Əlaqə Arxiv
news Image
2013.07.03
09:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
İnkişafının intibah dövrünü yaşayan Şirvan

Dinamik inkişafı getdikcə daha sürətli xaratker alan müasir Azərbaycanın tərəqqi templəri kompleks mahiyyət daşımaqla ölkənin hər bir bölgəsində özünü qabarıq büruzə verir. Azərbaycanın indi ən ucqar regionlarının belə simasına nəzər salmaqla qeyd edilənlərin real təsdiqini görmək mümkündür. Bunun nəticəsidir ki, ölkəmizin indi hər bir guşəsində coşğun inkişaf yaşanır, tərəqqi səviyyəsi zamanın çağrışlarına adekvat xarakter daşıyır.

Yaşanan bu möhtəşəm inkişafın əsas ünvanlarından biri isə Şirvandır. Burada yüksək dinamik tərəqqini şərtləndirnə əsas səbəblərdən biri ölkənin digər bölgələri kimi Şirvana da Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərilməsidir. Bunun daha bir real təsdiqi o oldu ki, elə cari ilin iyulun 1-də dövlət başçısının verdiyi sərəncam oldu. Sərəncama əsasən, Şirvan şəhəri, Bayramlı və Hacıqəhrəmanlı qəsəbələri ərazisində otuz bir min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 23,2 kilometr olan şəhərdaxili və qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin iki milyon manatı Şirvan Şəhər İcra Hakimiyyətinə ayrılıb.

Şirvan şəhərəinə səfəri çərçivəsində isə dövlət başçısı çoxsaylı yeni obyektlərin açılışını edib. Bundan başqa Prezident İlham Əliyev iyulun 1-də Şirvan şəhərindəki Bayraq Meydanında yaradılan şəraitlə tanış olub. Azərbaycanın əksər bölgələrində olduğu kimi, Şirvanda da yeni yaradılmış Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bayraq Meydanı Heydər Əliyev prospektində, Şirvan şəhərinin giriş hissəsində yerləşir. Meydanın ümumi ərazisi 1,3 hektar, bayraq dirəyinin hündürlüyü 76 metrdir. Təbii mərmərlə üzlənmiş postamentin üzərində Azərbaycanın xəritəsi, dövlət himninin mətni və dövlət gerbi əks olunub. Meydan inşa olunarkən burada Azərbaycan memarlıq məktəbinin elementlərindən geniş istifadə edilib. Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıq zolağı salınıb. Burada 6 minə yaxın ağac, müxtəlif növ gül və bəzək kolları əkilib, beş min kvadratmetr sahədə çəmənlik salınıb, mərmər plitələr döşənib, müasir oturacaqlar qoyulub, işıqlandırma sistemi quraşdırılıb. Şirvan Bayraq Meydanında şəhər sakinlərinin istirahəti üçün hər cür şərait var.

Onu da qeyd edək ki, iyulun 1-də cənab İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin Şirvanda telemexanika zavodunun iriçaplı patronların istehsalı mərkəzinin açılışında da iştirak edib. Burada il ərzində üçnövbəli iş rejimində üç növdə 7 milyon patron istehsalı nəzərdə tutulub. Mərkəzdə quraşdırılmış 106 dəzgahın yarıdan çoxu Avropa ölkələrində hazırlanmış xüsusi texnoloji avadanlıqdır. Yeni istehsal sahəsində avtomatlaşdırılmış mexaniki emal, ştamplama, termokimyəvi emal, texniki nəzarət, pirotexniki və partlayıcı maddələrin preslənməsi sahələri, yığım xətləri və laboratoriya fəaliyyət göstərir. Burada 264 nəfər ixtisaslı mütəxəssisin işlə təmin olunması nəzərdə tutulub. İşçilərə xarici mütəxəssislər tərəfindən xüsusi təlimlər keçirilib. Dövlət başçısı Müdafiə Sənayesi Nazirliyinin "Üfüq" İstehsalat Birliyinin Şirvan "Araz" zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzinin açılışında da iştirak edib. Zavodda, həmçinin döyüş sursatlarının doldurulması mərkəzi də fəaliyyət göstərəcək. Burada müxtəlif çaplı artilleriya minaları presləmə, şnekləmə və aviabombalar əritmə üsulu ilə doldurulacaq. Minalar və aviabombalar partlayıcı maddələrlə doldurulduğu üçün mərkəz xüsusi təhlükəli istehsal sahələri kateqoriyasına aiddir. Polşanın "Yakuş" şirkəti ilə birlikdə yaradılan mərkəzin ümumi sahəsi 12 hektardır. Mərkəz xüsusiyyətlərinə görə bir-birindən təhlükəsiz məsafələrdə yerləşdirilmiş və mühafizə sipərləri ilə əhatə olunan 24 obyektdən ibarətdir. Buraya utilizasiya proseslərini həyata keçirmək üçün modul tipli 20 konteyner, transformator yarımstansiyası, müxtəlif növ partlayıcı maddələr və utilizasiya məmulatları saxlanılan anbarlar, zərərsizləşdirmə kamerası, kompressor binası, döyüş sursatlarının texniki vəziyyətinin qiymətləndirilməsi sahəsi və s. daxildir.

İyulun 1-də Şirvan Olimpiya İdman Kompleksinin açılışı da olub. Bu kompleksin təməli Prezident İlham Əliyevin 2010-cu ilin aprelində Şirvana səfəri zamanı qoyulub. Ümumi sahəsi 4,5 hektar olan Olimpiya İdman Kompleksinin həyətində geniş abadlıq-quruculuq işləri görülüb. Burada idmanın bir çox növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Şirvan Olimpiya İdman Kompleksində 20 otaqdan ibarət 44 yerlik müasir mehmanxana da fəaliyyət göstərəcək. Burada qonaqların və idmançıların qalması, istirahəti üçün hər cür şərait yaradılmışdır. Kompleksdəki yeməkxana da müasir səviyyədədir. Kompleksdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı və inzibati otaqlar mövcuddur. Burada müasir idman qurğuları ilə təchiz edilmiş trenajor, cüdo, güləş, boks zalları, sauna və bilyard otağı da fəaliyyət göstərəcək. Bu müasir kompleksin idman zalında 980 tamaşaçı yeri var. Zalda idmançılar mini futbol, voleybol və basketbol ilə məşğul olacaqlar. Burada istər yerli, istərsə də beynəlxalq əhəmiyyətli idman tədbirləri keçirmək mümkün olacaq. Kompleksin ümumi uzunluğu 50 metr olan üzgüçülük hovuzu da müasir səviyyədə yaradılıb. İdman qurğusunun həyətində 1020 yerlik futbol stadionu, mini futbol, basketbol meydançası inşa edilib.

Prezident İlham Əliyev iyulun 1-də Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsi mərasimində də iştirak edib. Şirvan şəhərinə içməli su 1952-ci ildə tikilmiş sutəmizləyici qurğudan verilir. Bu sistemin istismar müddəti çoxdan başa çatmışdı. Şəhər əhalisinin bir hissəsi Kür çayının qismən təmizlənmiş suyu ilə günaşırı olmaqla 12 saatlıq rejimlə təchiz edilir. Mövcud sutəmizləyici qurğunun məhsuldarlığı yeni salınan yaşayış massivini su ilə təchiz etməyə imkan vermir. Artan tələbatı ödəmək üçün yeni mənbə kimi Şirvan-Muğan qrup kəməri seçilib. Rəsmi statistikaya əsasən, hazırda Şirvan şəhərinin əhalisinin sayı 79 min nəfərdir və onların 50 faizə yaxını mərkəzləşdirilmiş içməli su şəbəkəsi ilə təmin olunub. Qalan əhali isə öz tələbatını fərdi qaydada ödəyir. Şirvan şəhərinin mərkəzləşdirilmiş içməli su şəbəkəsinin uzunluğu 66, kanalizasiya şəbəkəsinin uzunluğu isə cəmi 22 kilometrdir. Şəhərdə çirkab sutəmizləyici qurğu yoxdur və tullantı suları təmizlənmədən Baş Şirvan kollektoruna axıdılır. Şirvan-Muğan qrup su kəmərinin bir hissəsinin istismara verilməsi ilə Şirvan şəhərinin içməli sudan əziyyət çəkən Yeni Yaşayış Massivinin problemi həllini tapacaq. Yeni Yaşayış Massivini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün magistral kəmər çəkilib və daxili şəbəkənin qurulmasına başlanıb. Qısa müddətdə iki kilometrdən artıq magistral xəttin inşası, həmçinin 60 kilometr uzunluğunda şəbəkənin 35 kilometrlik hissəsinin tikintisi tamamlanıb. İşlərin ilkin nəticəsi olaraq artıq 15 mindən çox sakin Şirvan-Muğan qrup kəməri vasitəsilə 24 saat su ilə təchiz olunur. Daxili şəbəkənin qurulması başa çatdıqdan sonra bu layihədən faydalananların sayı 35 min nəfərə çatacaqdır. Layihəyə uyğun olaraq Yeni Yaşayış Massivində abonentlər əvvəlcədən ödənişli smart tipli sayğaclarla da təmin olunacaqlar.

Qeyd olundu ki, Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının ilkin layihəsi hazırdır. Layihənin Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nə uyğun olaraq reallaşdırılması nəzərdə tutulub. Onu da qeyd edək ki, dövlət başçısı Şirvana səfəri çərçivəsində "Cənub" Elektrik Stansiyasının açılışında iştirak edib.

Qeyd edək ki, son illərdə Azərbaycanda elektroenergetika sisteminin inkişafı ilə bağlı mühüm tədbirlər icra olunmuşdur. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə energetikanın maddi-texniki bazası möhkəmləndirilib, xeyli sayda modul tipli elektrik stansiyaları istifadəyə verilib. Bununla da əhalinin elektrik enerjisi ilə təmin olunmasında ciddi nailiyyətlər qazanılıb.

Bütün bunlarla yanaşı, indi mövcud elektrik stansiyalarının modernləşdirilməsi prosesi vüsət alıb. 2007-ci il dekabrın 24-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan "Cənub" Elektrik Stansiyasında həyata keçirilən işlər də bunun bariz nümunəsidir. Bütün tikinti-quraşdırma və sazlama işləri respublikada ilk dəfə olaraq layihənin baş podratçısı yerli "Azenco" şirkəti tərəfindən həyata keçirilib. Stansiyanın ümumi ərazisi 20 hektardır. Tikintisində 800 nəfərin çalışdığı elektrik stansiyası fəaliyyətə başladıqdan sonra burada 215 nəfər daimi işlə təmin ediləcəkdir. Ərazidə olan köhnə yaşayış yerlərinin əvəzinə beşmərtəbəli 60 mənzilli bina, ikimərtəbəli mehmanxana, üçmərtəbəli qonaq evi, 14 fin evi və yeməkxana tikilib. Stansiyanın ərazisində yaşıllaşdırma işləri aparılıb, 30 min ağac, 60 mindən çox müxtəlif gül kolu əkilib. Ərazidə 61 min kvadratmetr sahədə beton yol salınıb. Hazırda əhalinin tələbatı nəzərə alınaraq ötürücü və paylayıcı şəbəkələrin genişləndirilməsi istiqamətində atılan addımlara, bu məsələdə ekoloji təhlükəsizliyin diqqət mərkəzində saxlanmasına xüsusi əhəmiyyət verilir. Bu prinsip "Cənub" Elektrik Stansiyasının fəaliyyətində də başlıca meyara çevrilib. Bu mühüm amili şərtləndirən digər məsələ indi Azərbaycanda bərpa olunan və alternativ enerji mənbələrinin yaradılmasına xüsusi diqqətin göstərilməsidir. Bununla bağlı artıq konkret tədbirlər həyata keçirilir və bu da ölkəmizin elektroenergetika infrastrukturunun daha da möhkəmləndirilməsinə xidmət edir. "Cənub" Elektrik Stansiyası isə böyük regional infrastruktur layihəsi olmaqla ölkəmizin enerji təhlükəsizliyinə mühüm töhfə verəcəkdir. Ölkənin cənub bölgəsində 50 il əvvəl istismara verilmiş "Şirvan" Elektrik Stansiyası istismar müddətini iki dəfə başa vurduğuna görə Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncamla Şirvan şəhərində "Cənub" Elektrik Stansiyası inşa edilib. Stansiyanın gücü 780 meqavatdır. Digər sahələr üzrə də dinamik tərəqqi qeydə alınır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz