələrində bitən cökə və şabalıd ağaclarından arıların bol nektar əldə etməsi arıçılığın inkişaf etməsi üçün əlverişli şərait yaradır.

Təhsil və səhiyyənin bazasının möhkəmləndirilməsi istiqamətində fəaliyyət davam edir. Əhalinin içməli su ilə təchizatını yaxşılaşdırmaq məqsədi ilə yeni su xətti çəkilişi davam edir. Şəhərdaxili küçələrdə su və kanalizasiya xətlərinin çəkilişi başa çatıb. Bu ilin martında rayonun Xaçmaz, Böyük Söyüdlü, Muxas, Kərimli, Bayan, Bucaq, Baş Daşağıl kəndlərinin hər birində yeni içməli su xətlərinin açılışı tədbirləri keçirilib. Uzun illərlə içməli su təchizatın yetərli olmaması səbəbindən əziyyət çəkən kənd əhalisi Regionların Sosial-iqtisadi İnkişafı (2009-2013-cü illər) Dövlət proqramının icrası çərçivəsində həyata keçirilmiş bu layihələr sayəsində yüksək keyfiyyətli içməli su ilə təmin olunur. Rayonun digər kəndlərində də içməli su xətlərinin yenilənməsi, yeni su xətlərinin çəkilişi işləri davam etdirilir.

Oğuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin birinci və ikinci mərhələsi üzrə tikinti-quraşdırma işləri əsasən başa çatıb. Layihə çərçivəsində çirkab kanalizasiya sularının təmizlənməsi üçün yeni təmizləyici qurğunun quraşdırılması da əsas proseslər sırasında yer alır. Bu məqsədlə Bayan kəndinin yaxınlığında 3,5 hektar ərazi ayrılıb. Oğuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 2010-cu ildə başlanılıb. Layihə çərçivəsində indiyədək su mənbəyində drenaj xətti qurulub, mənbədən baş suqəbuledici qurğular kompleksinə magistral boru xətti çəkilmiş, şəhərin yuxarı hissəsində hər birinin tutumu 1000 kubmetr olan 2 ədəd su anbarı, habelə xlorator laboratoriyası və mühafizə binası tikilib. İkinci mərhələdə şəhər daxilində 42,3 kilometr uzunluğunda içməli su, 60 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilib, 1066 ədəd baxış və 1013 ədəd səki quyuları tikilib, 600-ə yaxın su sayğacı quraşdırılıb. 1, 2 və 3 nömrəli su anbarları meydançalarında hər birinin tutumu 250 kubmetr olan 7 ədəd su hovuzunun tikintisi reallaşdırılıb. İstehsalat binalarında isə tamamlama işləri görülüb.

Bu ilin aprelində isə Dövlət Sosial Müdafiə Fondunun Oğuz rayon Şöbəsinin yeni binasının açılış mərasimi keçrilib. Aprelin 15-də Oğuz rayonunun Yaqublu kəndində Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı" çərçivəsində inşa edilmiş tibb məntəqəsinin istifadəyə verilməsi münasibətilə mərasim keçirilib. Yaponiya hökumətinin qrant yardımı ilə indiyədək Oğuz rayonunda kəndlərin su təchizatının yaxşılaşdırılması ilə bağlı bir layihə həyata keçirilib. Sözügedən yeni layihə üzrə isə 2012-ci ilin sentyabrında Yaponiya səfirliyi ilə "Sosial-iqtisadi inkişafa dəstək" qeyri-hökumət təşkilatı arasında qrant müqaviləsi imzalanıb. Səhiyyə sahəsi ilə bağlı olan bu layihənin başlıca məqsədi Yaqublu və ətraf kəndlərdə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaqdır. Layihədən iki min nəfərdən artıq insan faydalanacaqdır. Layihənin ümumi dəyəri 106 min 699 ABŞ dolları təşkil edir. Layihə üzrə işlər cəmi 5 ay müddətinə tamamlanıb.

Tibb məntəqəsi 9 otaqdan ibarətdir. Məntəqədə fəaliyyət göstərən stomatoloji kabinet zəruri tibb avadanlığı ilə də təchiz edilib. Bu ilin martında isə Oğuz rayonunun Qarabulaq kəndində tam orta məktəb üçün dövlət vəsaiti hesabına 160 şagird yerlik yeni binanın tikintisinə başlanılıb. Məktəb indiyədək uyğunlaşdırılmış binada fəaliyyət göstərib. Müasir standartlara uyğun inşa edilən ikimərtəbəli yeni binanın gələn il istifadəyə verilməsi nəzərdə tutulub.

Tezliklə rayonun Yaqublu kəndində də 180 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılacaqdır. Hazırda obyektin layihələndirilməsi işləri aparılır.Sincan kəndində tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşası da məmnunluqla qarşılanır. Bundan əlavə, Ərmənət və Qumlaq kəndlərində 180 və 360 şagird yerlik yeni məktəb binalarının, eləcə də Oğuz şəhərində 115 yerlik yeni uşaq bağçası üçün binanın tikintisi də hazırda sürətlə davam etdirilib. Bu obyektlərin cari ildə istifadəyə verilməsi planlaşdırılır.

Turizmin inkişafı üçün əlverişli potensial var. Oğuz rayonun təbiəti çox gözəldir: dağ çayları və vadilər, qaynar çeşmələr və şəlalələr, müalicəvi əhəmiyyətli kükürdlü bulaqlar, sərt qayalar var. Bu yerlərdə hələ neolit dövründən başlayaraq insan məskənləri olub. Rayonda çoxsaylı tarixi abidələr var: Oğuz şəhərindəki alban məbədini, Muxas kəndindəki IX əsrə aid üç mərtəbəli qüllə və s. Xaçmaz kəndində VII əsrə aid müdafiə təyinatlı Govur qalası ən mühüm tarixi abidələrdən sayılır. Rayon mərkəzindən 40 km məsafədə Qaradağ dağının zirvəsində yerləşən bu qüllə ayrıca su kəmərinin vasitəsilə içməli su ilə təchiz olunurdu. Rayon mərkəzindən 53 km aralıda, Filfilli kəndindən bir qədər kənarda Dağıstana gedən yolun kənarında yerləşən Surxayxan qalası (XVIII əsr), Qalaçay çayının şərq sahilində çay daşından ucaldılıb. Oğuz şəhərində sinaqoq (1849-cu il), Kərimli kəndində isə XV əsrə aid türbə yerləşir.Qədim abidələrin bir qismi hələ də istifadə üçün yararlı vəziyyətdədir. Bunlara misal olaraq XIX əsrdə Sarısu çayının üstündən salınmış Daşüz körpüsünü (rayon mərkəzindən 30 km məsafədə, Xaçmaz kəndinin yaxınlığında yerləşən bu körpüyə el arasında Hacı Rəşid körpüsü deyilir), Sincan kəndində XVIII əsrdə tikilmiş məscidi göstərmək olar.

Azərbaycanda hazırda fəaliyyət göstərən ən qədim məktəblərdən bir neçəsi 1883-1887-ci illərdə Padar, Xaçmaz kəndlərində və Oğuz şəhərində tikilib. Rayonda xalçaçılıq, metal və ağac üzərində oyma, zərgərlik kimi xalq sənəti ənənələri davam etdirilir. Filfilli kəndindəki yerli sənətkar qadınlar sifarişlə xalça, cemper, şarf və başqa məmulatlar toxuyurlar. Rayonda digər sahələr üzrə də dinamik inkişaf qeydə alınır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz